11.02.2013

Anamın cavanlığı

Xəyalə Sevil

   Ulduzlar göy üzünün bətnindən düşmüşdü. Göy üzü bala ulduzlarını qayğıkeş-qayğıkeş basmışdı bağrına. Bala ulduzlar isə iməkləyə-iməkləyə  gəzişir,yerin qaranlıq üzünə işıq saçırdılar.
   Bu gecə də hər gecədən biriydi. Alaqaranlığın rənginə kimi, bəlkə də ulduzların sayına kimi əvvəlki gecələrin əkiziydi.
   Lalə işdən yorğun gəlmişdi. Gecənin qaranlığını fürsət bilib üstündə gəzdirdiyi  ağır yorğunluğunu çarpayıya atdı.
   Üzü Allaha tərəf uzanmışdı. Yenə hər gecə olduğu kimi günün haqq- hesabını edirdi Lalə.
    Əlini vicdanının üstünə qoydu. Allahın gözlərinə baxırmış kimi gözlərini tavana zillədi.
"İlahi,bu gün də üzünə baxmağa üzüm var, ən azından mən belə bilirəm,amma vicdanımı narahat eden heç nə etmədim.İçdə,gücdə yorğun da olsa, sakit bir gün keçirdim,şükür sənə" deyib, öz fikrində bu gecə də cənnətin qıl körpüsündən keçib gözlərini yumdu.Yenicə yuxulamışdı:Ruhu bədənindən çıxıb harasa qaçırdı.Bir səs gəldi: "Ananın cavanlığını axtar"                                                                                Bu səs kimin səsiydi?Axı mən indiyədək  bu səsin nə üzünü görmüşəm,nə də boy-buxununu.  Bəs anamın cavanlığı necə? Məgər onu tapmaq belə asandırmı?Axı illərdir mən anamın saçlarını ağ, üzünü qırışmış görürəm.
   Ağlına ilk gələn doğulub boyüdüyü evləri oldu. Qaça-qaça dar küçələrdən keçib evlərınə çatdı.Hər şey yerində idi.Qaraşının,özünün yatdığı dəmir çarpayılar,dünyanın ən ləzzətli mətməxi, (anasınn bişirdiyi yeməklərin qoxusu gəlirdi burnuna)  hər gün saçlarını daramaqdan başında tük qalmayan gəlinciyi...hər şey... hər şey yerində idi.Bircə anası yoxuydu. Lalə tövşəyə-tövşəyə qaçmağa baçladı. Nəfəsini sonuncu nəfəs kimi əziyyətlə dərirdi.
   Üzünü oxuduğu məktəbə tutdu.
   Mütləq burda olacaq,axı məni məktəbə həmişə anam aparıb gətirərdi. Dərs otaqlarının qapısını açdı.Məktəb yoldaşlarının ərköyün səs-küyü divarlara sığal çəkirdi.Bir az köhnəlmiş partalar,gündə neçə dəfə silinməkdən rəngi ağarmış qara yazı taxtası ( əslində bu yazı taxtasının bəxdi ağarmışdı, axı ona günahsız uşaqların körpə barmaqları toxunurdu) və başqa nələr,nələr...
   Anası yenə yoxuydu.
   Anasız olmaq necə çətin imiş.Lalənin şeh vurmuş torpaq kimi nənləndi.
   Bəlkə... bəlkə... universitet hə, universitet. Universitetə qəbul olanda anam necə sevinmişdi...
   Anası orda da yoxuydu. Aiditoriyanın çılpaq partaları, tələbə yoldaşları, müəllimlər, üniversidtetdə gördüyü haqsızlıqlar...
   Bura necə soyuqdur. Yəni tələbəlik illərimin xatirəsi bu qədərmə üşüdür məni?
   Anam hanı?
   Qulağına vağzalı səsi gəldi.Lalənin toyu idi. Lalə ağ gəlinlikdə necə də gözəl görünürdü. Maşınların sevinc siqnalları, ətrafdakı adamların üzlərindəki təbəssüm...
   Bəs anam? axı o indi güllü dəsmalıyla yanaqlarının nəmini alıb, gülümsəyərək ağlamalıydı...
   Hə bildim, qızım Aynur. Anam nəvəsini bir an belə tək qoymaz. Aynur doğulandan üzərlik kimi onun başına fırlanırdı anam.
   Ancaq yox. Aynurun üzərliyi yox idi. Aynur beşiyində uzanıb qayğısız-qayğısız əlləri ilə oynayırdı.
   Həyətdəki dəcəl uşaqların səsinə oyandı Lalə.Səhər çoxdan açılmışdı. fikirli-fikirli durdu çarpayıdan.
   Mən nəyi axdarırdım yuxuda?Belə mücərrəd şeyi mən öz əllərimlə qoymuş kimi necə tapa bilərəm axı?
   Aynanın qarşısına keçdi. Qara saçlarını daradı,cavan üzünə toxundu və dayanıb özünə tamaşa etməyə başladı.Anasının cavanlığı qarşısında idi. Anası öz cavanlığını hissə-hissə Laləyə verərək qocalmışdı. Lalənin cavan üzü anasının cavanlığının xatirəsiydı. 2 damla yaş ağır-ağır düşdü Lalənin yanaqlarından və dönüb beşiyində qayğısız-qayğısız  yatan qızına baxdı.

Комментариев нет:

Отправить комментарий