15.02.2013

Bakı İsrailin əsarəti altındadır

Diqqətinizə Dinarə Cəlilovanın Azərbaycan-İran münasibətlərinə həsr edilmiş və “Kafkazskaya politika” saytında dərc edilmiş araşdırmasını təqdim edirik. Ortaq tarix və məzhəbə rəğmən Bakı və Tehran arasında münasibətlər gərgindir. Bunun səbəbi nədir?

Ortaq tarix və gərgin münasibətlər

İranın öz nüvə proqramını inkişaf etdirməsi ilə qərblə münasibətləri gərginləşir, 2013-cü ildə isə bu gərginlik öz pik nöqtəsinə çata bilər. Problemin diplomatik yolla həll edilməsi ehtimalı günü-gündən azalır, İrana qarşı hərbi müdaxilə ehtimalı isə əksinə artır.
Bu müdaxilənin Avropa, Amerika və Yaxın Şərq üçün fəsadları müzakirə predmeti olaraq qalmaqdadır. Bununla yanaşı müdaxilənin Cənubi Qafqaz regionuna, xüsusilə də İran və Rusiya ilə həmsərhəd olan ölkələrə göstərə biləcək təsir haqqında demək olar ki danışılmır. Hərçənd ki, İrana qarşı müharibə Qafqazda dayandırılmış bir neçə münaqişəni yenidən alovlandıra bilər.
Vaşınqton universitetinin Yaxın Şərq üzrə eksperti Aleks Vatanka deyir: “İrana qarşı hücum baş verəcəyi təqdirdə münaqişənin mərkəzində ilk növbədə Azərbaycan olacaq.
Çünki bu ölkə İranla olan ortaq tarix və mədəniyyətə rəğmən, onun bir nömrəli düşməni İsraillə ortaq maraqlara malikdir. Və bir çox məsələdə məhz İsrailin maraqlarına uyğun hərəkət edir.”
Azərbaycanın İranla münasibətləri sürətlə və təxmin edilməz bir tərzdə inkişaf edir. Bir tərəfdən bu iki dövlət çoxlu ortaq nöqtə ilə bir-birinə bağlıdır. Onlar ortaq tarixə malikdirlər: 1813-ci il rus işğalından öncə həm Azərbaycan, həm də İran vahid dövlətin tərkibində olmuşdular. Əksər azərbaycanlılar eynilə farslar kimi şiə məzhəbinə mənsubdurlar. İran ərazisində 15 milyon azərbaycanlı yaşayır. Və nəhayət iki ölkə bir-biri ilə sıx iqtisadi əlaqələrə malikdir.
Lakin siyasi cəhətdən onların münasibətləri əksər vaxt son dərəcə gərgin olur. Son vaxtlar bunun əsas səbəbi Bakının İsraillə hərbi sahədə əməkdaşlığı və İslam Cümhuriyyətinə qarşı təxribatçı addımlarıdır.

