14.02.2013

MƏXFİ CƏMİYYƏT (MASON ŞİFRƏSİ). 30-32-ci hissələr

Asiman Eyniyev. Detektiv roman

Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...

30

Yaşadığı binaya yaxınlaşan Skot  çaşqın halda “Nebe, nebe...” deyə-deyə sükanı burub qarajın qapısında saxladı. Kompyuter sistemli qarajın qapısını açmamış maşında oturub qarajın açılmasını gözləyən Skot siqnal verməyə başladı.
O, qarajı kiminsə açmasını gözləyirdi. Yuxudan ayılmış kimi maşından düşüb məsafədən idarə edən qurğuyla qarajın qapılarını açdı. Maşını içəri salıb tələsik binaya yaxınlaşdı. Lifti çağırdı. O, çox tələsirdi. Liftin gec gələcəyini duyub pilləkənlərlə yuxarı qalxmağa başladı. Onun nəfəsi təngimək bilmirdi. O, pilləkənləri necə qalxırdısa, yorğunluğu hiss olunmurdu. Həftədə iki dəfə uzun məsafəyə qaçırdı. Pilləkənlər onun üçün liftə bərabər tutulurdu. O, dərhal yaşadığı mənzilin qapısının kilidini açıb kompakt kompyuterə yaxınlaşdı. Notbuku açıb internetə daxil oldu: “Google.com” axtarış portalının şəbəkə ünvanını yazdı. Sayt açılandan sonra dərhal “Nebe” sözünü qeyd edib axtarış əmrini verdi. O, verilən nəticələrdən razı qalmadı. İstədiyi şeyi əldə edə bilməmişdi. Linkdə olan səhifələri bir neçə dəfə çevirəndən sonra qarşısına maraqlı bir yazı çıxdı: “Nebe”, “Nəbə” – “Qurani-Kərim”in 78-ci sürəsi olub mənası “Böyük xəbər” deməkdir. Məkkədə nazil olmuşdur. 40 ayədən ibarətdir. Sürədə Qiyamət xəbərlərindən də söhbət açılır...”
O, çaşıb qalmışdı. Öz-özünə pıçıldadı:
– Deməli, Qiyamət xəbəri!
Eyni sözü yenidən araşdırmaq üçün  dostu  Mark Pola elektron məktub yazdı. Cavabı təcili olaraq gözlədiyini bildirdi. Kompyuteri söndürüb baş ağrısını kəsmək üçün ağrıkəsici həb qəbul etdi. Sonra yatağa uzandı. Hadisələri gözünün qarşısına gətirirdi. Yataqda sakit dura bilməyib hey fırlanırdı. Gün onun üçün uğursuz başlayıb sona qədər də elə davam etmişdi. Saatın əqrəbləri gecə 02:00 göstərirdi.
                                       
