14.02.2013

Amerika ana südünə qarşı

Lalə Mehralı

Dünya mətbuatında ana südünün zərərli olması barədə sifarişli yazılar yer alır

İspaniyalı və finlandiyalı alimlər ana südünün insana zərərli olması barədə araşdırma apardıqlarını iddia edirlər. Araşdırmada bildirilir ki, yeni doğmuş qadının südündə 700-dən çox mikroorqanizm – zərərli bakteriyalar var.  Qeyd edək ki, hər iki ölkənin alimləri bu araşdırmanı “American Journal of Clinical Nutrition”un nəzarəti altında ediblər.
2002-ci ildə başlanan araşdırma bu günlərdə yekunlaşıb. Araşdırma müddətində könüllü  hamilə qadınları nəzarət altında saxlayan alimlər doğumdan sonra, bir həftəlik və bir aylıq müddətdən sonrakı dövlərə aid süd nümunələrini toplayıblar.
Yeni doğan qadınların südündə 700-dən çox bakteriya tapdıqlarını iddia edən alimlər bildirir ki, ana südündə indiyədək bilinəndən daha çox bakteriya var. Alimlər deyir ki, ana südünün tərkibindəki maddələr dəqiqliklə tədqiq ediləndən sonra yeni doğulan uşaqlara eyni tərkibli qida məhsulları hazırlayacaqlar.
Qeyd edək ki, eyni alimlər bir müddət əvvəl ana südünün tərkibindəki maddələrin uşaqların allergik xəstəliyə tutulmasının qarşısını aldığı barədə də bir araşdırma hazırlamışdı. Rusiya mətbuatı yazır ki, alimlərin bu dəfəki araşdırmasında ana südünün 700 zərərli bakteriya daşıması fikri absurddur. Belə ki, ana südünün tərkibindəki bakteriyaların uşağın inkişafında, sağlamlığında önəmli rol oynadığını bildirən rusiyalı mütəxəssislər ana südünün heç bir halda körpəyə zərərli olmadığını bildirir.
Məsələ ilə bağlı millət vəkili, ixtisasca həkim olan Musa Quliyev  “Gündəlik Teleqraf”a bildirdi ki, bu cür araşdırmaların heç bir elmi əsası yoxdur və hansısa məqsədə xidmət edir: “Bu kimi “araşdırmalar”ın yalnız bir məqsədi var, bunlar süni uşaq qidalarının satış faizini yüksəltmək üçün atılan addımlardır. Bu tamamilə təxribatdır, bu yalana uymayın. Bəşəriyyət yaranandan bu günə kimi insan ana südü ilə qidalanıb, niyə zərər olmadı? Ana südünün tərkibindəki bakteriyalar zərərli deyil, əksinə körpənin immun sisteminin güclənməsinə xidmət edir. Ana tam sağlamdırsa, zərərli vərdişləri yoxdursa onun südündə zərərli bakteriyalar ola bilməz. Bu kimi dırnaqarası araşdırmalara fikir verməsin heç kim, bunlar sifarişlidir, süni uşaq qidalarının daha çox satılmasını təmin edən reklam vasitələrindən biridir”.
Yeri gəlmişkən xatırladaq ki, ötən ilin ilk yarısında, daha dəqiq desək may ayında Amerikada ən çox satılan kitablar arasınmda bir kitab da vardı. Bu amerikalı Florens Villiamsın “Breasts” (Süd vəziləri) adlı kitabı idi. Kitabın müəllifi iddia edirdi ki, ən təbii qida hesab edilən ana südü artıq zəhərli maddələr ehtiva edir. İxtisasca jurnalist olan müəllif yazırdı ki, qadın döşləri südün tərkibindəki zərərli maddələri özündə saxlayır, amma bir müddət sonra o maddələri də südü ilə bərabər övladına ötürür. Öz südünü bir laborotoriyada yoxladan jurnalist yazır ki, onun südündə reaktiv təyyarənin yanacağının tərkibində olan maddə, silikonun verdiyi kimyəvi maddələr, hormonlar üçün qəbul edilmiş dərmanların qalığı və bu kimi xeyli sayda maddə aşkarlanıb.
Qəribədir ki, jurnalist kitabında süd verən ananın körpəsini əmizdirdiyi dövrdə nə silikondan, nə iynə-dərmandan, nə də kosmetik vasitələrdən istifadənin doğru olmadığı barədə heç nə yazmayıb. Bu da faktdır ki, bir çox amerikalı qadın hamiləlik və əmizdirmə dövründə nə qidalanmasına, nə də yaşam tərzinə fikir vermir. Belə ki, son araşdırmalara görə hər amelikalı 8 qadından 1-i ağır dərəcədə narkomandır və dünyaya gətirdikləri uşaq anadangəlmə narkotik asılılığı ilə doğulur.
