12.02.2013

Ailə yükü (yazı 3)

Ceyhun Fikrət

Hər səhər evdən çıxıb dərsə gedirdim. Qarşıma çıxan insanların üzlərində müharibənin ağrı-acısın, kədərin görürdüm. Evlərdən ölüm qorxusu, qan iyi çəkilmirdi. O illərdə xalq tərəfindən belə bir söz də yaranmışdı: “Qaçqın”. Evləri erməni daşnaqları tərəfindən zəbt olunmuş həmvətənlərimizə qəribədir ki, “qaçqınlar” deyirdilər. Qaçqın, köçkün sözü hər tərəfdə eşidilirdi. Torpaqlarını, evlərini itirmiş insanlara bəziləri doğma münasibət göstərsə də, onlara qarşı ögey münasibət də var idi. “Qaçqın” sözündən hətta müəllimə də istifadə edərək dərsdən kənar bizə bəzi məlumatlar verərdi. Mən isə, bu sözün necə yarandığını, niyə Vətənindən ayrı düşən insanlara belə bir adın verildiyini fikirləşirdim.
Son vaxtlar dərs zamanı fikirli olmağım, deyəsən müəlliməmin də gözündən yayınmamışdı. Bu gün ye nə də o,bizə işğal olunmuş torpaqlarımızdan, qaçqınlardan danışırdı. Birdən sinif otağımızın qapısı döyüldü. Müəllimənin “buyurun!” deməsi ilə içəriyə üz-gözü kədərdən solmuş qara geyimli bir qadın və yanında da bir qız uşağı sinifə daxil oldu. “Bağışlayın, biz”, deyərək özünü təqdim etmək istəyirdi ki, müəllimə “bilirəm, sizin qızınızı bu sinifə göndəriblər” dedi. Qadın isə, kədərli halda, “Bəli, biz Şuşadan gəlmişik”. “Artıq sizin haqqınızda bizdə məlumat var”, deyərək müəllimə kədərləndi. Mən də fikir dünyamdan artıq ayılmışdım. Öz-özümə dodaqaltı mızıldanırdım, “necə ola bilər ki, Şuşa işğal olunsun? Bəs atam belə demirdi axı”. İçimdəki şübhələri qovmağa çalışırdım. “Bəlkə də onlar Bakıya qonaq gəliblər” deyə, özümə təsəlli verirdim. Amma əsl həqiqət bu idi ki, Şuşa şəhəri doğrudan da işğal olunmuşdu. Qadın Şuşa şəhərinin işğal olunmasını dilinə gətirməsə də, onun görkəmindən Şuşanın başına nə oyunlar gətirildiyi bəlli idi. Daha heç nə eşitmək istəmirdim. Bircə evə gedib küncə sıxılıb ağlamaq istədim. Dərsdən çıxıb evə doğru qaçmağa başladım. Atamı görmək, beynimdəki suallara cavab almaq üçün tələsirdim. Evə çatanda isə anamın lal-dinməz baxışları Şuşanın işğal olunmasından xəbər verirdi. Bir neçə saatdan sonra yəqin ki, mənim şübhələrimə son qoyulacaqdı. Özümdə cəsarət tapıb atama suallarımı vermək istədiyim vaxt qapının döyülməsi məni fikrimdən ayırdı. Qəfil gələn qonağın səsi, evimizin sükutunu pozduğu kimi, atamın da halının dəyişdi. Gələn qonağın sual dolu baxışları atam tərəfə yönəldi. O, atama “siz mənim yoldaşımla eyni cəbhədə döyüşürsünüz, neçə vaxtdır ondan xəbər yoxdur, onun halı necədir ? ” deyər ək, sual verdi. Atam isə çətinliklə də olsa sualı cavablandırmağa çalışdı. “Narahat olmayın, o, əsl döyüşçüdür. Biz onunla fəxr edirik. O, mütləq sizi görməyə gələcək”. Atamın bu sözlərindən sonra qadının baxışları dəyişdi və o, anama tərəf baxaraq, “Allah sizi sevindirsin, siz məni sevindiriniz” dedi və getdi. Onun gedişi ilə atamın qəmli baxışlarında yaş damcıları göründü. Anama tərəf baxaraq dedi: “O qadının həyat yoldaşı şəhid olub. Mən bu xəbəri ona deyə bilmədim”. Anam bu xəbərin ağırlığına dözə bilməyib hönkürtü ilə ağlamağa başladı. Bu qəmli hadisə mənə təsir etsə də, qəribə gələn bu idi ki, atam nə üçün o qadına fəxrlə, “ sizin yoldaşınız Qarabağda şəhid olub ” demədi. Qadının sualına başqa cür cavab verdiyi üçün, o gün atama ünvanlamaq istədiyim suallar ürəyimdə qaldı. Amma bir neçə gündən sonra küçəmizdə matəm çadırının qurulmasını görəndə və qonşu evdən ağlaşma səsini eşidəndə,atama haqq qazandırdım. Atam həqiqətən də düz deyirmiş. O, əsl döyüşçü olaraq son dəfə ailəsi ilə vidalaşdı. Ailəsi onun son baxışlarını, qamətini görməsə də, məğrur tabutunu gördü. O, Vətən uğunda şəhid olmuşdu. Onun üçün ağlamağımıza baxmayaraq biz onunla fəxr edirdik. Ağlayanlar içərisində şəhidin həyat yoldaşı da vardı. Şəhidin tabutunu maşına qoyan zaman sanki qadın bir anlıq yuxudan ayıldı və anladı ki, məzara aparılan tabutda Vətən uğrunda şəhid olan bir igidin cəsədi ilə bərabər, onun həyatının mənasın və gələcək günlərinin yaşama səbəbını da aparırlar. Elə bu düşüncələrlə də sıçrayaraq tabut aparılan maşının ardınca “məni də özünlə apar!” deyərək qaçmağa başladı. Tabutu gətirən maşın isə dayanmadan, “qara tabutu”, “qaranlıq dünyaya” apardı. Bu halı görənlərin ağlamaqdan başqa heç nəyə gücü çatmadı. Qadının isə maşına çata bilməməsi və qaçdığı yolun yarısında dayanması ona işarə idi ki, onun ailə səadəti artıq sona çatmışdı.

ceyhunfikret@box.az

Комментариев нет:

Отправить комментарий