15.02.2013

Azərbaycan və onun fəlsəfəsi

Firudin Gilar Bəg

Son dövrün elmi araşdırmaları göstərdi ki, qəbul olunmuş tarix səhvdir. Din, fəlsəfə və s. ilə bağlı yazılı abidələr də bizim üçün dərk olunmaz qalmışdır. Bu gün məlum olur ki, Avropanın qəbul olunmuş saxta tarixindən başqa, gizli tarixi də olmuşdur və bu tarix, “quş dili” bilən və Aya sitayiş edən Gel oğullarından başlanır. Avropanın bütün şahları, zadəganları Qulyard adlandırılan bu Gel oğullarının törəmələridir. Bütün mason təşkilatlarını da məhz Gel oğulları yaratmışlar və onların əsas məqsədi axirətdə gələcək İliya peyğəmbərin taxta oturdulmasına hazırlıqdır. Orta əsrlərdə yazılmış əsərlərin əksəriyyəti bu Gel oğullarının “quş dili”ndə yazılmışdır. XIX əsrə qədər Avropada tikilmiş bütün abidələri də Gel oğulları yaratmışlar.

Bu nəticələr təkcə bir kitabdan - Qrase DeOrsenini “Quş dili. Avropanın gizli tarixi” adlı kitabından çıxır və çoxlu suallar yaradır: İslamın Ay rəmzinə sitayiş edən, sufizm adlandırdığımız “quş dili”ndə danışan və İmam Əli mənasında olan İliyanı gözləyən bu Gel oğulları haradan gəlmişlər, kimlərdir? Hansı əsərlər “quş dili”ndə yazılmışdır və hansılar bu dildə yazılmamışdır? Bunları kim ayırd edə bilər və ümumiyyətlə həqiqəti necə öyrənmək olar?
Həqiqətlə bağlı Şah İsmail Xətai şeirlərinin birində yazır – “Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri”. Deməli, həqiqət hələ Şah İsmail Xətainin dövründə gizli olmuşdur və onu çox az adam bilmişdir. Bu həqiqəti üzə çıxarmaq üçün, biz mənbələri yenidən diqqətlə nəzərdən keçirməliyik.
Qədim yazıları araşdıran tədqiqatçılar belə qənaətə gəlmişlər ki, bu yazıların daha dərin, gizli mənaları vardır. Bunlar adi insanlar üçün yox, qədim sirləri bilən seçilmişlər üçün yazılmışdır və yalnız onlar bu yazılanların gizli mənalarını dərk etmək qabiliyyətinə malikdirlər. Seçilmişlər deyəndə mənbələrdə sufilər nəzərdə tutulur ki, sufizmin bir qolu olan hürufiliyi İmadəddin Nəsimi “quş dili” adlandırır. Yalnız samitlərin məna ifadə etdiyi bu dildə, hər bir samit bir rəmz sayılır və xüsusi məna daşıyır. Şahnamə əsərinin də “quş dili”ndə yazılmasını nəzərə çatdırmaq üçün Firdovsi yazır:

“Mənim sözlərimdə tapılmaz yalan.
Nə ovsun, nə əfsanə yazdım inan.
Diqqətlə oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər”.

Bu o deməkdir ki, qədim mənbələr rəmzlərlə yazılmışdır və yalnız bu rəmzləri açdıqdan sonra həqiqətlər üzə çıxacaqdır.
İslamda, yazıların gizli mənası - batini məna adlandırılır və məlumdur ki, Quranın da adi, yəni zahiri mənasından başqa, yeddi qat dərinliyə malik batini mənası vardır. Mənbələrə görə, bu batini mənanı yalnız “batinilər” adlandırılan ismaili şiələri bilmişlər. Onların İsmailiyyə adlanan fəlsəfələri olmuşdur ki, bu fəlsəfə Əflatun fəlsəfəsi ilə eynilik təşkil edir.
Herodot batiniləri - Gelon şəhərində yaşayan budinlər adlandırır və skif/sak tayfası sayır. Gel, budi və skif tayfaları isə Azərbaycan ərazisində mövcud olmuş Midiya və Albaniya əhalisi hesab olunurlar. Batiniliyin də mənbələrə görə Gel elindən başlaması və batinilərin axirətdə İmam Əlini gözləməsi, onu deməyə əsas verir ki, Avropanın sahiblər olan Gel oğulları elə, Quranın batini mənalarını bilən ifrat Gel şiələridir. Bunu dolayısı yolla Avropa müəllifləri də təsdiq edir.
Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürərək, burada qanunlar toplusu və gizli ayinlər keçirən, Ezir adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır. Onlar, insanlar üzərində ədalət məhkəməsi qurur və gələcəkdən xəbərlər verirdilər. Gizli ayinlərdə onlar ölüm Allahının uca şəninə təriflər söyləyir və onun ölümü ilə bağlı matəm mərasimi keçirirdilər.
Batini şiələrinin də 12 imamı müqəddəs sayması və Aşura adlanan yas mərasimini təntənəli surətdə keçirməsi onu deməyə əsas verir ki, Avropaya köç edən Azər tayfası elə azərbaycanlı batinilərin, yəni pir-seyidlərin nəslidir. Bu gün artıq Avropa alimləri təsdiq edirlər ki, masonluq da öz kökünü sufi cəmiyyətlərindən götürür və bütün ayinlər də ismaili-nizarilərin, yəni batini şiələrinin ayinlərinin təqlididir. Belə çıxır ki, İslamın batini mənası, onun zahiri mənasından tam fərqlidir və bilavasitə Azərbaycan və azərilərlə bağlıdır.
Müqəddəs kitabımız olan Quranda Azər adı İbrahim peyğəmbərin atasının adıdır və o büt düzəldib onları İlahlara, yəni Allahlara çevirən Varlıq kimi qeyd olunur. Qədim Misir mənbələrində Azər rəmzi - Oziri/Asar/Osiris/Usiri və s. kimi yazılır. Asar rəmzinə aid edilən Luhi (Asar-Luxi) rəmzi isə onu göstərir ki, bu rəmz qədim Misir mənbələrində də İlah mənasında, yəni Asar-İlahi, Azər-Allahı mənasında işlənmişdir.
Qədim Misir rəvayətinə görə, Allah ilk olaraq, bütün dünyaya hökmran kimi Azəri yaradır. Daha sonra isə adi insanlar olan 72 milləti yaratmışdır. Əflatuna görə də, Yaradıcı Allah ilk olaraq Allahlar nəslini yaratmış, onlar da öz növbəsində adi insanları yaratmışlar. Deməli, mənbələrdəki Asar/Azər adı - yaradıcı Allaha və Onun nəslinə aid rəmzdir.
Tanınmış alim Devid Rol yazır ki, Misir mədəniyyətini, Mesopotamiyadan köçüb gəlmiş Asar oğulları yaratmışlar və onlar Qor (Xor) pirlərinin, yəni Qor fironlarının nəslidirlər. D. Rola görə, Misir adı – “Asardan doğulmuşlar” mənasındadır və mənbələrdə şah taxtı və ya hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. Digər mətnlərdə bu rəmz Assur, Aşşur və s. kimi də yazılırdı.
Devid Rolun yazdıqlarından çıxan nəticəyə görə, Asar adı qədim Misirin Ra-Amon Allahına və onun Qor pirləri (fironları) nəslinə verilən ali addır. Qədim Misir yazılarına görə, Allah “Dünya”nı Geliopolda, yəni Gel şəhərində yaratmağa başlamışdır. Misirlilərin, “Dünyanın yaranması” ilə bağlı xüsusi Geliopol kosmoqoniyası var idi ki, bu elmə görə, Allah göydəki “Dünya”nı məhz bu Gel Evində yaratmışdır. Burada yeddi mərhələyə, doqquz yaranışdan ibarət olan və bütün varlıqları əhatə edən Tək Allah yaranmışdır. Məhz burada - Asar, yəni Oziri/Azər Allahının bədəni uyuyur. Qədim Misirin bütün ovsun və dualarını da Gel şəhərinin kahinləri tərtib etmişdilər. Bu isə o deməkdir ki, Asar/Azər Allahı dedikdə Gel elində yaradılmış Tək Allah təsəvvür olunmalıdır.
Geliopol kosmoqoniyasına görə, bir yaradıcı İlah vardır və bu da - bütün yaranışa həyat vermiş, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyadır. Mənbələrdə bu İlahi nur – İlahi od, dirilik suyu, həyat enerjisi və s. adlandırılır. Sufilərin “Hu” adlandırdığı bu enerji gözə görünmədiyi üçün, onun rəmzi olan “Hu” (X/K/Q/Ğ və s. bənzər samitlər) rəmzi də mənbələrdə bəzən yazılmır (məs. Xəzər-Həzər-Azər, Xarran-Harran-Arran və s.). Bu İlahi nuru idarə etmək üçün firon (mənbələrdə pir/pirao) Amon, sufizmin tərikə yolu ilə Bəqa səviyyəsinə çatmış və bu məqamda ilkin materiyadan Ra günəş diski yaratmışdır. Pir Amon öləndən sonra, onun ruhu bu Ra günəş diski ilə birləşmiş və İslamda Rəhman adlandırılan Ra-Amon Allahına çevrilmişdir ki, sufizmdə bu birləşmə “Vəhdət əl Vücud” adlanır. Fəzlullah Nəiminin – “Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü” ifadəsi də Günəş Allahı olan Ra-Amonun Azərbaycandan ərşə yüksəlməsi mənasındadır. Gel evində yaşamağa başlayan bu Ra-Amon Allahı sonradan sadəcə günəş Allahı Qor adlanmağa başlayır və bizə bu ad Qorqud, yəni Qor Xuda kimi məlumdur. Deməli, qədim mənbələrdə ölümsüz Asar/Osiris/Oziri Allahı dedikdə - Gel Evində, Qor qızılquşu cildində yaşayan pir Əmanın (firon Amon) ruhu təsəvvür edilməlidir.
Gel evi mətnlərdə Xaldeya və ya Xarran kimi yazılır ki, bura Azər oğlu İbrahim peyğəmbərin vətəni kimi məlumdur. Mənbələrdə Xarran rəmzi - Arran kimi, Azər isə Xəzər kimi də yazılır. Arran - Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər ölkəsi də adlandırırlar.
İslamın rəmzi olan Ay rəmzi Mesopotamiya mənbələrində Xarrandan (Arran) olan Ay Allahı Sin (Quranda Yasin) adlandırılırdı və “İl-Amurru” rəmzi ilə eyniləşdirilirdi. Misir mənbələrdə bu rəmz, axirətdən sonra Günəş Allahının (Ra-Amon) yerinə keçəcək Ay (Mehdi) mənasında qeyd olunurdu. İslam rəmzi Tövratda Səlim, Şelom və s. kimi, qədim Misir yazılarında isə Şu-Aləmi kimi yazılırdı və “Allah ruhunda yaranmış Aləm” mənasını verirdi. Səlim şəhərinin Allahı isə El Allahı hesab olunur. Batinilikdə El/İl rəmzi Əli kimi, Amurru rəmzi isə əmir, yəni, mar, amoreylər (midiyalılar) nəsli mənasındadır. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, “Din” rəmzini - “əlif” və “lam” səsləri ilə, yəni “Əl” kimi qeyd edir ki, bu da həqiqi dinin göydəki El mənasında olması deməkdir. Belə çıxır ki, Səlim şəhərinin Allahı olan El və ya İl-Amurru Allahı elə İslamın ifrat şiələrinin Allah obrazında qəbul etdiyi Əli Əmirdir (Əli-Əmir əl möminin). Mesopotamiya ilə eyni ərazidə yaşayan şumerlər isə - “şiə əmirləri” mənasındadır ki, onlar ilahi kəlam vasitəsi ilə göydə El, yəni ruhlar dünyası yaratmışlar. Bütün bunlar isə onu göstərir ki, İslam adlandırdığımız Din, heç də bizim qəbul etdiyimiz adi inamla və mənəviyyatla bağlı kodeks deyil.
Mühiddin İbn Ərəbiyə görə ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim peyğəmbərlərdir. Ümumiyyətlə, islam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Bu isə o deməkdir ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.
Mühiddin ibn Ərəbinin “Din” rəmzini – “El” kimi qeyd etməsi o deməkdir ki, biz Din deyəndə - qədim Misir mənbələrində, Nut göyündə yaradılmış Qeb aləmini başa düşməliyik. Deməli, Din – göydə yaradılmış cənnətin rəmzidir və bu rəmz Misir mənbələrində Atum, digər mənbələrdə isə Edem, Eden və s. kimi yazılan cənnət mənasındadır. İbn Ərəbi, İbrahim oğullarına müsəlman kimi ölməyi məsləhət görür ki, yalnız onlar bu göy cənnətində əbədi həyat qazanırlar. Belə çıxır ki, müsəlmanlıq – insan öləndən sonra ruhunun göydə yaradılmış cənnətdə yaşaması deməkdir.
Quranda açıq yazılır ki, İbrahim peyğəmbər, öz məqamında (İbrahim məqamı), ilahi oddan (nurdan) Bina tikmişdir və oranı ölkəyə çevirmişdir. İbrahim rəmzi induizmdə Braxmo kimi qeyd olunur və qam-şamanlıq, cadugərlik, magiya və ümumiyyətlə yaradıcı qüvvə mənalarında göstərilir. İbrahim məqamı isə burada “braxma-bxuta” adlandırılır ki, bu da sufizmin Bəqa səviyyəsini bildirir. Əgər nəzərə alsaq ki, Batin elmində İbrahim rəmzi - «qamlıq məqamında Ra günəşi ilə birləşmiş Ba-ruhu» deməkdir, razılaşarıq ki, İbrahim obrazı – Bəqa səviyyəsində göydə ruhlar dünyası yaratmış pir Amonun (ruhunun) obrazıdır.
Mühiddin İbn Ərəbi, İbrahim peyğəmbərin İlahi oddan yaranmış bu aləmini, ölmüş insanın ruhunun əbədi xoşbəxt yaşayacağı yer kimi göstərir və bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini xüsusi qeyd edir. İbn Ərəbiyə görə, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni bütün müsəılmanların ruhları məhz ora qayıdır. Buxariyə görə, müsəlmanların ibadət yeri, İbrahim peyğəmbərin dayandığı yerdir və iki dünyanın səddi də buradadır. Kəbə evi adlandırılan bu ev Misir yazılarında Qeb aləmi kimi məlumdur. İslam rəmzi də batinilikdə “İssi-Aləm” kimi açıqlanır ki, bu eyni zamanda “ruhlar aləmi” deməkdir və bu aləm İbrahim peyğəmbərin vətəni olan Xarranda, yəni Arranda yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Azər və İbrahim rəmzləri, magiya vasitəsi ilə göydə ruhlar üçün yaradılmış dünyanın rəmzləridir və “Din” deyəndə də bu dünyada əbədi yaşamaq üçün yaradılmış qanunlar təsəvvür olunmalıdır.
Əhdi-Cədiddə İbrahimin atası Azər yox, Lazar adlandırılır və İbrahim özü, «İbrahim qucağı» adlanan yerlə assosiasiya olunur. Bura, «Bərzax» mənasında iki dünyanın birləşdiyi yerdir və burada insanlar mühakimə olunurlar. Luka peyğəmbərə görə, o dünyanın məhkəməsinin sorğu-sualını İbrahim özü verir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, İbrahim peyğəmbər burada Ra-Amon (Rəhman) Allahı rolunda göstərilir.
İbrahim peyğəmbərin atası Azərin mənbələrdə Lazar (El-Azər) adlandırılması, Azər rəmzinin göydə yaradılmış Elə, yəni ruhlar dünyasına (Azər-Eli) aid olması deməkdir. Təbrizli Arakel, özünün tarix kitabında Lazar rəmzini – “Lazarın monastırı” kimi qeyd edir və buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə görə, ruhlar bu səhradan çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə düşür, boğulmağa başlayırlar və yalnız qayıdanda yenidən canlanırlar. Bu isə o deməkdir ki, «Lazarın monastırı» deyəndə, ruhlar dünyası təsəvvür olunmalıdır.
Sünikdə tikilmiş səhra, yunan mənbələrində Ereb adlandırılır ki, biz bu rəmzi Ərəbistan kimi tanıyırıq. E. ə. VIII əsrə aid Assuriya yazılarında «Şərqin ərəbləri» ölkəsi dedikdə, Midiya ərazisindəki ölkə nəzərdə tutulur ki, burada “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” yaşayırlar. “Dağ və səhralarda dolaşan qüdrətli midiyalı” rəmzi altında isə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar təsəvvür olunmalıdır. Bu isə onu göstərir ki, Lazarın monastırı – ölümsüzlük qazanmış Azəri nəslinin ruhlar dünyasıdır.
Quranda Lazar, yəni El-Azər rəmzi İsrail (Asar-Eli) kimi qeyd olunur və bildirilir ki, Allah İsrail oğullarını haqq yurdunda yerləşdirmiş və onlara böyük Mülk vermişdir. Qurana görə, Allah İsrail oğullarını elmlərinə görə adi insanlardan üstün yaratmış, onlara kitab, müdriklik və peyğəmbərlik vermişdir. Onlara təmiz nemətlərdən ruzi vermiş Allah, onlara on iki başçı göndərmiş və onları varislər etmişdir. Allah, qoyduğu qanunlara əməl edənin günahlarının bağışlanması haqda onlarla müqavilə bağlamış və onları cənnətdə əbədi yaşadacağına söz vermişdir. Quran kitabı da bilavasitə onlar üçün, əvvəlki kitabların təsdiqi kimi, orada yazılanlara daha geniş şərh vermək üçün göndərilmişdir. Bu isə o deməkdir ki, Azəri-Eli peyğəmbərlərin elidir.
İbrahim peyğəmbərin atası Azərin adı digər mənbələrdə Tarik və Farra kimi də qeyd olunur. Tarik rəmzi sufizmdə “tərikə yolu ilə gedən türk” mənasındadır ki, bu silsilənin son mənzili Bəqa, yəni bəglik fazasına çatmaqdır. Bu səviyyədə insan ilkin materiyadan istədiyi informasiyanı alır və istədiyi varlığı yaratma qüdrətinə sahib olar. Qədim Misirdə bu yolu gedənlər teurq adlanırdı. Xalkidli Yamvlix “Misir sirləri haqqında” kitabında, göydə “Dünya” yaratmış teurqları, qurban vasitəsi ilə Allah yaradan kahinlər kimi təqdim edir. O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Teurqiya – ilkin materiya ilə vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və bu rəmz “Allah yaratma” kimi də tərcümə edilir. Bu isə o deməkdir ki, Qurandakı bütləri İlahlara çevirən Azər - Bəqa səviyyəsində göydə Allah yaratmış teurqdur, yəni türkdür. Orxon-Yenisey mətnlərində türk xanının, Allah kimi göydə Allah yaratması açıq yazılır.
