16.08.2012

İkiyə bölməyin yolun bilmirəm

Sayman Aruz

Ölmək istəyirəm sənin yolunda
bağışla ölməyin yolun bilmirəm.
Bu qara həyatın, bu qara bəxtin
ikiyə bölməyin yolun bilmirəm.

Bağışla, bağışla, məni bağışla
bizi öyrədiblər vidalaşmağa.
Tənha yataqlarda qoşa düşünmək
millətin içində tənhalaşmağa!

Gülləyə, qandala vurulan adam
insanın özünə vurula bilmir.
Ürəyim arxadan çox vurulubdur,
bağışla gözünə vurula bilmir!

Ölürəm, ölürəm, ölə bilmirəm
yadıma düşürsən, niyə? Bilmirəm!
Qəlbimin sevgisi çox siyasidir
danışa bilmirəm, deyə bilmərəm!

Gətirin, gətirin unudmaq üçün
əlimin üstünə qara dağ basın!
Getginən bu məhkum, öz dustağında
etiraf altında səni doğmasın!

Getginən, getginən, kölə insana
sevgidən danışmaq ayıbdır, ayıb
Hələlik azadlıq vaxtımı alır
bağışla sevməyə vaxtım qalmayıb

Комментариев нет:

Отправить комментарий