15.02.2013

Mənim taleyimi dönən görərsən

Vüqar Bayramov 1983-cü ilin yanvar ayının 12-də anadan olub. Uşaq yaşlarından şeirə ədəbiyyata saz-söz sənətinə vurğun  olub. Bir neçə qəzet və jurnallarda,, həmçinin online qəzetlərdə şeirləri dərc olunur.

Görərsən

Söndürmə  gözümdə yanan  alovu,
Bir  gün  ulduzumu  sönən  görərsən.
Sənin həyatında  günəş  doğanda,
Mənim  taleyimi  dönən  görərsən.

Büsatın  xoş  olar  öz  ünvanında,
Xatirəm  dolanar  dörd  bir  yanında.
Tərs  dönən  bəxtimin nərdivanında,
Məni  pillə-pillə  enən  görərsən.


Mənli  günlərinin  qoxusu  itməz,
Şirin  xəyalların  yuxusu  bitməz.
Yoxluğun  əcaib  qorxusu  getməz,
Hər  şeyi  tər – təzə, dünən  görərsən.

Hicran səhnəsinin, sal  pərdəsini,
Endir  birdəfəlik  al  pərdəsini,
Sən  könül  sazımın  lal  pərdəsini,
Həsrətdən, hicrandan  dinən  görərsən.

Bəyənməmisən

Mənim sənə  olan məhəbbətimi,
Şam kimi  əriyən  dəyanətimi,
Yazdığım  şerimi, şeriyyətimi,
Gözümün içinə  deyənməmisən,
Deyəsən  şerimi  bəyənməmisən.

Ələ  qələm  aldım  sözün  eşqinə,
Yaşadım, yaratdım  düzün  eşqinə,
Yandım  bulaq  kimi  gözün  eşqinə,
Demə  ki, qəddimi  əyənməmisən
Deyəsən  şerimi  bəyənməmisən.

Mən  şair  deyiləm kitablar  yazam,
Münəccim  deyiləm yuxular  yozam,
Sənin həsrətinə  köklənmiş  sazam,
Hələ  də  qapımı  döyənməmisən,
Deyəsən  şerimi  bəyənməmisən.

Sevərsənmi

Desəm  sənsiz  dözmür  ürək
Sən, inana  bilərsənmi?
Mən  səninçün  ölüm  gərək,
Onda  məni  sevərsənmi?

Görsən  yoxdur  sənsiz  halım,
Tək  sən  olsan  arzularım,
Desəm, gülüm, qadan  alım,
Öz  dünyama  gələrsənmi?

Dəniztək  coşub  çağlasam,
Mən  sənə  ümüd  bağlasam,
Səndən  ötrü  çox  ağlasam,
Göz  yaşımı  silərsənmi?

Eşqin  sinəmi  dağlayıb,
Gülüm, yaramı bağlayıb,
Mən  ağlayanda  ağlayıb,
Mən  güləndə, gülərsənmi?

Körpəmiz  olsa  qolunda,
Dünya  olsa  sağ  solunda,
Ölüm  olsa  eşq   yolunda,
Sevgin  üçün  ölərsənmi?

Комментариев нет:

Отправить комментарий