14.02.2013

Onların hekayəsi

Rüfət Əhmədzadə

“Bilmirəm, sevgi deyim, dərd deyim, nə deyim... Amma sənə qarşı hiss etdiklərim sənsiz daşımaq üçün çox böyükdür. Çox ağırdır... Bacarmıram daha. Nə olsun ki, dörd iə yaxındır birtəhər dözürəm, içimə gömüb yaşayıram... Amma yuxularıma girirsən, həyatımı dəyişəcək hər sevincli anımda belə yadıma düşürsən qəfildən. Və o an hər şey dəyişir. Daha doğrusu, heç nə dəyişmir. Mən yenə fikrən ayrıldığımız günə dönürəm.  Sən məndən yaxşısını sevəcəkdin, mən səndən yaxşısı ilə yeni həyat başlayacaqdım. Bəlkə də bu alındı, mən hiss etmədən həyatımda yeni səhifə açmaq üçün dəfələrlə şans qazandım.. amma səni, hətta dünyanın ən pisi olsan da unutmaq çətindir”...

Yəqin ki, belə başlayardı onun məktubu. Əgər onun ünvanını öyrənsəydi, ya da təsadüfən qarşısına çıxsaydı, bu sözləri tökərdi içindən. Sonrasını necə gətirəcəkdi, özü də bilmir. Nə deyəcəkdi axı? Deyəcəkdi ki, gəl barışaq? Axı evlənirdi! Deyəcəkdi, gəl qaçaq? Axı bilirdi ki, bu mümkün deyil... Heç sevmirdi də... Nişanlısını sevirdi, onunla ailə qurmaq istəyirdi. Amma... Bu lənət hələ də qəıbinin bir küncündə idi... Bəlkə də, ən dərinlikdə... Nə qədər dərinlikdə olsa belə, bu yaranın yenidən qanaması üçün onun adını eşitməsi, yuxusunda görməsi kifayət edirdi... Və o zaman yenidən ağlı qarışır, yenidən tərəddüdlər içində çırpınırdı...
- Sənin tərəddüdlərin bizi ayıracaq, bilirsən? Gah ayrılırsan, gah barışırsan. Gah lənətləyirsən, gah sevirsən... Qəti ol, inan mənə!
- Başa düş! Biz bir yerdə ola bilmirik də... Qırışırıq, görmürsən? Ayrılaq, bu iş bitsin!
- Asandır demək... Yaxşı, ayrılmaq belə asandırsa, niyə qırışırıq, nəyin üstündə?
- ....
Beləcə ayrıldılar. Üstündən illər keçib. Lakin onlardan heç birisi bu suala cavab tapa bilmir. Ona görə də görüşə bilmirlər. Bəlkə də, bu görüş məcburən baş tutardı. Amma qəhrəmanım hər şeyin xoşluqla olmasını istəyir. Cavabsız sualların cavabını tapsa, bəlkə də, ürəyi rahatlaşar, yeni həyata başlamaq üçün həvəsi yaranar. Olmur...
- Qəribədir, deyilmi? Mən sənə sevgi etirafını bir il əvvəl, “Sevgililər Günü”ndən bir həftə sonra – fevralın 21-də etdim. Çünki bu bayramı qəbul etmirəm... ona görə də qorxurdum ki, sənə hədiyyə verməsəm yanlış anlayarsan. Hə, sən də başa düşdün, amma 4-5 ay sonra ayrıldıq... Bir il sonra yenə həmin gündə barışdıq.
- Hə, maraqlıdır... Qismət!
- Yenə ayrılmaq istəmirəm...
- Qismət...
- Ayrılsan biz yenə də görüşəcəyik. Bizim taleyimizdir bu, mən artıq inanıram...
- Nə bilim...
- Bax, sən tez-tez “ayrılaq” deyirsən. Sənin sevginə inanıram. Nədən qorxduğunu da başa düşürəm. Amma gəl bir-birimizi ayrılıqla üzməyək. Razısan?
- ...
Və bir internet yazışması. Sonra da telefon zəngi. Onlar danışdılar. Bu illərdə sevdiyi qızın yeni telefon nörməsini bilmirdi. Evə zəng edəndə də bacıları bəhanə uydurub onu rədd edirdilər...
- Sadəcə görüşmək istəyirəm.
- Niyə?
- Bilmirəm. Amma əmin ol ki, səni qaytarmağa çalışmayacam. Nə mən yoldaşıma xəyanət edən insanam, nə də sənə məşuqə gözüylə baxaram...
- Öz həyatını yaşa! Məni unut...
- Səncə çalışmadımmı? İkimiz də çalışdıq. Amma əminəm ki, ikimiz də bacarmırıq... Sinəmdə ağırlıq var. Danışmalıyıq...
- Danışırıq da...
- Belə yox... Bununla iş bitirmi?
-...
- Görüşək.
- Görüşməklə nəsə dəyişəcək?
-...
Daha heç nə dəyişmir. Heç nə dəyişməyəcək. Amma dəyişmək lazımdı nəyisə, necəsə...
- Sənin bədduan tutdu məni.
- Nə bəddua?
- Ayrılanda demişdin ki, sən də mənim kimi sevəsən, mənim çəkdiyimi çəkəsən. Başıma gəldi. Səndən sonra birini sevdim, aldandım. Amma bir gün oturub düşündüm ki, Allah məni cəzalandırıb.
- Mən hətta səni söyəndə belə içdən deməmişəm. O bəddua-qarğış sayılmır... Sadəcə sən itirməkdən və yanılmaqdan qorxmusan. Mənim kimi panikaya qapılmısan. Nəticəsi də belə...
...
İndi hər ikisi sükut içindədir. Hər ikisi özünü taleyin axarına buraxıb. Təslim olublarmı? Olmasalar belə, çabalamaqdan savayı heç bir seçim qalmır...
- Qismət!
- Qisməti insan özü yazır.
- Mən də əvvəl belə düşünürdüm. Amma sonra gördüm ki, qismətdən qırağa çıxmaq olmaz.
- Bizim iki dəfə ayrılıb-barışmağımız da qismət idi. Allah bizi bidrəfəlik ayırmaq istəsəydi, birdən ayırardı. Dəfələrlə qarşımıza şans çıxdı. Amma dəyərləndirə bilmədik... Hər ikimiz də...
- Hə.. Bəlkə də düz deyirsən...
- Nə isə... Sənə bir hekayə göndərəcəm, oxuyarsan.

Комментариев нет:

Отправить комментарий