Qonağımız Quzey və Güney Azərbaycanın tanınmış tarzəni, xalq
artisti Möhlət Müslümovdur. Sənətkarın həyatında ötüb keçən, lakin unudulmayan
məqamları onun öz dilindən təqdim edirik.
- Həyat doğrudan da
çox qəribədir. Əvvəlimizlə axırımızın necə olacağından xəbərsiz şəkildə,
qismətimizə yazılan ömür yolunu addımlayırıq. Ta yolun sonuna qədər, harda
qırıla-qırıla... Mənim ömür yolum hamar olmayıb. Ayağım yer tutmağa
başlayandan, gəzməyi öyrəndiyim vaxtdan qarşıma daş-kəsək çıxıb.
Kimin ağlına
gələrdi ki, uşaq vaxtı qoyun-quzu otaran bir oğlan illər sonra çoxlarının
tanıdığı bir sənətçi olacaq?! Hə, mənim sənət yolum bax o örüşdən başladı...
Tar çalmağı qoyun-quzu qırağında öyrənmişəm
Biz dədə-baba
tərəkəməyik. Mənim babam da, babamın atası da tərəkəmə olub, heyvandarlıqla
məşğul olmuşuq. İndinin özündə də əmim heyvan saxlayır. Bakıdan 40 kilometr
uzaqlıqda, Şamaxı yolunun üzərində bir Çay kəndi var. O, bizim ata-baba
kəndimizdir. O kəndin əhalisi də deyilənə görə, Xalxaldan, Cənubi Azərbaycandan
gəlmədirlər. Sonradan atam Biləcəriyə köçüb.
Anamın atası isə
Qumda, Nəcəfdə 25 il ruhani təhsili alıb. 10 yaşında təhsil arxasınca Qobudan
çıxıb, bir də 35 yaşında qayıdıb. Uzun illər Göy məscidin axundu olub. Yəni,
mən və bacım bu cür halal, zəhmətkeş bir ailədə böyümüşük. Atam fəhlə olub,
bizi alın təriylə dolandırıb. Qəssablıq da edib.
Həm bu işdə, həm də
qoyun-quzu otarmaqda atama kömək etmişəm. Uşaqlığım qoyun-quzu qırağında keçib.
Tar çalmağı da qoyun-quzu otara-otara öyrənmişəm. Anam evdar qadın olsa da,
əruz vəznində ən qəliz qəzəlləri mənə təhlil edirdi. Atam isə muğamları
tanıyırdı. Həmişə danışırdı ki, “2 yaşın vardı, tavanı mənə verirdin, “oxu”
deyə bilmirdin, deyirdin “oxa”. O qədər ağlayırdın ki, axırı nəsə quraşdırıb
oxuyurdum. Sənin də elə xoşuna gəlirdi”.
Atam ömrü boyu
özünə tar almaq istəyib. Amma imkansızlıq ucbatından bu arzusunu həyata keçirə
bilməyib. Tarı mənə məhz atam sevdirdi. Mən onun bu ölmüş arzusuna can
verdim...
Tarla ilk
tanışlığım da yadımdadı, cəmi 5 yaşım vardı. Bir qohumumuzun evində
gördüm. Təsadüfən əlim tara dəydi. İstədim götürüm, dedilər olmaz, gücün
çatmaz. O aləti əlimə almaq istəyisə ürəyimdə qaldı.
Bu arzuma düz 5 il
sonra çatdım. O vaxta qədər isə başımı nağarayla qatdım. Mənə bir nağara
aldılar. Tardan fərqli, nağara güc tələb eləmirdi. Ayağımın arasına qoyub
çalırdım.
O ləkə
köynəyimdən də təmizlənmədi, xatirəmdən də silinmədi
Sonra məktəb illəri
başladı. Bir hadisəni hələ də unuda bilmirəm. Birinci sinifdə oxuyurdum. O vaxt
indiki qələmlərdən yox idi. Peronu mürəkkəbə batırıb yazırdıq. Mürəkkəbi
özümüzlə məktəbə aparırdıq, dərsdən sonra da qaytarıb evə gətirirdik.
Necə oldusa,
təsadüfən mürəkkəbi köynəyimə dağıtdım. O qədər ağladım... Elə bildim evdə
ana-atam buna görə məni döyəcək, ya danlayacaq. Amma heç nə eləmədilər. Anam o
ağ məktəbli köynəyimi yuyub təmizlədi. Birinci sinfi qurtarana qədər köynəkdən
o mürəkkəbin ləkəsi getmədi.
O ləkə köynəyimdən
təmizlənmədiyi kimi, xatirəmdən də silinib getmədi. Həmin gün axıtdığım göz
yaşlarını, keçirdiyim həyəcanı ömrüm boyu unuda bilmədim. Ötüb keçsə də...
Bəlkə də bu ondan
irəli gəlir ki, biz çox kasıb ailəydik. Maddi çətinliyimiz vardı. Məhz o
pulsuzluq ucbatından atam özünə arzusunda olduğu tarı ala bilməmişdi. Mənə də
tarı o səbəbdən gec aldılar. Amma aldılar...
Yəqin heç bir çətinliyə
baxmayaraq atam mənim də taleyimin özününkünə bənzəməsini istəmədi. Onda 10
yaşım vardı. 18 nömrəli musiqi məktəbinin birinci sinfinə gedirdim. İkinci
tarımı isə 14 yaşımda aldım. Amma bu, çox kədərli bir hadisədir.
50 ildən çox vaxt
keçib, amma bu gün də xatırlayanda gözlərim dolur. Böyük zülmlə, çətinliklə
atam mənə tar aldı. Özüm də onunla getmişdim. Adını unutduğum bir kişidən
aldıq. Balaca tardan böyük idi bir az. Professional tara yaxındı. O an necə
sevinirdim...
Sevinə-sevinə
maşından düşüb tarı əlimə götürdüm ki, evə gətirim. Maşından düşməyimlə
yıxılmağım bir göz qırpımında baş verdi. Yıxıldım və sevinərək aldığım ilk
böyük tarım iki bölündü. Tarla bərabər arzularım, xəyallarım da çilik-çilik
oldu...
Yazıq atam o tarı
düzəltdirib aldığı adama qaytardı, pulunu da üstündə. Pulun yox vaxtında kişini
ikiqat xərcə saldım. Bircə ona sevinirəm ki, atamın o zəhmətini puç eləmədim,
arzusunu ürəyində qoymadım...
Pencəyimə
o qədər yağış dəymişdi ki, qolları qısalmışdı
Musiqi məktəbini
bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Bax, o
illərdə ailəmizin maddi baxımdan necə çətinlik çəkdiyinin fərqinə daha çox
vardım. Tələbəlik illərim çox ağır keçdi, hər baxımdan.
Gündə 8 saat tarla
məşğul olurdum. Atama da kömək edirdim, evin ağır işlərini görürdüm.
Gecə-gündüz yatmırdım. Gecə saat 12-yə qədər oturub tar çalırdım, axtardığımı
tapa bilməyib yatırdım. O qədər fikirli yatırdım ki, axtardığımı yuxuda görüb
ayılırdım. Ayağa qalxıb təzədən tar çalırdım ki, birdən səhər unudaram.
Anam yazıq da
deyirdi “bu uşaq dəli olub deyəsən”. Həmin illər həyatımın ən çətin illəriydi.
Amma mən bunu çəkinmədən, utanmadan yada salıram. Keçmişini unutmaq nadanlıqdı.
Mən həmişə öz tələbə yoldaşlarımdan seçilmişəm.
Tələbə vardı ki,
imkanlı idi, bahalı yerlərdə çörək yeyirdi. Mənim pulumsa yalnız avtobus
biletini almağa yetirdi. Pulum qalsaydı, ən çoxu bir bulka alıb yeyərdim.
Geyimdə də o biri uşaqlardan seçilirdim. Qışda geyinməyə paltom olmadığından
dərsə pencəklə gedib-gəlirdim. Hətta pencəyimə o qədər yağış dəymişdi ki,
qolları qısalmışdı.
Həmin il güclü
soyuqdəymədən kor bağırsağım şişdi, əməliyyat olundum... Mən o tələbə
yoldaşlarıma heç vaxt həsəd aparmırdım. Həvəsdən də düşmürdüm, daha artıq öz
üzərimdə çalışırdım.
İxtisası və
ədəbiyyatı yaxşı oxuyurdum, amma riyaziyyatı, həndəsini sevmirdim, marağım yox
idi. Müəllimləri də incidirdim. Hətta mənə “iki” yazıb texnikumdan çıxarmaq
istəyirdilər.
Əlini
stolun üstünə vurub dedi, ay vicdansızlar...
Hərbi xidməti başa
vurmağa bir neçə ay qalmış Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına (indiki Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası – X.M.)
hazırlaşmağa başladım. Onda da xeyli zülm çəkdim. Gecələr yatmırdım,
nəzəriyyəni öyrənirdim. Onda konservatoriyaya qəbul olunmaq üçün 9 imtahan
verirdin.
6 imtahandan “əla”
qiymət aldım. 7-cisi SSRİ tarixi imtahanından məni kəsdilər. O an nə hisslər
keçirdiyimi, nələr yaşadığımı dilə gətirə bilmirəm. Elə bir vəziyyətə düşdüm
ki, tamamilə həyatdan küsdüm. Bütün günü kədərli gəzirdim, heç kim, heç nə
ürəyimi açmırdı. Tarı, sənəti atmaq, başqa sənətə getmək istəyirdim.