31

Günəş şüaları rahat yatağın sağ tərəfinə düşmüşdü. Skot başını yataqdan qaldırıb saata baxdı. Axşam başının ağrısından saatı qurmaq xəyalından belə keçə bilməzdi.
“Özümü çox pis hiss edirəm” – deyə fikirləşdi, tələsik telefona yaxınlaşdı. Telefonunun displeyində 1 yeni ismarıcın olduğunu görüb dərhal düymələri sıxdı. İsmarıc dünən axşam Laradan gəlmişdi. Mesajı dinləyəndən sonra telefon stoluna birləşmiş kresloda oturub əlini sıx saçlarında gəzdirdi. Kompyuteri açdı, yeni elektron məktub gəlmədiyini görüb onu da söndürdü. Kompyuteri yenidən açdı. Rza Abdullayevə aid olan elektron ünvanı  yazıb şifrədə dayandı. Bir neçə adda şifrə yazdı, amma “Şifrəni yenidən yazın...” qeydi ekranda təkrar-təkrar göründü. Skot sanki öz-özü ilə danışırmış kimi yavaşdan dedi:
– Mənə Laranın köməyi mütləq lazımdır. Şifrə qıran cihaz, onu haradan tapa bilərəm?
Qapının zəngi eşidildi. Qapıya yaxınlaşan Skot əynində heç bir şey olmadığını divardakı geniş güzgünün qarşısından keçəndə gördü.
– Özümü tamam itirmişəm,  – “Adidas” markalı şortu geyinib qapını açdı. Qapıdan yalnız başı görünən Skot bir uşağın ona məktub uzatdığını gördü.
– Sənə bunu kim verdi? Skot xəbər aldı.
Uşaq maşının markasını məharətlə yadda saxlamışdı:
– Qara rəngli “Hyundai Grandeur” markalı maşın idi. Kök, balacaboy uşaq maşının adını pəltək səslə səsləndirdi.
– Sənə məktubu verən adamı görsən tanıya bilərsən?
– Əlbəttə, tanıyaram. – Uşaq gördüyü işin qarşılığında ənam almaq niyyətində idi.
– Hə, onda de görüm, necə adam idi? – Skot soruşdu.
– Eynək taxmışdı. Qara rəngli kostyum geyinmişdi. Deyəsən saçı sarı idi. Amma səsi bir az qorxulu idi. Mən dəhşət filmlərini çox xoşlayıram.
Söhbətin çox uzandığını görən Skot qapının arxasında şaqüli vəziyyətdə dayana bilməyib açığa çıxdı. Uşaq ona baxıb güldü.
– Siz lütsüz ki, – söyləyib təkrar güldü.
– Buna lüt deməzlər, – Skot əlavə etdi: – Bax, şort geyinmişəm. O adam sənə başqa bir söz dedi?
– Yox, heç bir söz demədi. Hə, onu deyirdim axı, – uşaq əlavə etdi: – Danışan adamın səsi dəhşət filmlərini səsləndirən adamın səsi ilə eyni idi, – deyib liftə yaxınlaşdı.
Skot qapını örtüb məktubu açdı. Yazılan iki cümləni oxuyandan sonra təkrar-təkrar bir neçə dəfə oxudu.
– “Bizi axtaranları, bizə lazım olanları biz özümüz tapırıq. Sonuncu xəbərdarlıq”...
– Bu nə deməkdir, ilk xəbərdarlıq mənə nə vaxt olunub ki, – öz-özünə deyinən Skot məktubu təkrar oxuyub siyirməyə atdı. Qapı təkrar döyüldü. O, yay köynəyini geyinib qapını açdı.
– Salam, buyurun, bu da qəzetləriniz!  – Bu cavan poçtalyon Skotun evinə həftədə 5 dəfə gəlirdi.
Qəzetləri alan Skot üstəkinin manşetindəki başlığı oxudu: “Şəhər Administrasiyasının rəhbəri Rza Abdullayev işgəncə ilə qətlə yetrilib. Onu dünən axşam torpağa tapşırıblar. Abdullayevlər ailəsi bu barədə mətbuata heç bir açıqlama verməyib. Beynəlxalq Turizm Agentliyi hadisədən xəbər tutmuş və Abbas Abdullayevə başsağlığı göndərmişdir...”
Skot qəzeti əlində bir neçə saniyə eyni vəziyyətdə tutub fikrə getdi.
“Alnında “Nebe” yazılan adam Rza Abdullayevdir. Mən buna əmin idim...” – Skot əminliklə düşündü.
Qapı yenidən döyüldü. O, qapıya yaxınlaşana qədər son günlərdə baş verən bütün proseslər gözünün qarşısından ötüb keçdi.
– Skot, neçə gündür səni axtarıram,  – deyə tanışı qapını itələyib içəri daxil oldu.
– Yenə nə olub Leo? – fikirdən ayılan Skot dostunu içəri buraxanda özünü normal hiss etməyə başladı.
