16.08.2012

“Artıq məhşər başlayır”

Həmid Herisçi: "İrandakı zəlzələ məsələsinə “siyasət + zəlzələ + tektonik silahlar” üçbucağından yanaşılmalıdır"

"21 dekabr 2012-ci ildə baş verəcək planetlərin paradı yaxınlaşdıqca, dünyada təbii fəlakətlərin sayı artacaq"

Bu günlərdə Cənubi Azərbaycanda yaşanan dəhşətli zəlzələ bütün diqqətləri İrana yönəltdi. Fəlakətin səbəbləri, nəticələri və gizli məqamları barədə ən müxtəlif versiyalar ortaya atıldı. Hətta bəziləri bunu İranın yeraltı nüvə sınağı, digərləri isə İsrailin tektonik hücumu kimi dəyərləndirdilər. İstənilən halda, orada həyatını və yurd-yuvasını itirilənlər bizim qardaşlarımız - güneyli azərbaycanlılar oldu. Elə bugünkü müsahibimiz, yazıçı-publisist Həmid Herisçi də əslən Güneydəndir. Hər zaman özünəməxsus düşüncəsi və proqnozları ilə xatırlanan yazar, görək bu dəfə nələrə diqqət çəkəcək.

- Həmid bəy, Şərqi Azərbaycanda baş verən zəlzələdən sonra siyasi məqamlar axtarıldı. Bu barədə Siz nə düşünürsünüz?
- Məsələyə yenə də siyasi deyil, konspriloji baxış bucağından nəzər yetirmək istərdim: “zəlzələ + siyasət + gizli tektonik silahlar” mövzusu konsprilogiyanın aparıcı xətlərindən birini təşkil edər. Oxşar vəziyyət 1988-ci il Ermənistanın Spitak rayonundakı zəlzələsi vaxtı da özünü göstərmişdi. O zaman da “siyasət + zəlzələ + tektonik silahlar” triosu beyinləri silkələməkdəydi. Yadınıza gələrsə, o vaxt Azərbaycanın bir təyyarəsi də 100-ə yaxın vətəndaşı ilə birgə qəzaya uğradıldı.

- Demək istəyirsiniz ki, ssenari eynidir, yaxud tarix təkrar olunur? Qarabağ faciəsinin müqəddiməsi sayılan Spitak olayı indiki Güney zəlzələsində bir daha təkrarlanacaq?
- Bəli, bu cür təbii zəlzələlərlə siyasi zəlzələlərin vəhdətinə artıq öyrəşməliyik. 5 dekabr 1988-ci il Spitak zəlzələsi baş verdiyi vaxt SSRİ Baş Ordu Qərargahının rəisi, marşal Axromeyev vəzifəsindən istefa verib. Sonralar onun faciəli şəkildə intihar etməsi faktını gəlin unutmayaq. Çernobıl faciəsi SSRİ üzərinə gizli atom hücumu idisə, Ermənistan zəlzələsində Sovetlər Birliyinə tektonik silah vasitəsilə zərbə endirilmişdi.

- SSRİ-dən sonra İranın növbəsinin gəldiyini deyənlər də vardı, amma əksinə oldu - Yuqaslaviya, İraq, “ərəb baharı”. Və bu gün yenidən İrandan, hətta Rusiyadan danışılır. Bir məqamı da vurğulayım ki, Rusiyanın Yaponiya ilə sərhədində də 7.7 bal gücündə zəlzələ olduğu bildirilir...
- Yaponiyadakı Fukusima olayını da gəlin unutmayaq. O zaman Rusiya-Yaponiya münasibətləri özünün ən mənfi nöqtəsinə gəlib çatmışdı, Tokio “şimal əraziləri”ni qətiyyətlə tələb edirdi. Bu böhran zamanı da Rusiyanın tektonik silah vasitəsilə Yaponiyanı vurduğunu sübut edən dəlillər var.

