15.02.2013

XALİD MAHMUD. “S” KÜÇƏSİNDƏKİ AYAQ İZLƏRİ

Xalid Qədiməli oğlu Ağayev 1982-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Azərbaycan Universitetinin filologiya fakültəsini bitirib. “Həsrət qoxulu sevgi”, “Bu mənim dünyamdı”, “Ovcumda açılan sabah” şeirlər və poemalar, “Sözün Əli Kərim zirvəsi” adlı elmi-publisistik kitabların müəllifidir. “Qarabağ harayı” bədii-qiraət müsabiqəsi laureatıdır. AYB-nin üzvü, Prezident mükafatçısıdır.

I
həyat dediyin şey nədir, bilirsən?!
işdən qayıdıb
evin qapısını açarkən
üstünə tökülən cağa səsi,
qadınının gözlərindəki
ərini gözləmək həsrəti...


və bu zaman anasını görüb
rahatlanan uşaq kimi
təbəssüm çiçəklənər yanaqlarında,
sonra sifətindəki yorğun kölgələr
bir-bir tökülər ayaqlarının altına...
ya da əksinə...

II
yolun harda bitəcəyini düşünmədən
ayaqlarımın arxasınca qaçdım
bəxtimin dalınca düşüb...

gördüklərimə deyil,
eşitdiklərimə inandım və
özümü inandırmağa çalışdım, -
sevirmişəm, ona görə.
bir az sərxoş,
bir az dəli kimi göründüm
dostların gözünə...

hamı sevgiyə tutulduğumu düşünüb
ürək-dirək verdilər.
ancaq mənim
hansı dünyanın adamı olduğumu
unutdular, unutdular...

III
unut, sən də unut...
unut məni bu küçə kimi,
üzərimdən keçib ayaqla, çıx get.
arxanca sürünən gözlərimə bax,
bir az kədərlənib, bir az darıx get.

ömür qanadlanıb uçan quşdusa,
eşqin ürəyimdə qara daşdısa,
bu sevgi gözümdən axan yaşdısa,
ovcunun içində doyunca sıx get.

sən qoydun qəlbimə, sən bu qadını,
indi də sən onun silib adını...
qəzaya uğrayan köhnə odamı
sən öz əllərinlə özün dağıt, get...

IV
sənsizlik dolu qədəhi başıma çəkincə
beynimin damarlarını sıxan
duman yox olur və
əski günlərin xatirələri
canlanır gözlərimin qabağında...

az deyil, düz dörd ildən sonra
qarşıma çıxıb
heç nə olmamış kimi
hər şeyin yenidən başlayacağına
zəmanət verməklə
hər şeyin yaxşı olacağına
ümid bəsləyirsənsə, heyhat,
yanılırsan...

yanılırsan ona görə ki,
bu ürəkdi, daş deyil,
onsuz da üzünə çırpılıb bəxtin qapıları...
sənsə heç nəyin fərqində deyilsən...

V
bu gecə içimdə bir üzüntü var,
bu gecə qar döyür pəncərəmizi.
təkəm, təkliyimin keşikçisidir,
küçə itlərinin sahibsiz səsi...

bu gecə sərxoşdu ümidlər yenə,
gəlmədin taleyin ayıq vaxtına.
səni elə sevdim...
neyləyim ki mən,
düşmədin bəxtimin oyaq vaxtına...

soyuyub otağın divarları da,
sənsizlik asılıb hər köşəsindən.
arzular başını salıb aşağı,
ümidlər ürpəşir bayquş səsindən...

bu gecə içimdə bir üzüntü var...

VI
gecələr çox uzun olurmuş,
bunu gözlərimdən öyrəndim...
hər gecə bir şam yandırdım
sən keçdiyin küçədə.
şam söndü, ümid tükəndi...
təkcə ayaq izlərinin yeri göynəyir
ayaqladığın yolların üstündə...

VII
zaman qamçılayıb, Allah qarğayıb,
tale qəzasına uğrayanları.
ya ölüm haqlayıb vaxtından qabaq,
ya sevgi odunda yanıb canları.

bəxti gətirməyib arzularımın,
keçmişəm dərdlərin tər yaxasından.
bulud gözlərimdən çox yağış yağıb,
ümid axtarmışam hər damlasında.

hər gün arxasınca xam xəyalların,
özümü yormuşam qaçıb dalınca.
durub qapınızda qara sevdamın,
yolun gözləmişəm qaş qaralınca.

elə budur bəlkə ölüm dediyin,
nə ünvan görünər, nə rəngi bəlli.
sevgi oyununda uduzanlara,
intihar həvəsi olub təsəlli...

VIII
tənhalıq pis şeydir,-
qadın nəfəsindən,
uşaq səsində
yetimdi
toxuna bilmədiyim hər şey...
bunu mən bilirəm,
bir də
kirayə qaldığım otağın divarları...

Комментариев нет:

Отправить комментарий