12.02.2013

Qonu konu`sunda Məktubnamə və ya da: Dəmdəməkiyyə

SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Güntay Gəncalp adlı bir yazar peyda olub. Günbatandan Gündoğana tənələr yağdırır, daşlar atır. İdrak qütbundən idraksızlıq qütbünə, işıq qütbündən qaranlıq qütbünə, ədalət qütbündən zülüm qütbünə, haqlar qütbündən haqsızlıqlar qütbünə, arı-durular qütbündən bulanıqlar qütbünə, ..., bədənlər qütbündən ruhlar qütbünə...
Deyəsən, adam ikicə rəng tanıyır: ağ, qara. Ancaq bunların hansını hansı şaxın başında gördüyü ona hələ qaranlıqdır.
Adamla şəxsən tanışıq. Atakənddə (Bakıda) o mənim evimdə olub – çayımı içib, mən onun (kirayələdiyi) evində olub – çayını içmişəm. Onun indi patoloji çılğınlıqla yamanladığı İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ruhaniyyat Ocağında bir neçə il Amaldaş olmuşuq. Uzun-uzun qonuşmalarımız olub – hər ikimizin ürəyincə olan.

Adamın qığılcımlı, şaqqıltılı gülüşü vardı mənim o vaxtkı ağlıma görə, – yaşam eşqindən soraq verən. Adamın heyrətamiz yaddaşı (hafizəsi) vardı – idrak eşqindən soraq verən. (İndi bəlli olur ki, onun yaddaşı eşqdən yox, qabiliyyətindən soraq verirmiş, çünki Eşq olumsuz çalarlı patologiya yaratmır). Adamın çoxlu qabiliyyətləri vardı – çulu sudan çıxaran.
Adama yönəlik mən az nəsnələr bilirdim. Bir az genişini “Xalq Cəbhəsi” qəzetenin 31 mart 2010-ilsıralı sayında oxudum. Körpəlikdən adı “Mənuş” imiş, İranın fars idarəçiliyi bu adı onun pasportuna “Mənuçehr” kimi yazıbmış. Adam kökəncə mənim həmyerlim – Qarabağlımmış. Ancaq mənim tanıdığım qədərincə, qütbik dəyişilmələr qarabağlılara o qədər də xas deyil. Xasiyyət (soya xaslıq) da bu yüzildən o yüzilə dəyişilən keyfiyyət deyil...
Bizim bu Mənuş-Mənucehr-Güntay isə (mən bu ad dəyişmələrini ona qüsur saymıram – özündən asılı olmayıb, burada qüsurluq bir şey də yoxdur) elə dəyişikliklər ortaya qoyur ki,... düşünməli olursan. Burada mən onun yalnız İnam Ata (Asif Ata) və Mütləqə İnam Ocağı ilə bağlı dönüşlərinə yönəlik öz düşüncələrimi bildirəcəyəm.
Güntay bəy Ata Öyrətisini (Mütləqə İnamı) Doğusal (Şərqə xas) baxış sayır, duyğusallığı geridə qalmış yaşam və düşüncə tərzi sayır. Yəqin burada onun “geriçi-irəliçi” ayrıcının meyarı, “sıfır nöqtəsi” Batının son üç-dörd yüzildəki texniki inkişafıdır. Oğlan hansı Doğudan danışdığını aydın söyləmir. Coğrafi Doğu, şərti olaraq, Yapondan başlanır. İndi Güntaylar sıxan Doğusal gerilik orada gözə dəymir (əksinə, Safruhları rahatsız edən irəlilik hiss olunur). Doğunun ən ulu anası isə yəqin ki, Çindir. Çində gə gerilik gözə dəymir, qədimdə isə orada düşüncənin
Konfusi yolu olub, inandırmanın Lao-Tszı yolu. Və bunların heç biri, sənin iddia etdiyin kimi, düşüncəni yasaqlamayıb.