Leon ləqəbi ilə tanınan oğlan, uzunboylu, arıq idi. Leon adını ən sevdiyi filmdən götürmüşdü. Bu film – baş qəhrəmanı kimi – “Leon” adlanırdı. Şəxsiyyətini təsdiq edən sənəddə adı bir az qəliz olduğuna görə, “Mənə elə Leon deyin, kifayət edər!” – yaxın dostlarına söyləyərdi. Əsl adı və soyadı Məkan İsmayılov idi.
 – Xəbərin var: şəhərimizin merini öldürüblər! – Leon əlavə etdi: – Müəmmalı qətli kim törədib? Bütün şəhər bu qətl hadisəsi barədə danışır. Sənsə oturmusan evdə, heç nədən xəbərin yoxdur. Yenə əvvəllər MTN-nin əməkdaşı idin, hadisələrdən xəbərdar olurdun. İndi qocalıb çıxmısan təqaüdə, haradan xəbərin olacaq, ay yazıq!?
– Leo, məni əsəbləşdirmə, sənə hadisəni törədən adam lazımdır. Odur sən də mənim üstümə qaçmısan. Yaxşı bilirsən ki, bu hadisə barədə sənə qəzetlərdən də çox mən geniş məlumatlar verə bilərəm. Mən də sənə heç bir söz deməyəcəyəm. Sonra başqa bir sifarişin varmı?
– Oho, dostum, sənin bu alicənablığına mən uşaqlıqdan həsəd aparmışam. Sən zarafat anlamırsan? Özün yaxşı bilirsən ki, mənim səndən başqa dostum yoxdur. Əvvəllər sən MTN-də işləyəndə, mənim qarşımda heç kim rahat gəzə bilmirdi. İndi səni işdən atıblar bayıra, mən də qalmışam yiyəsiz.
– Leo, başımı ağrıtma, indicə yuxudan oyanmışam. Çox yorğunam, iştahamı açıb bir azdan yenə yatacağam. Sən gedə bilərsən.
– Dostum, bu olmadı ki... Sən axı əvvəllər belə deyildin. Nə olub sənə?
– Sənin dərdini bilirəm, məndən məlumat alıb özünü çoxbilmiş kimi göstərmək niyyətindəsən. Bütün binaya yayacaqsan ki, mən bilirəm meri kim qətlə yetirib. Ancaq inandırım, bu dəfə sənə heç bir məlumat verə bilməyəcəyəm. Çünki mən özüm də heç bir şey bilmirəm. Bax, elə indicə, – Skot əlindəki qəzeti dostuna uzatdı, – bunu sənin tanışın olan poçtalyon gətirib. Mən də buradan öyrəndim ki, şəhərin merini qətlə yetiriblər.
– İndi deyirsən, sənin heç bir məlumatın yoxdur? – Leon özünü istintaqdakı müstəntiq kimi aparmağa başladı.
– Yoxdur, cənab rəis, – söyləyən Skot tələsik mətbəxə keçdi.
Qəzeti vərəqləyən Məkan incik halda deyindi:
– Bunları elə mən də bilirdim, – Skotun ardınca mətbəxə daxil oldu.
– Nəyin var, nə yeyəcəksən? Mən də yaman acmışam, dostum. Gecə də heç nə yeməmişdim. Bir fincan süd içib yatmışam. Bilirsən də mənim ən sevdiyim içki təzə süddür.
Skot dinmədi, işində idi.
– Oho, “Espresso”, italyan qəhvəsi, hazır edə bilirsən? – Leon fincanı düz qəhvə hazırlayanın yanına qoydu. – İçib fincanının dibində saxlayarsan, mən də sənin hesabına o qiymətli cənnət içkisindən dadaram.
– Bəsdir, özünü tülkülüyə vurma, otur gözlə! – Skot səsini qaldırdı.
Özünü yığışdıran Məkan araya söz qatdı:
– ...Yadındadır?..
– Heç bir şey yadımda deyil, get otur yerində, – deyə Skot onun sözünü kəsdi.
Məkan zala keçib stolun üstünə qoyulan jurnalların səhifələrini tələsik vərəqləməyə başladı.
– Nəhayət tapdım. Deməli, sənin belə işlərin də var?
Əlində qəhvə dolu iki fincan zala daxil olan Skot təəccüblə soruşdu:
– Nə işlərim var?
– Bu nə şəkillərdir? Bu nə jurnaldır, dostum?
– Onu sənin kimi axmağın biri gətirib. Yadından çıxıb, burada qalıb. Götür sənin olsun, – Skot ironiyayla bildirdi.
Tələsik “Playboy” jurnalını götürüb qoltuq altına basan Leon gülümsündü. Skot qəhvədən bir qurtum alandan sonra gözlərini yumub dərindən nəfəs aldı. Leon divara bərkidilmiş çərçivədəki şəkilə baxdı. Şəkildə kişi ilə qadın yanaşı durmuşdu. Ortadakı balaca uşaq hər ikisinin əlindən tutmuşdu. Leon bir qədər duruxub dedi:
– Allah rəhmət eləsin! Bu günə kimi yadımdadır.
– Kim yadındadır? – Skot sualı gözlərini açmadan verdi.
– Uşaqlıqda həyətdə oynayırdıq. Birdən səni evdən çağırdılar. Sən tez evə qalxdın. Mən də evə getdim. Rəhmətlik anamdan soruşdum ki, nə olub? O, kədərlə söylədi: “Skotun atası ilə anası bir də evlərinə qayıtmayacaqlar!”. Anamdan bunun səbəbini soruşanda, o, araya söz qatdı: “Tez ol, yeməyini ye, çox sual vermə...” Üstündən bir qədər keçəndən sonra bu barədə səndən soruşanda, belə cavab verdin: “Onlar kinofilmlərdəki kimi öldülər...” Sonralar mən o sözü çox fikirləşdim: “Kinofilmlərdəki kimi!”. Böyüyəndə isə onların avtomobil qəzasında faciəli surətdə  həlak olduqlarını bildim. Bizim taleyimiz belə oxşar olub, Skot...
Leon əlindəki kofe fincanını yerə qoydu. Ailəsi ilə birlikdə olan son şəklinə Skot özü də nəzər yetirdi.
– Mən də valideynlərimi avtomobil qəzasında itirmişəm. Tale elə gətirdi ki, mən qəzaya düşmüş maşının içindən sağ çıxdım. O zaman artıq mən yaşa dolmuşdum, iyirmi yaşım var idi. Sonralar çox əziyyət çəkdim. Bütün yolları gözdən keçirtdim. Sənə ölənə kimi minnətdar olacağam, çünki məni pis, əsl ölüm yolundan çəkindirmisən. Birinci səfər, daha doğrusu, ilk dəfə üstümdə heroin olanda məhz səninlə rastlaşdım. Sən uşaqlıqdan çox diqqətli idin. Mən özümü çox şübhəli apardığımı hiss etmişdin. “Sən hara gedirsən?” – deyəndə, özümü tamam itirdim. Dalanın tinində malı təhvil verməli idim. Yaxamdan yapışıb, “Yenə nə yaramaz işlər görürsən?” – deməyin mənim heç vaxt yadımdan çıxmaz. Özün heç xatırlayırsanmı o hadisəni, yadındadır?
– Yadımdadır, Leo, yadımdadır, – Skot başını tərpətdi.
– Həmin anda sən qarşımda duranda elə bildim ki, doğmaca qardaşım mənə nəsihət edir. Günlərimiz çox ağır keçib, hə dostum?
O gözlərini pəncərədən bayıra zilləyib ağır-ağır silkələnən köhnə cökə ağacına baxdı. Yaman kövrəlmişdi... Sonra söhbətinə davam etdi:
– Həmin gün malı yiyəsinə çatdırmadım. Dalana çatmamış kiçik paketi açıb yerə tökdüm. Sonra tapdaladım. Onlar bir neçə gün məni axtardılar. Qaçıb gizlənirdim. Yavaş-yavaş bəla sovuşdu. Mənimlə daha işləri olmadı. Yadındadır, sən bütün günü Artur Konan Doylun kitablarından ayrılmazdın. Şerlok Holms sənin xəyallarının qəhrəmanı idi. Həmişə deyirdin ki, mən böyüyəndə Şerlok Holms kimi ağıllı, gülərüz, dərrakəli, səmimi, hər kəsin qayğısına qalmağı bacaran məxfi xəfiyyə olacağam. Məncə, elə oldun da.
Skot sonuncu cümlədə özünü saxlaya bilməyib güldü.
– Səncə, oldum? – Skot gülə-gülə soruşdu.
– Hə, məncə, oldun. Sən Şerlok Holmsdan heç də geri qalan xəfiyyə deyilsən...
Skot gülümsəyib əlavə etdi:
– Amma məncə, sən əvvəldən avara olmaq istədin və avara da oldun, – deyib ikisi də bərkdən güldülər...
Leon söhbətin yumşaldığından istifadə edib sualı yenidən səsləndirdi:
– Skot, həqiqətən də merin ölümüdən sən xəbərsizsən?
– Sənə dedim ki, xəbərsizəm.
– Hə, onda mənə icazə ver. Mən gedirəm.
– Niyə gəlmişdin ki, məndən xəbər almağa, yoxsa qəhvə içməyə?
– Birini etdim, qaldı biri, – deyib gülərək qapıya yaxınlaşan Leon qoltuğu altına  yerləşdirdiyi jurnalı düzəltdi, “Bay-bay!” deyib mənzildən çıxdı.
 – Sənə də dediyindən. – Skot arxası qapıya tərəf olan kürsüdən qalxmayaraq bildirdi. – Bu adam düzəlməyəcək də.

32

Xidmətçilər səhər yeməyinin stolunu günəşin zərif şüalar saldığı akasiya ağacının altında hazırladılar. Abbas Abdullayev işə getməyə hazırlaşırdı. Qalstukunu bağlayıb həyat yoldaşı  Flora xanıma yaxınlaşan Abbas Abdullayev onun kosmetikaya boyanmamış tər sifətini öpdü.
– Hər şey düzələcək. Cinayətkar ədalət qarşısında cavab verəcək. Səni çox sevirəm, – deyib əlini onun kürəyinə qoydu.
Flora xanım onunla bərabər həyətə düşəndə onları uzaqdan seyr edən İsa Abdullayev malikanənin üçüncü mərtəbəsindən bağı gözdən keçirirdi. Onu uzaqdan səsləyən Abbas Abdullayev bildirdi:
– Səninlə işim var...
Masaya yaxınlaşan Abdullayevlər ailəsinin üç üzvü birlikdə masanın arxasına keçdilər. Masa arxasında ilk olaraq hər üçü bir-birinə yenicə qohum olduqları iranlılar barəsində sual etdi. Sualın cavabını Abbas Abdullayev özü verdi.
– Onlarla əlaqəmiz kəsildi. Cənazədə özünü yad kimi aparan Vəliəhd Xocəvi ürəyindən keçəni mənə açıq deyə bilməsə də, onun razılığını qəbul edib, “Qızınız azaddır!” – dedim. –  “Nişanı isə qaytaracağıq...”
Flora xanım yenə üzünü yana çevirib ağladı.
 – Bax, belə olmaz. Sən hər dəfə belə etsən, onda özünə də nəsə olacaq. Belə olmaz, başını dik tut. Biz birlikdə hər şeyə qalib gələcəyik...  – Abbas Abdullayev onu sakitləşdirməyə çalışdı.
Səhər yeməyini tamamlayan Abdullayevlər ailəsinin üzvləri masadan qalxanda Flora xanım dilləndi:
– Mən bir az oturmaq istəyirəm!
O, içərisində portağal şirəsi olan bardağı götürdü. Qədəhə süzüb, ağır-ağır içməyə başladı.
– Necə istəyirsən, – deyə Abbas Abdullayev İsaya üzünü tutdu:  – Mənimlə gəl.
Sonra hər ikisi evə daxil oldu.
Abbas Abdullayev siyirməni açıb zərf çıxartdı. Bir qədər tamaşa edəndən sonra nəhayət zərfi ona uzadıb danışdı:
– İsa, vaxtı gələndə bu zərfi Skot Reynə çatdırarsan.
– Skot Reyn? – İsa Abdullayev çaşqın halda kürəyini kostyum qarderobuna söykədi, sonra soruşdu: – Kimdir o adam? Müsəlman deyil?
– MTN-nin məsul əməkdaşı olub, hazırda təqaüddədir. Müsəlmandır. Bu zərfi ona çatdırmağını istəyirəm. Amma vaxtı gələndə...
– Vaxtı nə zaman gələcək? – deyə təəccüblə soruşan İsa Abdullayev çaşıb qalmışdı.
– Bunu sən özün təyin etməlisən.
Abbas Abdullayev diqqətlə onu süzdü. Başını aşağı salıb otaqdan çıxdı. Zərfi əlində tutan İsa Abdullayev onun hər iki tərəfini gözdən keçirtdi. Zərf adsız ünvana yollanmaq üçün hazırlanmışdı. Abbas Abdullayev tələsik maşına əyləşdi. Masa arxasında oturan Flora xanıma əl yelləyəndən sonra maşın hərəkət etdi.
İsa Abdullayev Flora xanıma yaxınlaşdı:
– Bu adam problemlərin düz mərkəzində dayanıb. Onun yeri mərkəz deyil, bu dəqiqələrdə o, müdafiədə oynamalıdır. – Zərfi əlində oynadan İsa Abdullayev fikrini bildirəndən sonra uzaqlaşdı.
Flora xanımın fikri dağınıq idi. O heç İsanı da eşitmədi.

Комментариев нет:

Отправить комментарий