17.02.2013

SANCAQ

Vəfa Mürsəlqızı

İnamım, ümidim yoruldu getdi,
Daha boş bir ürək daşıyacağam,
Nəsə içərimdə qırıldı getdi,
Hamı tək sadəcə yaşayacağam.
Atacam arxanca xatırələri,
Ya başına dəyər, ya ayağına,
Səndən mənə qalan gəlinciyi də,
Gətirib asacam göz qabağına.
Silib-süpürəcəm yaddaşımı da,
Hər gün süpürdüyüm ev-eşik kimi,
Qovacam qapıdan həsrətini mən,
Küçədə dolaşan boz pişik kimi.
Daha ağlamağa, inildəməyə,
Nə təpər, nə də ki, nəfəs qalmayıb.
Qəlbinlə oynaya bilərdim bir az,
Köhnə oyuncağa həvəs qalmayıb.

Sən də yavaş-yavaş dəyiş yolunu,
Daha əvvəlki tək dəymə gözümə,
Səndən nə qalmışdı küləyə verdim.
Məndən nə qalıbsa qaytar özümə.
Görüşə geydiyim paltarları da,
Dolabdan çıxarıb tullayım gərək,
Küçədə birinə acıqla baxdım,
Günahı nə imiş? Sənə bənzəmək.
Hər şeyi qaytardım.Mənə nə qalsın?
Nə desəm diksinər gecə ahımdan,
Mənə bir sancaq al yadiğar olsun,
Həsrətin açılıb düşb yaxamdam.

Комментариев нет:

Отправить комментарий