13.02.2013

Mir Kazım bəy Mir Əli Xan oğlu Talışxanov

Razzaq Xansuvar Talishxanov

Talışinski və Talışxanovlar Azərbaycan ictimai mühitində müəyyən ad-sana, yüksək intellektual mədəniyyətə malik bir nəsildir. Onlar Azərbaycanın Talış bölgəsində böyük nüfuza malik olub, əsasən xalqa xidmet göstərmişlər. Azərbaycan ictimai fikrinin inkişafında zaman-zaman böyük rol oynamış, vətənpərvər bir nəsil kimi xalqın dərin rəğbətini qazanmışlar. Talışxanovlar nəslinin parlaq nümayəndələrindən biri də Azərbaycanın tanınmış hərbi və ictimai xadimi Mir Kazım bəy Mir Əli Xan oğlu Talışxanovdur.
Mir Kazım bəy Mir Əli Xan oğlu Talışxanov 1855-ci ilin iyul ayının 17-də Lənkəran şəhərində, hərbiçi ailəsində anadan olmuşdur.
Atası Mir Əli Xan Mir Hüseyn Xan oğlu, anası isə Züleyxa xanım Mir İsmayıl bəy qızıdır, valideyinləri Talış Xanı, general-leytenant Mir Mustafa Xanın nəvələridilər.

