19.02.2013

Ey xəstə müjdə olsun sənə...

Mahir Şəkərov

Uca xaliq bütün bədən üzvlərimizi bizə əmanət vermiş və bu bədəni qorumağı da bizə vacib etmişdir. Lakin, özümüzdən asılı olmayan səbəblərdən bədən üzvlərimizə xəsarət yetirə və ya xəstələnə bilərik. Quranın bəyanına görə bu dünyada başımıza gələn bütün bəla və müsibətlərin qaynağı etdiyimiz əməllər, daha doğrusu günahlarımızdır. “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.” (Şura 30)
Hz Əli (ə) buyurur: “Allah Rəsulu (s) bu ayə barədə buyurdu: Quranda ən yaxşı ayə bu ayədir.” Sonra peyğəmbər (s) buyurdu: “Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir.”

Demək ki, başımıza gələn hər bəla əslində öz əməlimizin təzahürüdür ki bu və ya digər şəkildə biruzə verir ki, biz buna yaşadığımız dünya həyatına uyğun adlar veririk; Müsibət, bəla, dərd, güzəranın yaxşı keçməməsi, xəstəlik və s. Amma əslində bütün bunların bir adı var – GÜNAH!
Nə qədər qəribə səslənsə də insana baş verən xəstəliklər də əksər zamanlarda onun günahına görədir. Allah Rəsulu (s) buyurur: “Əgər insanın boynundakı damar tərpənirsə, əgər ayağına daş dəyirsə, əgər insanın başı ağrıyırsa, əgər insan xəstə olursa bu onun öz günahına görədir.”
Bura qədər yazdıqlarımdan elə anlaşılmasın ki, hər xəstəliyə mübtəla olan məhz günahına görə xəstələnir və ya günahının cəzasını çəkir. Xeyr! Əsla belə deyil!
Çünki Allahın ən pak bəndələri də xəstələnə bilər.Buna ən bariz nümunə Qurani-Kərimin dörd sürəsində adı zikr olunan Hz Əyyub (ə) peyğəmbərdir. Bir sıra imtahanlara, o cümlədən xəstəliyə mübtəla olan Hz Əyyub (ə) bir dəfə də olsun halından şikayətlənmədi. Nəticədə səbr və dözümdə nümunəvi bir peyğəmbərə çevrilərək, bütün xəstələrə bir nümunə oldu. “Xəstə olarkən nə etmək lazımdır” sualının cavabı Hz Əyyub (ə) oldu. Onun xəstəlik zamanı etdiyi dua da çox ibrətamizidir. Quran belə buyurur: “Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!” “Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.” (Ənbiya 83-84)
Məgər Hz İbrahim (ə) peyğəmbər xəstələnmədimi? Amma o nə şikayət etdi nə də səbirsizlik göstərərək naümid oldu. Sakit bir şəkildə dua edərək buyurdu: “Məni yedirdən də içirdən də Odur. Xəstələndikdə mənə şəfa verən də Odur.” (Şuəra 79-80)
Hətta insan günahına görə xəstələnsə belə bu yenə də onun üçün rəhmət və günahlarının bağışlanma səbəbidir. Allah Rəsulu (s) buyurur: “Xəstə şəxsin günahları ağacların yarpaqlarıtək tökülər.”
“Mömin xəstələndikdə Allah onun sol çiynindəki mələyə vəhy buyurar ki, bəndəm üçün heç bir günah yazma.Sağ çiynindəki mələyə də vəhy buyurar ki, bəndəm sağlam olduğu vaxt yazdığın xeyir əməlləri onun üçün yaz.”
Allah bəzən öz bəndələrini xəstəliyə mübtəla etməklə onları imtahan edir.Necəki Uca Rəbbimiz bu barədə hədisi qudsidə buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbr edərsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan təmizlənərək ayağa qalxar. Bu zaman Allah mələklərə xitab edərək buyurar: Həqiqətən Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim.Bundan əvvəl (sağlam ikən) yazdığınız əcr qədər onun üçün mükafat yazın.”
Hz Davud (ə) peyğəmbər belə dua edərdi: “İlahi! Nə məni ağırlaşdırıb yatağa salan xəstəlik, nə də məni (səni xatırlamaqda) qəflətə çəkən sağlamlığı deyil, bunların arasında (bir həddi nəsibim et.)”
İnsanın bədənindəki ağrılar əslində insanın faydası üçündür. Allah Rəsulu (s) buyurur: “Sağlam qalmaq üçün ağrı kifayət edər”
“Bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın əcri bir ilin ibadətindən daha üstündür.”
“Həqiqətən cənnətdə bir dərəcə var ki, ona (dünyada) bədəni bəlaya düçar olmuş bəndə istisna olmaqla, heç bir bəndə çatmaz.”
“Mömin tərəzini iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahından pak ətək ilə Allah ilə görüşər.”
Söhbətin bu yerində unutmayaq ki, xəstəliyi verən də, şəfa əta edən də Allahdır. (Şuəra 79-80) Hər bir xəstə öz xəstəliyinin müalicəsini axtarmalı və öz xəstəliyini həkimlərdən gizlətməməlidir.Allah Rəsulu (s) bu məsələdə çox təkidlə belə buyurur: “ Müalicə olunun! Qocalıqdan başqa, Allah dərmansız heç bir xəstəlik yaratmayıb.”
Hz Əli (ə) buyurur: “Öz xəstəliyini həkimlərdən gizlədən, bədəninə xəyanət etmişdir.”
Yenə belə buyurur: “Öz gizli dərdini gizlədən kimsə, təbibini onu müalicə etməkdə aciz qoyar.”
Və diqqət olunası daha bir məsələ: İnsan müalicə oluna bilər lakin, müalicə ilə yanaşı Allaha təvəkkül etməli,və naümid olmamalıdır. “...Allahın mərhəmətindən ümidinizi kəsməyin...” (Zumər 53)
İstənilən vəziyyətdə Allahdan naümid olmaq olmaz. “...Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».” (Yusif 87) ayəsi buna açıq dəlildir.
Deməli xəstəlik zahirdə acı və ağrı olsa da həqiqətdə isə o insanı günahlardan pak edən, bir imtahan və sınaqdır. İnsanın acizliyini göstərən, insanı Allaha yaxınlaşdıran, duanın qəbul olunma səbəbidir xəstəlik. Bu məsələ o qədər əhəmiyyətlidir ki, bəzi hədislərdə hətta xəstə olmayanlar məzəmmət olunur. Hz peyğəmbər (s) buyurur: “Allah canına və malına bir ziyan çatmayan divsifət, murdar adama nifrət edər.”
“Bədən xəstələnməsə məst olar,xəstəliyə düçar olmayan və məst bədəndə xeyir olmaz.
Sonda ey xəstə bunu unutma!
1.Allah dərdi veribsə dərmanı da verəcək.
2.Yaradanın heç bir işi hikmətsiz deyildir.
3.Təbiblərdən öz dərdinizi gizlətməyin ki, xəstəliyiniz müalicə olunsun.
4.Ən əsası isə heç vaxt Allahdan ümidinizi üzməyin.
5.Nəticə budur ki, xəstəliklərdə bir çox sirlər və faydalar gizlənib.Mən bu yazını yazmamışdan əvvəl bunun şahidi oldum. Bilirsinizmi o nədir?

Комментариев нет:

Отправить комментарий