Bakı və İsrail silahı

Azərbaycanın İsraillə hərbi əməkdaşlığı, 2004-cü ildən Bakıya Türkiyədə istehsal edilmiş İsrail silahlarının daşınması ilə başlayıb.
2008-ci ildə “Soltam” şirkəti Azərbaycan ordusuna “minaatan” və silah-sursatın çatdırılması hüququna yiyələnmişdir.
Hərbi təyinatlı elektronika və avadanlıqların istehsalı ilə məşğul olan “Tadiran Communications” şirkəti rabitə qurğularının, “Israel Military Industries” (IMI) şirkəti isə uzun məsafəli raketlərin və naviqasiya sistemlərinin çatdırılmasına başlayıblar. Bu neçə yüz milyonluq bir razılaşma idi.
2011-ci ilin baharında Azərbaycan Müdafiə Nazirliyinin və İsrailin “Aeronautics Defense Systems” şirkətinin ortaq müəssisəsi olan “Azad Systems” şirkəti “Aerostar” və “Orbiter” İsrail pilotsuz təyyarələrinin istehsalına başlayıb. Bundan əvvəl də Azərbaycan bir neçə bu cür cihazı İsraildən alıb.
Azərbaycan həmçinin İsraildən aldığı yüksək texnologiyaların əsasında öz hərbi sənayesini yaratmaq niyyətində olduğunu gizlətmir. İsrailin “Elta Systems Ltd” şirkəti Azərbaycanla peyk sistemlərinin yaradılması sahəsində əməkdaşlıq edəcək. Bu şirkət tərəfindən istehsal edilən təbii şəraitdən asılı olmayaraq Yer kürəsindən yüksək keyfiyyətli şəkilləri əldə etmək imkanını verən “TecSAR” peyki Bakı üçün xüsusi maraq kəsb edir.
Və nəhayət keçən il iki ölkə arasında 1,6 milyard dollarlıq anlaşma imzalanıb. Bu müqaviləyə əsasən “Israel Aerospace Industries” şirkəti Azərbaycana müasir silahlar və hərbi texnologiyalar, o cümlədən pilotsuz təyyarələr və raket sistemləri çatdıracaq.
İsrailin Azərbaycandakı səfiri bu günlərdə deyib: “2013-cü ildə iki ölkə münasibətləri sürətli addımlarla güclənəcək.”
“Today’s Zaman” qəzetinin köşə yazarı Amanda Paul qeyd edir: “Azərbaycanın İsraillə əlaqələri hərbi sahə ilə kifayətlənmir, həmçinin iqtisadi və ticari əməkdaşlığı və diplomatik dəstəyi də əhatə edir. Onların arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb. Bu da Azərbaycanı müsəlman ölkələr arasında İsrailin bir nömrəli tərəfdaşına çevirir. İsrail öz növbəsində Azərbaycan neftinin alınması üzrə ikinci yerdə qərarlaşır. Aşkelon-Eylat trans-İsrail qaz kəməri Azərbaycan neftinin nüfuzu artan Asiya bazarlarına çıxarılması üçün ən önəmli tranzit yoldur. Bundan başqa İsrail öz qaz sektorunu inkişaf etdirir və bu sahədə Azərbaycanla əməkdaşlıq etmək marağındadır.”
Aleks Vatanka isə yazır: “İran öz qonşusunun özünün ən qatı düşməni ilə sıx əməkdaşlığından narahatdır. İran rəhbərliyinin fikirinə görə, Azərbaycan İsrailin pilotsuz təyyarələrini və peyklərini İran haqqında kəşfiyyat məlumatları toplamaq üçün istifadə edə bilər.”

Barışıq addımları və təxribatlar

Ekspert əlavə edir: “Onsuzda gərgin olan münasibətləri daha da gərginləşdirmək istəməyən İran öz şimal qonşusu ilə yaxınlaşmağa çalışır. Məsələn, Mahmud Əhmədinejad Azərbaycana oktyabr səfəri zamanı öz ölkəsinin Azərbaycanla münasibətlərini “qardaşca və çox isti” kimi xarakterizə edərək, iki ölkənin ortaq milli və mədəni irsə malik olmasını vurğulayıb. Əhmədinejadın açıqlaması tarixi ortaqlığa yox, qarşılıqlı şübhə və rəqabətə əsaslanan iki ölkə arasında münasibətlərin hazırkı durumunu əks etdirməsə də, Tehranın Bakı ilə dost münasibətlər qurmaq istəyində olduğunu göstərir.
Fevralın 5-də İran İslam Cümhuriyyətinin Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib: “Azərbaycan İranla dini bağlılığa malikdir, ona görə onunla münasibətlərin inkişaf etdirilməsi İran üçün ümdə məsələdir.” Pakayin Mahmud Əhmədinejadın adından İlham Əliyevi İrana səfər etməyə dəvət edib. Səfir həmçinin vurğulayıb ki, iki ölkə tərəfindən yaradılmış ortaq ticari-iqtisadi komissiyanın toplantısında iştirak etmək üçün yaxın zamanlarda İranın xarici işlər naziri Əli Əkbər Salehinin Azərbaycana səfəri gözlənilir.
Lakin Azərbaycan İranın barış dialoqu istəyinə İslam Cümhuriyyətini olduqca hiddətləndirən təxribatçı addımlarla cavab verir. Belə ki, Mahmud Əhmədinejadın İran-Azərbaycan qardaşlığı haqqında oktyabr çıxışından çox keçməmiş Bakı İranın xeyirinə casusluq etmək və Azərbaycandakı Amerika və İsrail obyektlərinə hücumlar hazırlamaq ittihamı ilə 22 Azərbaycan vətəndaşını uzunmüddətli həbs cəzasına məhkum edib.
Dekabrın 4-də isə İranın şimal-qərbindən olan azərbaycanlı separatçılara Bakıda konfrans keçirmək icazəsi verilib. Bu konfransı “beynəlxalq sionizmin məqsədlərinin nail olunması yolunda daha bir addım” adlandırmış İranı xeyli qəzəbləndirib.
Bu ilin əvvəlində isə Azərbaycanın xarici işlər naziri keçən il İran alimləri tərəfindən aşkar edilən və İran ərazisinə aid olan “Sərdar Canqal” neft yatağına iddia irəli sürüb.