- Ümumiyyətlə, zəlzələ yaradan tektonik silah barədə nə deyə bilərsiniz?
- Zəlzələ süni şəkildə iki yolla yaradılır: Birincisi, gizli tektonik silah vasitəsilə. İkincisi, dərviş-ekstrasenslərin, yəni “terrekenez” deyilən cadu vasitəsilə.

- Bu fikrinizdən sonra Axundovun “Hekayəti-Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini xatırladım...
- Çox düz buyurdunuz. Bu teatr tamaşasının aktuallığı hələ də qalmaqdadır. Bəli, Axundov əslində bu əsəri ilə qədim Azərbaycan dərvişlərinin zəlzələ yaratmaq fenomenini - terrekenizi tapşırıq əsasında öyrənib. Topladığı gizli sənədlərin ciddi tərəfini Qərbə ötürüb, komik tərəflərindən isə məlum pyesini yazıb. Mən bildiyimə görə, şərti adı “Müsyo Jordan” olan bir Qərb alimi o zaman həqiqətən Azərbaycana gəlib. Məqsədi də bizim dərvişlərin zəlzələ yaratmaq qabiliyyətini öyrənmək olub. Gözdən pərdə asmaq üçün Axundov onun nəbatət elmi, gül-çiçək, kəpənəkşünas olduğunu göstərmək istəyib. Bilirsiniz, bizim Azərbaycan dərvişlərinin zəlzələ yaratmaq qabiliyyəti, yəni terrekenez istedadı həqiqətən vardı. Bəlkə indi də var. 100 il əvvəl də bu işin sirrinə Qərb yiyələnmək istəyib, elə indi də bu sirrə yiyələnmək istəyir. Həmin gizli silahın ənənəsi əsasında artıq sovet zamanı həmyerlimiz, zəlzələşünas alim İkram Kərimov yeni (?) tektonik silah yaradıb.

- Bəlkə məsələni bir qədər konkrtetləşdirəsiniz...?
- Görürsünüz, ortalıqda həllolunmaz paradoks var: Axundov dərvişlərin zəlzələ yaratmaq qabiliyyətinə gülür, amma 100 il sonra məhz azərbaycanlı alim zəlzələ yaradan tektonik silahın müəllifi kimi dünyada ad qazanır. Sovet vaxtı həmin gizli əməliyyatın adı “Merkuri 18” adlanırdı.

- Siz necə düşünürsünüz, indiki İran rəhbərliyi dərvişlərin sirrini bilirmi, yaxud “Merkuri 18” əməliyyatının sənədləri Tehranın əlinə keçmiş olarmı?
- Bəli, İran öz silahlarını yaradarkən gizli dərviş texnologiyalarından istifadə edə bilər. Deyilənə görə, İran atom silahını yaradarkən tamam fərqli yolla gedib, elmdə adına “imploziya” deyilən üsuldan istifadə edib. Həmin üsuldan isə qədim dərvişlər istifadə edirdi.

- Bütün hallarda dərviş məsələsi, yaxud Axundovun əsərindəki personajlar xurafat deyilmi?
- Artıq, maarifçiliyin bəsit, dar çərçivəli təfəkkürünün özünə xurafat deməyin vaxtı çatıb. 21 dekabr 2012-ci ildə baş verəcək planetlərin paradı yaxınlaşdıqca, dünyadakı təbii fəlakətlərin sayı artacaq. Bu barədə mətbuatda kifayət qədər yazmışam. Xahiş edərdim ki, mövzu ilə əlaqədar vaxtilə çap etdiyim “Axirət sevdası” araşdırmamı yenidən oxuyasınız. İstərdim ki, həmin yazıdan bir hissə çıxarışa diqqət yetirək: “Bu dəfə biz kosmik kainatdan gələn bir başqa, daha təhlükəli bir hadisə ilə üz-üzəyik. Söhbət 2012-ci ilin 21 dekabr tarixində kosmosda baş verəcək “planetlərin paradı”ndan gedir. Artıq bütün dünya astrofizikləri həyəcan təbili çalmaqdadır - Amerikanın NASA kosmik proqramlar rəhbərliyi, necə deyərlər, “cidanı çuvalda gizləyə bilmir” daha. “26 min ildən bir Günəş sistemində baş verən yerdəyişmə məhz 21 dekabr 2012-ci il tarixinə düşür” - deyib sual dolu baxışlarla Ağ Evə tərəf baxırlar. Bu vaxt Günəş sistemindəki bütün planetlər, habelə bəzi başqaları, paraddakı kimi, Günəş başda olmaqla bir xətt boyu düzülüb kosmosda nəhəng “dəhliz” yaradacaq. Digər tərəfdən bəlli olur ki, bu müdhiş “ulduz paradı”ndan hələ lap uzaq keçmişdə qədim mayya hinduları xəbərdar imişlər. Mayya hindularının qədim təqvimi öz dəqiqliyi ilə indi də alimləri təəccübləndirir - bəzi hallarda o, bizimkindən dəfələrlə dəqiqdi. Bax, bu dəqiq təqvimdə qeyd olunur ki, Günəş indiyədək üç dəfə kosmosda öz yerini dəyişib, sonuncu dəfə bu, 21 dekabr 2012-ci ildə baş verəcək, nəticədə bütün aləmdə oturuşmuş təbiət qanunları pozulacaq... Bir sözlə, “məhşər, apokalipsis günü” artıq yavaş-yavaş təqvimdə öz dəqiq gününü tapır. Alimlər əlləri üzlərində, teleskoplardan gözlərini kənara çəkmir, sarı mətbuat öz oxucularına qırmızı rəngli “SOS!” siqnalı göndərir. Digər tərəfdən, 21.12. 2012 tarixinin numeroloji siması da, belə deyək, heç də ürəkaçan deyil - polindrom tarixdi, qədim dərvişlər demiş “əvvəl-axırdı”, yəni əvvəldən də, axırdan da eyni cür oxunur deyə sanki Axirət günündən xəbər verir. Alimlər buna həm də XRONOANOMALİYA, “təqvimin sıfırlanması” deyirlər. Həmin tarixdə “12” rəqəminin üç dəfə səslənməsinə bir başqa cür baxanlar da var. Bəziləri elə bilir ki, bu zaman 12-ci İmamın intizarına axır nöqtə qoyulacaq. Qısası, dəsmal götürüb ağlayın, vəziyyət lap qəlizləşib deyəsən. Budəfəki “21 Azər” tariximiz, 1945-ci ildəki ilə müqayisədə daha vahiməli görünür vallah...”.
Nəzərə alın ki, “inqilab”, yəni “revolyusiya” termini mənşəcə siyasətə aid deyil, astronomiya elmindən götürülüb, Günəşin 26 min ildən bir qalaktikada öz yerini dəyişməyinə astrofizikada “revolyusiya” deyilir. Zaxariyya Siçin adlı bir məşhur alim var Amerikada. 2012-ci il fəlakəti barədə ən birinci o, dünya mətbuatında çıxış edib. Qəribədir, bizim kimi əslən Bakıdandır o da. Bəli, paradın sonuncu - 12-ci iştirakçısı barədə fikirlər mübahisəlidir astrofizika elmində. Onu bəziləri itkin, qeybanə 12-ci planetlə - Niburi səyyarəsi ilə eyniləşdirirlər. Guya həmin tarixdə o gəlib parad iştirakçılarına qoşulunca Yer kürəsi silkələnəcəkmiş, bəzi fiziki qanunlar pozulacaqmış.

- Yenidən İran məsələsinə qayıdaq, zəlzələdə siyasi məqam axtarılmalıdırmı?
- Məncə, artıq dünyada siyasətin dövranı ötüb, axırzaman, məhşər başlayır. Buna görə də astrologiya elmi daha aktualdır. Onu öyrənmək lazımdır. Bundan artıq cavab verməyə ixtiyarım yoxdur!

 Natiq CAVADLI                           bizimyolinfo.com

Комментариев нет:

Отправить комментарий