İbrahim peyğəmbərin atası Azərin adı digər yerdə Farra kimi qeyd olunur ki, bu rəmz də Pir-Ra (Efir-Ra) mənasında, Misir fironunun efirdə Ra günəş diskini yaratması deməkdir. Belə çıxır ki, İbrahim peyğəmbərin obrazı – teurqiya, yəni qurban mərasimi vasitəsi ilə göy efirində yaradılmış Ra günəşi ilə birləşən pir (firon) Amonun obrazıdır.
Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir. Artur Kestler isə bütün dünyaya sübut etdi ki, əsl yəhudilər - Xəzər xaqanı və türk bəgləridir. Deməli, Quranda seçilmişlər mənasında olan İsrail oğulları – tərikə yolu ilə Bəqa səviyyəsinə yüksələrək Allaha çevrilmiş Azəri türk bəgləridir.
Batin elmində İsrail, yəni AsarEli rəmzi - Rəsul rəmzi ilə eyni məna daşıyır və bilirik ki, Allahın Rəsulu - Məhəmməd peyğəmbərdir. Ledun, yəni Batin elmində Rəsul rəmzi – “Asar Allahın göydəki ruhlar Eli” mənasını verir. Bu o deməkdir ki, “Allah birdir, Məhəmməd Onun Rəsuludur” ifadəsinin batini mənası – “Bəşəriyyətə həyat vermiş ilkin materiya birdir, Məhəmməd isə ondan yaranmış ruhlar dünyası, yəni Azər elidir” deməkdir.
Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Kainatdakı qayda-qanun ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı - Adəm kimi təqdim edir və Allah adlandırır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya”, El mənasındadır və o axirətdə yenidən yaranacaqdır. İfrat şiələrin “Əli-İlahi” təlimində, Məhəmməd peyğəmbərin Əli şəxsiyyətində təzahür etmiş carçı, xəbərçi sayılması onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də göydə yaradılmış ruhlar Elinin obrazıdır.
Hədislərdə Məhəmməd peyğəmbərin – “Həqiqət mənim daxili vəziyyətimdir” deməsi, onun bədəninin ilkin materiyadan, yəni İlahi nurdan ibarət olması deməkdir ki, qədim Misirdə bu obraz Maat Allahı adlanırdı. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı, qədim Misirdə Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə edən kosmik İnsanın obrazıdır. Tövrata görə bu kosmik İnsanın bədəni, dünyanın bu başından o başına qədərdir. İbn Ərəbinin Allah adlandırdığı bu Adəmin bədənində isə, ruhlar aləmi, yəni Edem (Eden/Din) cənnəti yerləşir.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi vərəsəliklə Aqilə, yəni Gelə çatmışdır. Deməli, ifrat şiələrin Gel (Gelat/Qulat) evi elə Məhəmməd peyğəmbərin evidir və vərəsəliklə Abu Talibin oğlu Aqilə qalmışdır. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bədəni cənnət kimi təsəvvür olunan Məhəmməd peyğəmbər Gel şəhərində bərqərar olmuşdur. Başqa sözlə Rəsulullah (Azər-Eli) – Gel evində mövcuddur.
Qədim Misir mənbələrində cənnət deyəndə göydəki, yəni Yuxarı Misir (Geliopol) nəzərdə tutulur. Aşağı Misir (Geliopol) isə bu cənnətin altındakı, yəni yerdəki Allahlar yurdudur. Amon Allahı ilə bağlı yazıda üç ərazidən danışılır ki, bu da Allahın göydəki, yerdəki və keçid şəhəri mənasındadır. Əl Qəzali bu üç şəhəri Mülk, Mələküt və Cəbərut adlandırır və burada Mülk - Amon Allahının yerdəki yurdu mənasındadır. Mələküt - bu yurdun göylərində yaradılmış mələklər aləmi olan cənnət, Cəbərut isə Mülkün altında yaradılmış mağara mənasındadır ki, hər şeyin əvvəlcədən yazıldığı Lövhi-Məhfuz burada saxlanılır. İstəhri bu üç ölkəni Azərbaycan, Ermənistan və Arran adlandırır və bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Bu, Azərbaycanın – Mülk, Ermənistanın – Mələküt, Arranın isə Cəbərut mənasında olması deməkdir.
İqlim rəmzi sufizmdə Gelam və Kəlam rəmzləri ilə eynidir ki, bu da Gel evində İlahi Kəlam vasitəsi ilə yaradılmış “Dünya” mənasındadır. Kəlam – Şumer ölkəsinin adıdır və şumerlər də Şu Allahının amoreylər nəsli hesab olunurlar. Biz bunları şiə əmirləri kimi, yəni seyid pir, bəg, şıx və s. batiniləri kimi tanıyırıq ki, onlar mənbələrdə Gelati-Şiə adlandırılırlar.
Gelat rəmzi mənbələrdə Xilat kimi də yazılır. Mənbələrə görə türk xanı Nəsir əd-din Mühəmməd Sökmən, Xilatda özünü Şahi Ərmən, yəni qədim Misirin Ra-Amon Allahı adlandırmışdır. Deməli, Xilat/Gelat - pir, yəni firon Amonun, göydə Günəş Allahı Ra-Amona çevrildiyi yerdir. Xüsusi qeyd etmək istəyirəm ki, Ərmən rəmzinin indi özünü erməni adlandırılan insanlara qətiyyən aidiyyəti yoxdur. Onlar Azəri pirlərindən fərqli olaraq qullar nəslidir və yəhudi, sufi mənbələrində “heyvani insan” kimi göstərilirlər.
Quranda Xilat rəmzi Xüld kimi yazılır və cənnətin adlarından biri kimi qəbul edilmişdir. Lakin Xilat/Xüld rəmzi mənbələrdə eyni zamanda Xalda və ya Xaldeya kimi də yazılır ki, bura da İbrahim peyğəmbərin vətəni hesab olunur. Yazılanlara görə, İbrahim peyğəmbər Xaldeyanın Ur şəhəri ilə bağlı olmuşdur və burada onun böyük qardaşı olan Aran ölmüşdür.
Aran/Arran - Albaniyanın digər adıdır və qədim Misir mənbələrində bu rəmz El-Benu, yəni pir-seyidlərin ruhlarının Ba/Benu quşu rəmzində ölümsüzlük qazandığı El deməkdir. İslamda Benu rəmzi Nəbi kimi yazılır ki, sufizmdə bu eyni mənalıdır. Qədim Misir yazılarında isə bildirilir ki, peyğəmbər rəmzi – Allaha çevrilmiş pirin ruhu, yəni Benu mənasındadır. Deməli, Albaniya – Benu quşu rəmzində olan və ölümsüzlük qazanmış peyğəmbərlərin elidir. Mənbələrdə Allahın - Alban dağlarının üstündə qərar tutması açıq yazılmışdır.
Tövrata görə, Allah and içərək, Knun və Lbnun, yəni Kənan və Alban torpaqlarını İbrahim oğullarına verilmişdir. Mühiddin ibn Ərəbi İbrahim oğullarına verilmiş bu Eli,   Din adlandırır ki, bu da yazdığımız kimi, İslamın göydəki ruhlar dünyasına aid olması deməkdir. Deməli, əsl İslam dini, yəni göy cənnəti İbrahim nəslinə verilmişdir. Tarixçi M. Xorenatsiyə görə isə, Albaniya, əbədi olaraq Gel, yəni Gelarküni nəslindən bir nəfərə əbədi verilmişdir. Gel nəsli dedikdə isə Quranın gizli mənalarını bilən batini-ismaililəri nəzərdə tutulur ki, mənbələrdə onlar nizarilər də adlandırılır. Bu gün azərbaycanlıların adlarının bir hissəsini təşkil edən Gül, Qulu sözləri, yəni Gülməmməd, Gülhüseyin, Güləli, Qurbanqulu, Cəfərqulu, Əliqulu və s. adları - Azəri oğullarının Gel elinin törəmələri olmasına işarədir.
Əhdi-Ətiqdə nizarilər - öz həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar. Xristian mənbələrində isə nizarilər - nazaretli və ya nasaralı kimi yazılırlar və məlumdur ki, xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. İsa peyğəmbəri yəhudilər Yeşua adlandırırlar ki, bu da sufizmdə Ya-Şiə kimi mənalandırılır. Mühiddin İbn Ərəbiyə görə, xristianlıq və şiəlik eyni mənbədən qaynaqlanır və mən kitab və məqalələrimdə bunu xüsusi qeyd etmişəm. İfrat şiələrin Gel eli xristianlıqda Qaliley kimi yazılır və bu rəmz sufizmdə Xulul (Xəlilullah) mənasında - ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir.
İslamda Şiə adlanan rəmz qədim Misirdə Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Deməli nizari, yəni Azəri şiələri, ürəyində Allah ruhu olan insanlardır ki, onların həyatları Allahla bağlıdır. Məhəmməd peyğəmbər ənsariləri, yəni nizariləri də seyidlər kimi öz nəsli sayır və onlara hörmətlə yanaşmağı tövsiyə edir. Ərəblərlə bağlı isə peyğəmbərimiz - “Mən ərəbəm, ərəblər məndən deyil” deyə bildirir. Bu isə o deməkdir ki, peyğəmbərimiz Azəri elini öz eli sayır.
İsmailiyyə fəlsəfəsində Nizar - “Gel (Nu/İunu) şəhərindəki Azər” Allahı kimi mənalandırılır və yazılanlara görə o bu gün də yaşayır. Nizarın (Həsən İbn Sabbah obrazı) Ələmut qalasında cənnət yaratması və axirətdə yenidən dirilməsi mətnlərdə xüsusi qeyd olunur. Mənbələrdə Şah Ismail Xətainin Mehdi rolunda göstərilməsi və onun döyüşçülərinin “sorxsər bidin mülhidləri”, yəni “ölümsüz Azərin batini mələkləri” adlandırılması o deməkdir ki, axirətdə məhz bu ölüm mələkəri yer üzündə məhkəmə quracaqlar.
İslamda ölüm mələkləri Əzrail adlandırılır ki, bu da İzrail rəmzi kimi Azər-Eli deməkdir. Təbii ki, burada söhbət yuxarı Azərbaycanın mələklərindən gedir. Aşağı Azərbaycanın da pir-seyidləri bir zamanlar söz və fikirlə insan öldürmək və ya canlılara fiziki təsir etmək qüdrətinə malik idilər. Lakin axirətə yaxın onlar Allahla müqaviləni pozaraq, haqq-ədaləti itirdilər və bunula da öz cəddlərinin gücünə son qoydular. Dünya malına görə cənnəti qurban verən bu Adəm övladlarına Quranda “lənətlənmiş” rəmzi şamil edilir. Qurana görə onlar – dünya həyatına bəslədiyi vurğunluğuna, Allahı qoyub bütlərə pərəstiş etdiklərinə, Allahla bağlı yalan danışdıqlarına, yazılanları təhrif etdiklərinə, həqiqəti bildikləri halda dandıqlarına görə lənətləndilər.
 Sonda onu bildirmək istəyirəm ki, Şah İsmayıl Xətai – “Həqiqət bir gizli sirdir” dedikdə, bu günə qədər sirr qalan Azərbaycan həqiqətlərini və onun fəsəfəsini nəzərdə tutur. Əsl İslam da azərilərin bu batini fəlsəfəsidir.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

Комментариев нет:

Отправить комментарий