Mir Kazım bəy ilk təhsilini Lənkəran şəhər üçsinifli gimnaziyasında almış, daha sonra ailəsi ilə Bakı şəhərinə köçmüş, təhsilini davam etdirmiş və 1876-cı ilin sentyabr ayında realnı məktəbin tam kursunu bitirmişdir. Elə həmin ildə də Tiflisdə yerləşən İkinci Dərəcəli Konstantin Yunkerlər Hərbi Məktəbinə daxil olmuşdur. 16 aprel 1878-ci ildə həmin məktəbi bitirərək, Minqrel polkunun praporşiki təyin olunur. 1877-1878-ci illərdə Osmanlı-Rus müharibəsində iştirak edir, müharibədə göstərdiyi şücaətə görə “Tünd bürünc” medalla təltif olunur
17 oktyabr 1881-ci ildə Qafqaz hərbi məktəbini bitirir. 1882-ci ildə podporuççik, 1883-cü ildə isə poruççik rütbəsinə yüksəlir.
Hərbi nizam-intizama ciddi riayət edən, birinci dərəcəli atıcı olan Mir Kazım bəy Talışxanov 1884-cü ildə Tiflisdəki Yunkerlər məktəbinə müəllim təyin olunur və eyni zamanda ona ştabs-kapitan rütbəsi verilir. Bu məktəbdə bir necə il dərs dedikdən sonra, 1891-ci ildə Minqrel Qrenadyor polkunun on üçüncü rotasının komandiri təyin olubur.
1896-cı il fevralın 3-də, hərbi vəzifəsini yaxşı yerinə yetirdiyinə görə Mir Kazım bəy Talışxanov 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur.
1899-cu ildə Mir Kazım bəyə podpolkovnik rütbəsi verilir və o, 119-cu Kolomensk piyada alayına komandir təyin olunur.
1900-cü ildə 82-ci Dagıstan alayına, 1904-cü ildə 206-cı Lorqo-Kaqul ehtiyat piyada alayına, bir müddət sonra isə 55-ci piyada batalyonuna komandir təyin olunur.
1904-cü il martın 28-də növbəti dəfə nümunəvi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur.
1903-cü ildə Qafqaz hərbi dairə məhkəməsinin üzvü seçilir.
Rusiya ordusunda uzun müddət xidmətinə görə 1904-cü ildə Rusiya çarı Aleksandrın xatirə ilə təltif olunur, Çar Rusiyasının müxtəlif şəhərlərində-Minskdə, Mogilyovda, Qroznıda, Sibirdə hərbi xidmətdə olan və uzun illər orduda qüsursuz hərbi fəaliyyət göstərən polkovnik Mir Kazım bəy Talışxanova 1914-cü ildə GENERAL-MAYOR hərbi rütbəsi verilir. Elə həmin ildə də birinci dünya müharibəsi başlayır. General Mir Kazım bəy Talışxanov bu vaxt Nikolsk-Ussriyel şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri vəzifəsində qulluq edirdi.
Zəruri haşiyyə: Generalın qızı Züleyxa xanım Talışxanova öz xatirələrində yazır: "Yadımdadır, o vaxtlar inqilabi iş üstündə "Potyomkin" zirehli gəmisinin heyyəti Sibirə sürgün edilmiş, bizim qonşuluqdakı qəsəbədə yerləşdirilmişdilər. Komandirlər onlara xırda bir səhvə görə ağır və dözülməz cəza verəndə, atam onlara havadar dururdu. Hətta bir neçəsini ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər eyilər, "Əlahəzrət, səxavətiniz həmişə var olsun! Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın!"- deyib, yolun qırağına cəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsüyüb, onlara yanaşar, əl tutar və "Bu qədər təzim etmək nəyə gərəkdir?" –deyib, kədərlə köks ötürərdi."
Müharibə başlayan kimi ailəsini – həyat yoldaşı Məsumə xanımı (Məsumə xanım Borcalı mahalının saray müşaviri olan Ağa bəy Yadigarovun qızıdır) və dörd övladını - oğlu Mir Əli bəyi (9.09.1895-?), qızları Sara xanımı (7.02.1890-1976), Liyabəyim xanımı (8.02.1891-?) və Züleyxa xanımı (3.08.1892-?) Tiflisə yola salan Mir Kazım bəy Talışxanov, öz polku ilə müharibəyə yola düşür.
1916-cı ildə istefaya çıxan general Tiflisə, ailəsinin yanına qayıdır.
İstefaya çıxmasına baxmayaraq general-mayor Mir Kazım bəy Talışxanov yenə də işsiz dayanmır. Elə həmin ildə Azərbaycanlı digər general-mayor İbrahim ağa Vəkilovla birlikdə “Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyəti”ni yaradırlar. İbrahim ağa Vəkilov cəmiyyətin sədri, Mir Kazım bəyTalışxanov isə onun müavini seçilir. Onu da qeyd edək ki, generalın qızı Sara xanım Talışinskaya (7.02.1890-1976) “Qafqaz Qadın Müsəlmanlar Xeyriyyə Cəmiyyəti”nin yaradıcılarından biri və onun xəzinədarı olmuşdur. Sara xanım nəinki Talışın, həm də Azərbaycanımızın fəxr edə biləcəyi bir qadındır.
Tiflisdə yaşayan general-mayor İbrahim ağa Vəkilov öz oğlu Faris üçün Mir Kazım bəyin qızı Liyabəyim xanımı alır.
General 1918-ci ildə Bakıya qayıdir. Sonra isə Lənkərana gedib, doğulduğu yurd yerini gəzir, doğmaları ilə görüşür. Ele bil ki, ona təzə həyat bəxş olunur, Talışın təbiəti onu cavanlaşdırır, yaşlı olmasına baxmayaraq, özünü gümrah hiss edir.
Taninmiş tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadənin məqaləsində "Ordenli general, xeyirxah insan" kimi təqdim edilən, Mir Mustafa Xanın general nəticələrindən biri, görkəmli hərbi və ictimai xadim Mir Kazım bəy Talışxanov 1938-ci ildə Bakıda vəfat etmişdir.
Mən düşünürəm ki, Talışın və Azərbaycanın fəxri olan, general Mir Kazım bəy haqqında sənədli film cəkilməli, onun ömür yolu tədqiq edilməlidir. Hər bir Azərbaycan vətandaşı bilməlidir, fəxr etməlidir ki, Azərbaycanın, Talışın Talışxanov soyadlı generalları var! Bu generallardan biri də Mir Kazım bəy Talışxanovdur.

Mənbələr:
1. Qafqaz təqvimi-1917 ci il. (Gürcüstan Mərkəzi Arxivi).
2. Ş. Nəzirli: "Azərbaycan generalları".
3. Azərbaycan Mərkəzi Arxivi
4. Rusiya Mərkəzi Arxivi
5. Züleyxa xanım Talışxanovanın xatirələri.
6. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
7. E. İsmayılov: "Geneologiya Talışinskix i Talışxanovıx"
8. M. Əliyev "Mir Kazım Xan Talışinski" "Ulduz" jur.1982.
9. Ş. Nəzirli "General Mir Kazım bəy Talışxanov" "Bakı" qezeti,1989-cu il.
Razzaq Xansuvarov Talışxanov

“Tolışon Sədo”

Комментариев нет:

Отправить комментарий