Eyni zamanda hazır yeməklərdən, plastik qablaşdırmada olan qidalardan istifadəyə görə liderlik edən bu ölkənin qadınları hamiləlik dövründə daha çox süni qidalarla, GMO, şəkərli içkilərlə qidalandıqları üçün bir çoxunun dünyaya gətirdiyi uşaq zəif, çəlimsiz və xəstə olur. Jurnalist müəllif nədənsə bütün bunları yox, ana südünün zərərlərini yazır, amma o zərərləri yaradan səbəblərin təhlükəsini yazmır.
Pediatr Günel Şahsuvarova deyir ki, ana südü ilə qidalanan uşaqlarda “miningit”, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı olmur: “Siz təsəvvür edin ki, dərmanların sağalda bilmədyi bəzi qulaq ağrılarını ana südü sağaldır, döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar. Ana südü ilə qidalanan uşaqların immuniteti daha güclü olur. Süni qida ilə qidalanan uşaqların ana südü ilə qidalanan yaşıdları ilə nisbətdə diabet xəstəliyinə yoluxma riski var”.
Həkim bildirir ki, ana südünün faydaları və əmizdirmənin əhəmiyyəti dövrümüzdə daha aktualdır: “İndi qidaların əksəriyyəti təbii deyil, geni dəyişdirilmiş məhsullar yeyirik. Bunları yeyən ananın südü də olmur. Ona görə hamiləlik boyunca çalışıb təbii qidalanmaq lazımdır. Mümkün olsa kənd mühitində qalmaq doğuşdan sonra südü artırır. Ana südünün zərərləri barədə deyilənlər absurddur, ana südünün insan orqanizminə xeyri aksiomadır, bunu inkar etmək ağılsızlıq olar”.
Baş pediatr Nəsib Quliyev isə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda analar ana südünün xeyri barədə çox az bilirlər: “Analar daha çox məlumatlanmalıdırlar, bilməlidirlər ki, bircə qaşıq süd uşağı bir  təhlükəli xəstəlikdən qoruyur. El arasında “ağız südü” dediyimiz ilk süd isə sadəcə möcüzədir, biz ona “ilk peyvənd” deyirik. Azərbaycanda ana südü ilə qidalanma yüksək səviyyədə olmasa da qənaətbəxşdir. Anaların 54 faizi övladını təbii yolla qidalandırır. Halbuki 1992-ci ildə bu göstərici 25 faiz idi”.
Mama-Ginekoloq Könül Qarayeva isə əmizdirmənin qadın orqanizminə faydalarından danışdı. O bildirir ki, körpəsini təbii yolla qidalandıran qadınlarda süd vəzisi xərçənginə əmizdirməyən qadınlara nisbətən 25% daha az rast gəlinir: “Çoxları doğuşdan sonra arıqlamaq üçün onlarla pəhriz menyusuna əməl edirlər, idman edirlər, amma yenə də fayda olmur. Qadın körpəsini təbii yolla əmizdirdikdə daha sağlam formada arıqlaya bilər. Bunun səbəbi odur ki, hər gün körpəsini əmizdirən analar gün ərzində 500 kalori yandırır. Halbuki pəhrizlərlə, idmanla bu qədər kalori yandırmaq mükün deyil”.
Həkim bildirir ki, uşağını təbii yolla qidalandıran qadınlarda yumurtalıq və döş xərçəngi riski xeyli azalır. Bundan əlavə doğuma nəzarət həbləri, uşaqlıqdaxili spirallara da ehtiyac olmur, çünki əmizdirmə dövründə analar hamiləlikdən  də sığortalanırlar: “Qadınlar bəzən bəhanə edirlər ki, görünüşüm, sinəmin quruluşu dəyişir, əmizdirmək istəmirəm. Amma keçən il Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatında yazırdı ki, süd verən qadınlar əmizdirməyənlərlə nisbətdə daha şux, qamətli, sağlam və uzunömürlü olurlar. Doğuşdan sonra qanaxma əmizdirən qadınlarda rastlanmır, çünki onlarda matka sürətlə yığılır. Bəzən də olur ki, qadınlar süd vəzisinin deformasiya olunmasını istəmədikləri üçün, süd durğunluğu nəticəsində yaranan ağrılardan uzaq olmaq üçün süd vermək istəmirlər”.
Sonda məlumat üçün qeyd edək ki, hələ 2008-ci ildə Ukraynada maraqlı bir araşdırma aparılmışdı. O vaxt bu barədə bir çox KİV məlumat vermişdi. Məsələ burasındadır ki, sözügedən ölkədə 2500 uşaq arasında aparılmış tədqiqata görə, ana südü ilə qidalanan uşaqlar zehni qabiliyyəti və yaddaşının gücünə görə döşlə qidalanmayan yaşıdlarına nisbətən daha irəlidədirlər. Bu araşdırmadan sonra qonşu Rusiyada aparılan başqa bir araşdırmada isə ağır cinayət törədən yeniyetmələrin 85 faizdən çoxunun təbii yolla qidalanmadığı aşkar edilmişdi.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий