04.01.2013

«KredAqro»dan daha bir özbaşınalıq

Son illər ölkəmizdə bank-kredit işlərinin inkişaf etməsinə baxmayaraq, belə bir vəziyyətdən istifadə edib bank adı ilə əhalinin cibinə girənlər də az deyil.
Ötən gün redaksiyamıza Cəlilabad rayon Qarazəncir kənd sakini Həsənova Marifə Məmi qızından da bu məzmunlu məktub gəlib.
Şikayətçi məktubunda qeyd edir ki, “KredAgro” Bank Olmayan Kredit Təşkilatı (BOKT) onlara 2 min manat kredit verib, əvəzində isə 3 min manat istəyir, bu isə 50 faiz edir.
M.Həsənova yazır ki, bu qurum Mərkəzi Bankın ölkəyə qoyduğu standartları heçə sayır: “KredAgro dövlətin qoyduğu standartları aşır, yəni dövlətin qanunu pozur, cinayət edir, siz isə ona bir söz demirsiniz. Bu necə dövlətçilikdir, deyə bilərsinizmi? Bu hələ qeyri-hökumət təşkilatdır, yəni sadəcə sələmçi QHT-dir, gör, indi bank statusu alanlarla bağlı vəziyyət nə yerdədir?!”

Daha sonra məktubda yazılır: “KredAgro onlara ödədiyimiz son 440 manatı faizə, yəni bizə qoşduğu reketsayağı “şotçik”ə çıxıb, 220 manatı bankın işçisi Əfqan İsgəndərov öz cibinə qoyub banka köçürməyib. Bundan başqa bu yoldaş pulu götürəndə özünə 200 manat, hüquqşünasa isə 100 manat “dolya” alıb, bütün bunları üst-üstə gələndə 100 faiz edir”.
M.Həsənovanın sözlərinə görə, dövlət orqanları bu cür yüksək faizlə kredit verən bu qurumu bir dəfə cəzalandırsa, onlar bir daha əhalinin cibinə bu formada girməyə cəsarət etməzlər: “Əgər siz öz dövlətçilik resurslarınızdan istifadə edib dövlətin qoyduğu faiz standartlarını qat-qat aşan bu sələmçiləri cəzalandırsanız, onlar bizim qanımızı içməyə cəsarət etməz, pulu başqa ölkələrdə olduğu kimi 3 faizə, 6 faizə verərlər, daha 50 faizə, 100 faizə yox! 20 ildir ki, respublikanı bank faizi başına götürüb, o vaxtdan biz uzun illərdir ki banklara sələm ödəyirik, daha yorulmuşuq, tədbir görün”.
Qeyd edək ki, son iki ildə “KredAqro”nun Cəlilabad şöbəsinin 3 müdiri dəyişdirilib, ancaq rayonda qanunsuz pullar alan heç bir işçi cəzalandırılmayıb: “Hamının sələmə görə əsəbi pozulub, əgər sabah oğlum bank işçisini söysə, ona cinayət işi açılacaq, amma “KredAgro” dövlət standartını aşıb 50 faizə sələm paylayır, bəri başdan qoyulmuş qanunu pozur, ona heç kim heç nə demir”.
Şikayətçi məktubunun sonunda dövlətdən xahiş edir ki, “KredAgro” kimi sələmçi şəbəkələrlə ciddi məşğul olsunlar.

qafqazregion.az

Комментариев нет:

Отправить комментарий