17.02.2013

“Pampers” və “smes” anaları

Lalə Mehralı

Hər yerə burnunu soxan, hər sahədən yazan jurnalistlər nəzərimdə qeyri-peşəkardır. Jurnalistin bir sahəsi olar, media istisaslaşması olar, o sahəni dərindən bilər, cikinə-bikinə bələd olar, o sahədən də məqalə yazar. Yoxsa bizdəki kimi bir gün siyasətdən, bir gün mədəniyyətdən, o biri gün iqtisadiyyatdan, sabahısı da idmandan yazmaz. Üstəlik yaxşı bilmədiyi bir sahədən də oxucusuna dərs keçir.
Jurnalistlər bir tərəfə qalsın, oxucular da belədir. Bir məqalə yazırsan, bildiyin, məlumatının olduğu bir sahədə, əsaslı faktlar ortaya qoyursan, ciddi sübutlar əldə edirsən, amma oxucu öz bildiyini deyir.
Elə götürək sosial şəbəkələri. Dostluğumda yüzlərlə ana, ata, nənə, baba var. Mənim sosial sahələrdə, ailə, qadın, uşaq və sağlamlıq mövzularında çoxsaylı yazımı oxuduqlarını deyən yüzlərlə virtual dostum var. Mən artıq onları qruplaşdırmışam da. Məsələn, bir qrup virtual dostum olan anaya “pampers ana”, başqa bir qrupa “smes ana” adı vermişəm.
Amma di gəl ki, “facebook”da bir dənə qeyri-ciddi status yazım, 50 nəfər bəyənəcək, şərhlərin ardı-arası kəsilməyəcək, bu deyəcək, o cavab verəcək, o biri etiraz edəcək, başqa biri onun etirazına etiraz edəcək. Amma bir dənə ciddi, məsələn, təhlükə daşıyan geyimlər, süni uşaq qidaları, zəhərli oyuncaqlar, psixologiyanı dağıdan Amerika cizgi filmləri barədə SOS tərkibli status, ya da yazı yazım, heç kim fikir bildirməyəcək. Çünki əksəriyyət çips yeməkdən, kola içməkdən  zehni gerilik yaşayır, deyiləni qavramır.
İndi mən sosial şəbəkədə bir status yazsam ki, ay ana, ay ata, uşağına süni uşaq qidası yedirmə, onun tərkibində təhlükəli qatqılar var, qərb ölkələri yeni elmi sınaqlarını məhz bu cür qıdaların içinə yeridərək sənin övladının üzərində sınaqdan keçirir. Bu yazdığımı oxuyan ana-ata məni borclu çıxaracaq, deyəcək sən həkimlərdən çoxmu bilirsən? Beləsinə nə deyim mən yazıq?
Axı desəm ki, sənin həkim dediyin o varlıq sənin uşağına süni qida məsləhət gördüyü üçün istehsalçı firmanın xüsusi güzəştlərini alır, mükafat olaraq Antalyaya istirahətə göndərilir, inanmayacaq. Çünki sərf eləmir.
İndi mən bir status yazsam, desəm ki, o dilsiz-ağızsız körpəyə hazır uşaq bezi - pampers geydirmə, deyəcək ki, bu uşağın rahat olması üçün kəşf edilib. Adam anlamır ki, biznes maraqlarının hökm sürdüyü bir zamanda heç kim başqasının övladının rahatlığını və sağlamlığını düşünmür.
Desəm ki, o uşaq bezlərinin tərkibinə vurulan qatqılar, hazırlanmasında istifadə edilən xammal sənin övladının impotent, sonsuz, yetərsiz olması üçün seçilib. İnanacaqmı? Əlbəttə, yox. Niyə? Çünki gündə 3-4 dəfə hazır bezi uşağa geydirib bulananda çıxarıb atmaq asandır, amma əskiləri yumaq vaxt alır. Nəzərə alsaq ki, indi əllə yuma dövrü deyil, maşınlar hər işi görür, bu halda pampers geydirib uşağını zəlil edən ananı sadəcə “sadist” adlandıra bilərəm.
İndi mən desəm ki, ay ana, 5-6 aylıq südəmər uşağa qırmızı ət yedirmə, ona lazım olanları sənin südündən alır, özün təbii qidalan, südün yararlı, dolayısı ilə övladın sağlam olsun, deyəcək ki, mənim sinəmin görüntüsü korlanır, uşağa süd vermirəm. Desəm ki, uşağa koka-kola içirmə, onun tərkibində kokaindən tutmuş kansorogen maddələrə qədər nə desən var, deyəcək ki, indi bütün dünya kola içir.
İndi mən desəm ki, uşaqları amerikan cizgi seriallarından uzaq tutun, o multfilmlərin missiyası bütün uşaqları zombiyə çevirməkdir, deyəcəklər, Amerika demokratik ölkədir, onlar nə hazırlayırsa hamısı humanizmə, insanlığa xeyir olan şeylərdir, uşaq o cizgi filmləri ilə həyatı öyrənir.
Mən desəm ki, o dövləti öz maraqlarından başqa heç nə düşündürmür, bax onda əsl həngamə başlayacaq, müdafiəçiləri məni ölümlə hədələyəcək, dilimi dinc qoymağımı məsləhət görəcək. Ay qadan alım, bu ölkədə sadist Amerikanın nə qədər himayədarı varmış?!  Ömründə öz qəsəbəsindən bayıra çıxmayan, Amerika haqqında sifarişli yazılmış və ağ yalanlarla bəzənmiş mədhiyyələri oxuyaraq bu ölkənin insanlığa bir “töhvə” olduğuna inanan nə qədər sadəlöhv varmış...

teleqraf.com

Комментариев нет:

Отправить комментарий