17.08.2012

AZADLIQ eşqi və zindan xofu

Zindanda yazılan yazı

Bəşər yarandığı gündən qəlbində AZADLIQ eşqi canlanmış və onun XOŞBƏXT yaşamaq məramının əsasını təşkil etmişdir. Bütövlükdə götürdükdə isə, bu və ya digər insan cəmiyyəti yalnız və yalnız o zaman AZAD və XOŞBƏXT adlana bilər ki, orada hər kəsin (tutduğu vəzifə ya mövqeyindən asılı olmayaraq), o cümlədən, oğrunun da, doğrunun da haqqları müvafiq QANUN çərçivəsində eyni əsaslarla qorunsun. Yalnız belə cəmiyyətdə - insan haqqlarının ən ali formada qorunduğu bir yerdə sağlam şəxsiyyət yetişər və "orğusu”da gec-tez öz günahlarını dərk edərək islah oluna bilər. Yalnız belə cəmiyyətdə (ya ölkədə) bütün hakimiyyət və ya qeyri-hökümət, ictimai-siyasi, sosial və i.a. birlik və təşkilatlar biri-birinə dayaq, cəmiyyətlərin ümumtərəqqisi naminə ədalət və demokrartiya prinsiplərinə əsaslanan fəaliyyətlərini qura bilərlər.

Bir vaxtlar əsasları qədim Şərqdə bərqarar olmuş bu AZAD və DEMOKRATİK ənənələrin uzun əsrlər boyu tənəzzülə uğramasına baxmayaraq, son 100 ildə dünyada (məsələn, ABŞ, Avropada) bunun yeganə alternativsiz inkişaf yolu olduğunu da dərk eləməyə başlamışlar...
Məhz 1918-20-ci illərdə bizim Azərbaycan məmləkəti də Şərqdə ilk dəfə olaraq, yenidən bu AZADLIQ eşqini dadmış və bəlkə də bugünkü Avropa demokratiyasına bir örnək olacaq bir məktəbin əsaslarını qoymuşdur. Kifayət qədər obyektiv və subyektiv səbəblərdən süquta yetirilən bu demokratik respublikamızın bərpasına 70 il sonra, 1992-93-ci illərdə bir daha təşəbbüs göstərilsə də, əfsuslar olsun ki, mahiyyətcə eyni amillər üzündən bu demokratik rejim çox yaşaya bilmədi. Amma, ümüdlərimiz heç də puça çıxmamışdır: Bu gün, 21-ci əsrin ikinci onilliyində dünya informasiya cəmiyyətinin sürətli inkişafı mərhələsində, insan haqqlarının yenidən ən prioritet problem kimi gündəmə gəldiyi bir məqamda, ölkəmizdə o AZAD və DEMOKRATİK rejimin yenidən (və bu dəfə ömürlük!) bərpa olacağına da ümüd gündən-günə artmağdadır...
Bəs, bizdən – qəlbi "azadlıq” eşqi ilə çırpınan hər birimizdən bu yolda nə tələb olunur? Cavabı isə ta o qədim illərdən bəllidir: qəlbdən ölüm ya zindan xofunu çıxartmaq! Yalnız bu halda o səadətli gələcəyə İNAM qazanıla bilər! Əlbəttə ki, cəmiyyətin (o cümlədən övladlarımızın bu gələcək xoşbəxtliyi naminə) ümumtərəqqisi naminə özünü qurban vermək hər kəsə nəsib olmur. Amma, qəlbində sidqi-ürəklə (ixlasla) ONA İMAN gətirən bir kimsə o səadətli gələcəyə də nəsib olar, inşallah! Bəzi ateist baxışlı dostlarımız bizə irad tuta bilər ki, "bəs "təriflədiyimiz” o Avropa demokratiyasında heç bir dini, imanı və əqidəsi olmayan kəs də ölkəsinin xoşbəxt vətəndaşı olub, bu yolda inamla irəlliləyir?!” Bu irada da cavab aşkardır: yuxarıda qeyd etdiyimiz kimi, insan haqqlarının ən ali formada, vahid qanun çərçivəsində qorunduğu məmləkətdə "doğru” ilə yanaşı "oğrusu” da o qanuna tabe olub azad və xoşbəxt həyat tərzini yaşayır. Bununla yanaşı bizim bəzi dindar-islamçı qardaş-bacılarımızı bu fikrimiz qane etməsə də, bu da bir həqiqətdir ki, bu günki xristian Avropasında dini-tolerantlıq bizim İslam dünyamızdaki dini-tolerantlıqdan qat-qat yüksək səviyyədə durub, bəlkə əhli-İman sahiblərinin saylarına görə də xeyli irəlidədirlər: Heç bir Avropa məmləkətində hicab tələbinə və ya Evrovizion əleyhinə çıxışlarına görə kimsə təqib olunmaz və ya ciblərinə narkotika atılmaz. Nəinki heç bir Avropa ölkəsində, heç dünyanın ən totalitar ya avtoritar rejimində belə bizim kimi bir alimin-müəllimin-hüquq müdafiəçisinin – bir video-rolikə verdiyi şərhə görə, üstəlik "dövlətə xəyanəti” də ona yükləməzlər...
Beləliklə də bu gün ölkəmizin əksər vətəndaşlarının öz Azadlıq haqqlarını bir qarın çörəyə qurban verib, başlarına gətirilən min-bir zülmlə barışdıqları məqamda da azlıqda qalan AZADLIQ aşiqlərinin - fədailərinin qarşısında duran ən mühüm vəzifə - YARADANA İman hisslərini gündən-günə gücləndirməkdir. Yalnız bu halda o kəs nə zindandan, nə də ki zalimdən qorxar! Haqsız zindan əzablarını yaşayan, zalimin zülmünə məruz qalmış bizlər də bu gün tam qətiyyətlə əminik ki, zülm yerdə qalmaz, inşallah!
"Azadlıq” eşqi ilə çırpınan hər bir qardaş və bacıma Allahdan bu mübarək Ramazan ayının xətrinə bütün fəaliyyətlərində xeyir-dua diləyir və öz məhbus qardaşlarına mənəvi dəstək olmağa çağırıram. Bu gün biz, cəmi azadlıqsevərlər zindanda olub-olmamağımızdan asılı olmayaraq, fəaliyyət göstərməyə borcluyuq. Yalnız bu yolla AZAD və DEMOKRATİK cəmiyyəti bərqərar edə bilərik...

Hilal Məmmədov, Bakı şəhəri, Kürdəxanı həbsxanası

Комментариев нет:

Отправить комментарий