Sonra dostum
rəhmətlik Həsənağa Qurbanov atasına dedi, yığışıb məni danladılar ki, oxuyub
qəbul olunmalısan. Həmin il də qəzetdə qərar çıxdı ki, ixtisasdan “5” alan tələbəyə digər
imtahanlardan güzəşt olacaq. Qəbula düz 20 gün qalmış həvəslənib yenidən
imtahanlara hazırlaşdım.
İmtahan götürənlər
arasında rəhmətlik Səid Rüstəmov da vardı. Soruşdu, a bala, bu vaxta
qədər hardaydın?. Dedim, keçən il gəlmişdim 7-ci imtahanda məni kəsdilər. Əlini
stolun üstünə vurub dedi, ay vicdansızlar... O imtahandan “5” aldım. O biri imtahanlarda da
Səid Rüstəmov şəxsən gəlib dayandı müəllimlərin başının üstündə.
Ondan sonra
çətinlikləri geridə qoya-qoya irəliləməyə başladım. İşlədim, məni tanıdılar,
maddi imkan düzəldi. Ailəyə də kömək etdim. Çox çətinliklər görmüşəm, çox...
Dayısız, əmisiz, heç nəsiz, nə etmişəmsə, yalnız öz gücümə etmişəm.
Sevməyə vaxtım
olmadı. Konservatoriyada oxuduğum illərdə ata-baba ənənəsi ilə məni
evləndiriblər. Yoldaşım da qonşumuz idi. Hazırda üç uşağım, yeddi nəvəm var. 45
yaşım tamam deyildi, artıq baba olmuşdum. Böyük nəvəmin 13 yaşı var, kiçiyi isə
iki aylıqdır. Şükür, bu gün hər şeyim var.
Ömür, sənət yolumun
əvvəlində çəkdiyim əziyyətlər, zülmlər hədər getmədi. Xalqın sevgisini
qazandım. Bu gün prezidentin fərdi təqaüdçüsüyəm, Heydər Əliyev Fondunun
təqaüdünü alıram, prezident mənə ev verib, xalq artisti, Milli
Konservatoriyanın dosenti, AzTV-nin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri
Ansamblının bədii rəhbəri, Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün
solistiyəm. Bunları qram-qram əldə etmişəm...
Elə bilməsinlər ki,
professional sənətdəsənsə, vəssalam, deməli, hər şey yağ kimi gedir. Elə deyil.
Bizim də çətinə düşdüyümüz vaxtlar olub, başımıza elə işlər gəlib ki...
Səhnədə xaric
oxuyan da olub, sözü yadından çıxardan da. Adını çəkməyəcəm, çala-çala görürəm
ki, deton oxuyur. O qədər həyəcanlıdır ki, işarə edirəm başa düşmür. Yalnız
mahnının axırına yaxın nə demək istədiyimi anlayıb, onda da artıq gec
olub.
Bəzən mahnının
sözləri kiminsə yadından çıxır, ifasını eləcə başa vurur. Bunların hamısı
həyəcandandı. Bu olmalıdır, təbii. Həyəcan məsuliyyət deməkdir. Məndə də olur,
2-3 dəqiqədən sonra keçir. Amma elə sənətçi var heç 2 saat da həyəcandan
qurtula bilmir. Həyəcandan söz düşmüşkən, bir hadisə danışım.
Dünyanın üç böyük
salonundan biri Amsterdamda yerləşir. 1995-ci ildə o salonda Fərəc Qarayevin
“Muğam surə” əsərini ifa edirdim. Özü də oranın orkestrinin müşayiəti ilə.
Gündüz məşqə getdim. Boş zalda həyəcan məni necə tutdusa, bilmədim neyləyim.
Dedilər, burada çıxış edən ikinci azərbaycanlısız, birinci Alim Qasımov çıxış
edib. Bu söz məni lap həyəcanlandırdı.
Axşam konsert
başladı. Səhnəyə çıxdım. Zalda əyləşən tamaşaçıları görəndə elə bildim hamısı
üstümə gəlir. Hardasa 5 dəqiqə əllərim titrəyə-titrəyə çaldım. Sonra keçib
getdi. İfa qurtarandan sonra dörd dəfə məni alqışlarla geri çağırdılar.
Heydər
Əliyev gülümsənərək Doğramacıya işarə etdi...
Opera və Balet
Teatrında mərhum Heydər Əliyevin göstərişi ilə İhsan Doğramacının 80 illik
yubileyinə həsr olunmuş gecə keçirilirdi. Tədbir AzTV ilə canlı yayımlanırdı.
Orda üç xanəndəni – Səkinə İsmayılovanı, Arif Babayevi və Canəli Əkbərovu mən
müşayiət etməliydim.
Onu da deyim ki,
tar insandan da həssasdı. Bir balaca nəmişlik olan kimi “burnunda danışır”,
simləri korlanır. Gördüm ora nəmişlikdi. Vaxt da az olduğundan hazırlaşa
bilmədik. Bir də gördük bizi elan edirlər. Yadımda deyil bu üç xanəndədən hansı
birinci oxudu. Səhnəyə çıxıb yerimizi tutduq. Çaldığım heç bir dəqiqə deyildi,
tarın ağ simlərinin ikisi də qırılıb sallandı yerə.
Təsəvvür edin nə
vəziyyətə qalmışam. O anda ya Allah sənə kömək etməlidi, ya da gərək bir az
ustalığın olsun. Az qaldı ürəyim partlaya. Avtomatik fikirləşdim hansı simlərdə
çalım ki, vəziyyətdən çıxa bilim, ifanı yekunlaşdırım.
Gördüm Heydər
Əliyev gülümsənərək Doğramacıya işarə edir ki, simi qırılıb, amma çalır. O
işarə məni vəziyyətdən çıxardı. Necə çaldım, necə qurtardım bilmədim. Hətta
zalda əyləşən bəzi sənətçilərdən soruşdum, onlar simlərin qırıldığının fərqinə
də varmamışdılar...
Çox qəribədi, tarın aparıcı simləri ağ simlərdi. İfa zamanı onlar
çox işlənir. Amma nədənsə el içində “ürəyimin sarı siminə toxundu” fikri
işlənir. Mən bu barədə çox fikirləşdim, axırı tapdım. Sarı sim tarın simləri
içində ən yumşaq, ən zərif, ən şirin simdi.
Yəqin ona görə bu
söz yaranıb. Məsələn, elə mahnı var sarı simdə çalmışam, çox şirin alınıb. Amma
onu ağ simdə çalsam, heç elə alınmaz.
İfanın
ortasında başımı tarın üstünə qoyub ağladım
Unutmadığım ifam
isə... Dünyada nə qədər müsəlman dövləti varsa, hamısında muğam oxunur. Mənim
üçün Azərbaycan muğamı hamısından üstündü. Xüsusən də “Segah”ı çox
sevirəm.
“Segah” çalanda
ağlamışam da, ağlatmışam da... Bir dəfə Ərdəbildə keçirilən müsabiqələrin
birinə münsif kimi dəvət olunmuşdum. Orada müsahibəmdə dediyim “Ərdəbilə
bir “Segah” borcluyam” sözümü yada salıb çalmağımı istədilər. Söz verdim ki,
sabahkı konsertdə bir “Segah” çalacam.
Fikirləşdim ki, uzağı
10 dəqiqə ifa edərəm. Çıxdım səhnəyə. Heç 3 dəqiqə keçməmiş bir də gördüm zalda
hönkürürlər. Mənə elə təsir etdi. Gözümün qarşısına anam, atam gəldi. Elə
bildim bütün doğmalarımın ruhu o zaldadı. Özümdən necə getdimsə, bir də ayıdım
ki, artıq 26 dəqiqədir çalıram. Özü də ağlaya-ağlaya. Tərim göz yaşıma
qarışmışdı. O, mənim heç vaxt unuda bilməyəcəyim ifa oldu.
Çünki o tamaşaçı
musiqiyə qulaq asmırdı, musiqini içirdi. Ancaq çox təəssüf ki, çəkiliş olmadı
və həmin lent yazısı qalmadı. Bir də İTV-dəki bir çıxışım yaddaqalan oldu. Anam
təzə rəhmətə getmişdi. Məni İTV-də “Ekspromt” verilişinə dəvət etdilər. Veriliş
zamanı dedilər, Cahangir Cahangirovun “Ana” mahnısını çal.
O musiqini efirdə
ilk dəfəydi çalırdım. İfanın ortasında başımı tarın üstünə qoyub ağladım,
ağlaya-ağlaya çıxışımı başa vurdum. Çalışdım bunu tamaşaçılara bildirməyim.
Amma bilənlər olmuşdu. Verilişdən sonra zəng eləyib dedilər ifan qeyri-adi
alındı.
Bir ara ağlıma
batmışdı ki, radionun fondundan 25-30 yaşımda çaldığım musiqiləri pozub yenidən
yazdırım. Başlamışdım da. Sonra bir ağıllı adam dedi, dəli olmusan? Bu sənə də
sübutdur ki, o yaşda necə ifa eləmisən. Həmin musiqiləri təzədən yazdır və
müqayisə et, fərqi gör.
Vaxt ötür, hər şey
dəyişir, fərq yaranır... Amma dəyişməyən də var. Bu, yəqin ki, sənətdi...
Xəyalə
Muradlı publika.az


Комментариев нет:
Отправить комментарий