12.02.2013

“Gənc Ədiblər Məktəbi”nin ilk toplantısı

Fevral ayının 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin ilk toplantısı keçirildi.  AYB Gənclər katibi Rəşad Məcid özünün giriş sözündə “Gənc Ədiblər Məktəbi”nin məqsəd və vəzifələrini açıqladıqdan sonra sözü AYB sədri, Xalq yazıçısı Anar və AYB katibi, Xalq şairi Fikrət Qocaya verdi. Qocaman sənətkarlar öz qısa, lakin məzmunlu çıxışlarında ədəbiyyatda ilk addımlarını  atan gənclərə məsləhətlərini elədilər, sözün çətin yolunda onlara uğurlar dilədilər, xeyir-dualarını verdilər.
Bunun ardınca söz alanlar – “Ulduz” jurnalının baş redaktoru, AYB Gənclər Şurasının sədri, yazıçı-publisist E.Hüseynbəyli, tənqidçi Ə.Cahangir, şairlərdən Q.Ağsəs, E.Z.Qaraxanlı, S.Babullaoğlu, tənqidçi V.Yusifli yaşıl qələmlərə xoşgəldin elədilər.

Nəhayət, söz “Gənc Ədiblər Məktəbi”nin katibi, gənc şair Emin Piriyə verildi. Məktəbə qəbul prinsipləri, keçirilməsi nəzərdə tutulan gələcək layihələr haqda danışan E.Piri mənəvi dəstəyə görə AYB rəhbərliyinə, xüsusən də R.Məcidə, eləcə də çıxşçılara gənclər adından minnətdarlığını bildirdi.
Tədbirə qatılan gənclər yeni şeirlərini oxudular. Səmimi ovqat və ruh yüksəkliyi ilə keçən tədbir iki saatdan artıq davam etdi.
Məktəbin növbəti toplantısı martın 13-nə təyin edildi.

Комментариев нет:

Отправить комментарий