İsrail və Cənubi Azərbaycan

Bütün bu təxribatçı addımlar vəziyyəti o dərəcəyə qədər gərginləşdirib ki, KİV-lərdə İsrailin Azərbaycan ərazisindən İrana zərbə  endirəcəyinə dair şayiələr yayılmağa başlayıb. Əlbəttə ki, bu şayiələr heç nəyə əsaslanmır. Rəsmi Bakı bu məlumatları təkzib edir, üstəlik də 2005-ci ildə Azərbaycan və İran arasında imzalanmış hücum etməmək haqqında sənədə əsasən Azərbaycan qonşu ölkələri vurmaq üçün heç bir dövlətə öz ərazisini verməməyə dair öz-üzərinə öhdəlik götürüb.
Amma İsrailə İranla birbaşa müharibə aparmaq heç lazım deyil də. Niyə? Axı düşməni özgə əlləri ilə də zəiflətmək olar. Məsəl üçün İranın daxilində azərbaycanlıların separatçı hərəkatına kömək göstərməklə, Azərbaycan dövlətini həmən separatçılara dəstək verməyə sövq etməklə və başqa anti-İran addımları ilə.
Cənubi azərbaycanlılarda istiqlal istəyinin məhz İsraildən qaynaqlandığına dair müstəqil jurnalist Nik Qreys yazır: “1996-ci ildə İsrailə açıq-aşkar bağlı olan “Güney Azərbaycanın səsi” radiosu fəaliyyətə başlamışdır. Almaniya Telekommunikasiyalar Departamentinin məlumatına görə radiostansiya İsrail ərazisindən yayım aparır. Departamentin əməkdaşı Volfanq Buşelin sözlərinə görə, “Güney Azərbaycanın səsi”nin siqnalı çox vaxt İsrailin “Kol Radiosu”nun siqnalı ilə qarışır, bu isə yalnız iki stansiya bir-birinin yaxınlığında olanda baş verə bilər.”
Bir sözlə yaranmış beynəlxalq situasiyada Azərbaycan rəhbərliyi çox təhlükəli oyun oynayır. Azərbaycan və onun xalqının İranla münasibətlərdən hansı qazanc əldə edəcəyi aydın deyil, İsrailin qazancı isə göz qabağındadır. Onu əsas düşməninin diqqəti başqa ölkə ilə münaqişəyə yayınar.
“Today’s Zaman” qəzetinin jurnalisti Amanda Paul belə yekunlaşdırır: “Azərbaycan və İran arasında müharibənin baş verəcəyi təqdirdə həm bu ölkələrin özləri, həm də bütünlüklə region üçün faciəyə çevrilə bilər. Bakı onu Tehranla hərbi münaqişəyə sövq edən İsraillə əməkdaşlıq etməklə özünü elə bir tələyə salır ki, sonradan ondan çıxmaq mümkün olmayacaq.”

Tərcümə edən: Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий