17.08.2012

Bizim bu şəhərdə heç kimimiz yox...

Elçin Mirzəbəyli

Bizim bu şəhərdə heç kimimiz yox,
Yollar yorğunuyuq, illər yorğunu...
Tanrı dərgahından sevgi dilənən
Göylərə uzanan əllər yorğunu.

...Sərsəri məmləkət, dəli məmləkət,
Sözü əsir düşüb dili ucunda.
Özgə kəfənində ölü məmləkət -
Ruhu yırğalanır dar ağacında...

Cəllad kötüyüdü, ya mey camıdı...
Qan damır kəsilən başdaşımızdan...
Üfiqdə Tanrının qətliamıdı -
Dan yeri qızarır göz yaşımızdan.

Bizim bu şəhərdə heç kimimiz yox...
Gedək sözümüzə divan tutmağa.
Bitmiş sevdaların sahillərində
Dəli küləklərlə qol-boyun olan
Soyuq izimizə divan tutmağa...
Gedək...
Hara gedək bu məmləkətdən?
Gedək
Özümüzə divan tutmağa!

Комментариев нет:

Отправить комментарий