Qaldı Asif Atanın Mütləqə İnamına, onu doğrudan da Doğusal (Şərqi) dünyabaxış adlandırmaq olar. “Elə bir baxışdır” deməyib, “adlandırmaq olar” deməyimin səbəbi Mütləqə İnamın ümumbəşər siqlətli, fəlsəfi yönlü bir inam – inanc – vicdan sistemi olmasıdır. “Bəş bu niyə ümumbəşəridir?” deyə soruşsanız, mən də birbaşa cavab vermədən öncə sizdən soruşuram: “Rasional elmi dünyabaxışçılığı siz nə üçün ümumbəşəri sayırsınız?” Cavabınızı təxmin eləyirəm: “Çünki ağılnan işləmək dörd cəhətin hamısına xasdır”. Cavabınızı doğru sayıram. İndi mən də öz yanımdan deyirəm: “İnam-inanc-vicdan dünyabaxış-fəlsəfəsi olan Mütləqə İnam da Yer üzündə hamıya xasdır, ən azı gərəkdir – hətta rasionalizmdən üstün olmaqla, yalnız dörd cəhətə yox, hamıya. Onu Yaradan bu siqlətdə yaradıb. Və rasionalizmin o biri üzü mütləq şəkildə Allahlı (tək və ya çox Allahlı) din deyil.
Və sənin “düşüncə” dediyin rasionalizm əslində heç dünyabaxış deyil. Bu baxışın öncülərindən (korifeylərindən) olan Z.Freyd “elmi həqiqət şəxssiz həqiqətdir, dünyagörüşündə isə yalnız şəxsin şəxsə münasibətindən danışılır” deyirdi.
Rasionalizmi (elmçiliyi) bayraq eləyən Batıda dünyabaxış sahəsində təkallahlı din hakimdir – sənin guya aşağıladığın əsl Doğuda (Hind – Çində) isə “ateist” dinlər.
Sənə inansaq, Dirçəliş cağına qədər bəşəriyyət bilməyib ki, insan yalnız mənəvi deyil, həm də cismani-maddi yaratıqdır. Sonra Avropa Dirçəlişi bunu anlayıb, irəli gedib o qitə, bədənə doğru, Asiya anlamayıb, öz ruhçuluğunda qalıb, insana yalnız mənəvi yanaşmaqla ona (daha doğrusu, onun bədəninə!) əziyyət verib.
“Bilim, fəlsəfə və inanc məhkəməsində Asif Əfəndiyev” adlı (Allah, sən saxla bizi bu məhkəmədən, bu hakimdən!), 21 mart 2009-ilsıralı yazında bu cür bəsit bir girişdən sonra ayaq alırsan Asif Ata Səltənətinə! Başlayırsan ondan ki, Atanı Atalıq taxtından “salıb” “Əfəndiyevləşdirirsən”. Özünü bilim, fəlsəfə, inanc münsifi sanırsan?! Harada göstərdin bənzər nitelikləri?! Pisləmə, qınaq (tənqid), danma (inkar), yaxma elə də uca sifətlər deyil. Münsif oturuşmuş, dərin, sanballı, ucaldıcı, çağırıcı, təsdiqləyici, yaradıcı kimsələrdən olar. Səndə belə keyfiyyətlər görünməyib hələ. (Kaş görünəydi! Görmək istəməyən kor olsun...) Ağzını açan andaca özünü nişan verirsən. “Güntay” adını sənə Asif Ata (İnam Ata) verib: 7 Mərhəm günü, Yağış ayı, 13-ilsıralı Ruhsal Bəlgəylə – Öz Ocağının 88-ci Evladı kimi. Bəlgənin mətni Kutsal “Onluğ”un “Kutsal Quruculuq” adlanan beşinci Bitiqində həmişəlik yerini tutub.
Onun verdiyi adla şəfəq saçırsan, Onu aşağılayırsan?! Deməli, sənin “bilim, fəlsəfə, inanc münsifliyin” bu licimdəymiş?! (“Münsif” sözü səslənişcə “minsifət”ə yaxın olsa da, ərdəmlikcə ondan diametral o tərəfdədir).
Və Atanın Özüylədöyüş ideyasına əl qatırsan. Guya Doğuda insanı yalnız mənəvi varlıq sanıblarmış, onun cismini gözardı eləyiblərmiş ilsıra boyunca – ta “modern dünyadan küləklər əsənə” qədər! Bu – Doğuya doğulu “münsifin” əli ilə yaxılan qaradır.
Mən hətta Buddanın da bu düşüncədə olmadığını düşünürəm. Hətta madiyyatçı-bədənçilər də, insanın ömrü, sağlamlığı üçün pəhrizlərin önəmindən danışırlar... Budda insanın cisminə qarşı vuruşmurdu; o bu cismin əzab-iztirabına qarşı idi. Lakin insanın əzab-iztirab törədicilərinə o qədər bulaşdığını (aşiqliyini...) görürdü ki, ona nirvanik ölüm ruhaniyyatı – özünəməxsus tanatos yaratmışdı. Buna mən “Yazılması mümkün olmayan əsər” harayımda da işarə vurmuşam: – “Ruhani İnsan uğrunda” kitabımda.
İnam Ata özüylədöyüşdə məhz “canavarı” (eləcə də tülkünü, ilanı, əqrəbi) öldürməyə çağırır, ixtiyarını ona qapdırmamağa, öz əlində saxlamağa çağırır. (“Kamilləşmə Əməli” Əsərinə bax).
İnsan içində canavar – güclü deyil, iyrəncdir və o, uzun yaşaya bilməz, üzürlü yaşaya bilməz. İnsanlaşma Peyğəmbərinə yönəlik “Əxlaq diktatoru” və “vəhşi insan türü” (növü) yetişdirən sözlərini həmcins anlamlar kimi işlədən adamın sözündənsə özünün başına ip salmaq doğrudur, məncə. “Minimal yaşam tərzi” isə öncə tərbiyədir, təklifdir, sonra könüllüdür – o da “maksimal yaşam tərzi” kimi. Ata tərbiyəsi bunların dəngəli olmasına işarə verir. İnsanın çıxarı da (həm mənəvi, həm cismani) bu cür istəyir. Okean sularına (təbii mühitə, stixiya ixtiyarına – insan tərbiyəsinə) idarə olunmayan gəmi ilə çıxa bilməzsən. O, sənin oralarda “peyğəmbərləşdirdiyin” üstinsançı və şəhvətçi kimsələrin xam xəyalıdır.
Sənin iddia etdiyin kimi, doğrudanmı “çağdaşlıq bütpərəstliyi ortadan qaldırıb”? Bəs sizin bu nəfs bütünüzü, bədən bütünüzü, sürət bütünüzü, it bütünüzü, öldürmək bütünüzü... neyləyək?! Bu bütlərin varlığı da sübut eləyir ki,... “çağdaş insana” qamçıdan çox, cilov vurulmalıdır. Pənah apardığınız bölgələrin bu gün iqtisadi çöküş içində çabalamağının səbəbi də elə sizin bütlərinizdir. İndi istefada olan bir Hind-Çinli hökumət başçısı deyirdi bunu.
“Yeni bir din yaratdığını iddia edən Əfəniyev” deyə bir söz işlədirsən. Asif Ata Özünün yaratdığına hər yerdə “İnam” deyirdi. Sənsə iddia edirsən ki, dinlə inamın fərqi yalnız “din”in “inam”dan daha geniş anlayış olmasıdır. Halbuki Atanın irəli sürdüyü kontekstdə bunların oxşarlığı azdır və üzdədir, fərqləri böyükdür və prinsipialdır. Bu fərqlərdir onların birini din, o birini inam eləyən. Belə ki, dindən gələn – sübut görünmür və sübut olunan deyil, inamdan gələn sübut olunandır – onun idrak adlanan tərkib hissəsi var. Dinə “iman” adlı tərkib hissə xasdır və o, təlqin (sırıma) götürür. İnamda təlqin mümkün deyil. Bunu başa düşmək istəyirsənsə və idrakının gücü çatırsa, Ata Təlimindəki Mütləqin tərifi ilə dinin “Allah” anlayışını müqayisə elə – Allaha bitkin bir tərif-təyin ver. Mümkündürmü bu?! Ataçılıqda isə Mütləqin qəti tərifi var – qutsal “Cövhər” Əsərində verilmiş nisbətən geniş və şeriyyətli təsvirinin (təzahürlərinin) cövhəri kimi.
Asif Ata sizin kimi, oyunçu deyildi, böyük döyüşlər üçün ciddi sınaqlar içindən çıxmış faciəçiydi; “Nə ilə məşğul olursan?” deyənlərə “Bir böyük qazan qaynadıram!” deyirdi. Yəni nə dediyini, nə və niyə elədiyini fövqəladə gözəl bilirdi. Sənin (bilmirəm nə məqsədlə) dediyin anlamda Onun İslam dininin bütövlüyü ilə də işi yox idi, o ki qalmış dinin bir təriqəti (şiəlik) ola! Hər hansı bir “din düşmənçiliyi” heç kəsi Mütləqə İnam Peyğəmbəri eləyə bilməz – bunun üçün daha böyük, ümümbəşər zərurəti gərəkdir!..
Yenə sənin iddia etdiyin kimi, O Öz Şəxsinin “bütün kainatla” deyil, yalnız Özünün irəli sürdüyü Atalıq anlamıyla bütünləşdiyini, o anlamla mütləq şəkildə birləşmiş olduğunu söyləyirdi və bu – doğruydu. O bizim canlı Bütümüz idi, Gözəlimiz idi. İndi də elədir, həmişə də elə olacaq. Bizə, insanlara, ayrıca olaraq bizim etnosumuza, ulusumuza Büt – gərəkdir! Bilməmiş deyilsən ki, həm qırılmalı bütlər olur, həm də qurulmalı bütlər. Qırılmalı bütləri qurulmalı bütlərlə qırırlar. Vaxtiylə ərəblər Zərdüştü, eləcə də bütün “müsəlman xalqlarının” bütlərini öz çıxarları yolunda qırılmalı büt sayıb, onları İslam Peyğəmbəri Məhəmmədin bütüylə qırmışdılar; ruslar bütün “Sovet xalqlarının” bütlərini özlərinin Lenin bütü ilə qırmışdılar; onsuz – qıra bilməzdilər. Asif Ata “bütü”nə gəldikdə isə bu sıradan olmasa da, bütün türklüyün (türk xalqlarının) mənəvi-ruhani dirçəlişi üçün bu Büt – qurulmalıdır! Qurulub da artıq – zamanın, bəşərin ən ümdə çıxar və diləklərinə uyğun olaraq.
Məsələnin bu cəhətində “irqçilik” axtarırsınız. Müəyyən anlamada Mütləqə İnam doğrudan da irqçi öyrətidir, yəni “yaşasın irq, irqlər!” deməkdir. Bəs ümmətçilik nə deməkdir? Bəs kürəsəlçilik? Bəs beynəlmiləlçilik? Bunlar “Məhv olsun irqlər! – birindən başqa!” deməkdir, sonuc olaraq, “yaşasın sifətsiz cəmdək!” deməkdir.
Büt – yaranma, gəlişmə, qalxışma, ucalma üçündür; gəlişmənin memarı, bələdçisi və mayakıdır. Bu cür olmayan gücə xalq (və heç kəs) “büt” demir. O, gəlişmə (tərəqqi) üçün qurulur və yalnız gəlişmə yolunda əngələ çevriləndə qırılır. (Yadellilərin qırmalarının buna dəxli yoxdur). Bütü (bütləri) olmayan xalqa “büt yaratma!” deyənlər o xalqı, yumşaq desək, istəməyənlərdir.
Sənə və bənzərlərinə inansaq, gərək heç bir ərdəmlik uğrunda, əsillik uğrunda mübarizə getməsin; “mübarizə” elə yalnız can-cəmdək uğrunda, cismin “azadlığı (?), ruhun danılması, yox sanılması, məhkum edilməsi uğrunda getməliymiş. Yox, biz sənə və sənin kimilərinə inanmırıq! Cisim – doğa olayıdır (təbiət hadisəsidir), onun azadlığı – məhkumluğu olmur. Azadlıq da, məhkumluq da ruhla bağlı keyfiyyətdir. Biz cisim azadlıqçılarının dabbaqda gönünə bələdik. Dünyanın hər künc-bucağında onları hər gün ümumxanalarda tumancaq tutub dəstə-təstə bayıra tolazlayırlar. (Ya da onlar dişlərinə qədər yaraqlanaraq, bütöv xalqları qırıb-çatırlar). Qəzetlərin bugünlərdə yazdıqlarına görə, Roma papası XVI Benedikt kütlə qarşısında dua oxuyarkən dörd nəfər ukraynalı gənc “aktivist qadın”(?!) camaatın içində lütləniblərmiş; “polis onları ərazidən uzaqlaşdırıb”. (“Olaylar” qəzeti, 15.01. 2013, N6, s.9). Adına qurban, Güntay Gəncalp! O dua oxunan yerdə olsaydın, duamı oxuyardın, lütlənərdinmi? Hansının yerində olmaq istərdin: “gənc aktivistlərinmi”, qoca papanınmı? Gəzib-dolaşmaqda olduğun yerlərin aktual “peyğəmbəri” Zifişdir (Ziqmund Freyd), bu qarşıdurma da onun “dühasının ürünüdür”. İndi sən anadangəlmə iki “meymun” təsəvvür elə bir anlığa bir “podyumda”. Fərz elə ki, birisi gedib o “meymunlardan” birinin əyninə paltar geyindirib, onu adam eləyir, onun yanındakı “meymun” isə meymunluğunda qalır. Əzizim Gəncalp, sənin indi özünə aktual məkan elədiyin yerlərdə həmin “podyumdakı” adamın Peyğəmbəri İsadır, meymununku – Zifiş...
...Bu dünya kef meydanı deyil, c-b lütçülər! Əmək yaradıb onu. O, kef (cism, bədən) azadlığı meydanına çevrilib yaşaya bilməz, çünki kef – israfçıdır – hər baxımdan! Ruh qoruyucudur. Bədəni, cismi işlədən ruhdur. Ruh işləməsə, işlətməsə – istehsal olmaz. Texnikanın, texnologiyanın istehsalçılığı evrensəl, qlobal, tam, tümüylə – sonuc etibarilə – puçluğa (absurdluğa) aparır, ona xidmət edir. Bu insanın özü, bədəni təbiətdir, o işləməlidir, onun varlığı hərəkətə, işə bağlıdır. İdman – süni “iş”dir, süni hərəkətdir; o, işi əvəz eləyə bilməz.
Yeni vətənində cövlan eləyən dünyabaxış – köhnədir, geridə qalıb – ona bərk inanma; bütün işləri o, texnikaya tapşırıb adamları çərənçiliyə öyrədir. Onun insan uğrunda, Müşfiq demiş, “yellərlə, ellərlə”, yəni doğa ilə, təbiətlə döyüşü döyüşkənlik deyil. Onun indiki döyüşləri insana qarşıdır, onun üzərində “qələbə” üçündür, yəni yaxacıranlıqdır, həyasızlıqdır, elə buna görə də idmandır, yarışdır, yürüşdür, dartışmadır, xalis bəşəri (o miqyaslarda) dekadansdır, puçluqdur. Çünki insani tərəqqini hədəfləmir.
Mütləqə İnam Ocağına – Türk ulusunun bu ilk Ruhaniyyat qurumuna yönəlik “ağa”, “kölə” sözləri, hətta “problemli adamlar” kimi dəbdə olan sözlər fırladırsan. Məgər bilmirsiniz ki, indiki çağda sizin burada nəzərdə tutduğunuz sayaq nə ağalıq mümkündür, nə köləlik? Bilmirsinizsə, bilin: Ağalıq – köləlik çağlarının özünə uyğun, onu mümkün eləyən ictimai psixologiya vardı. İndiki çağa ictimailik yox, yalquzaqlıq xasdır. Mən ictimailiyi, şərti olaraq “torpaqlıq”, yalquzaqlığı “qumluq” adlandırıram.
Ağalıq zamanında “yaxşı ağa” mümkün idi; O, həm də kölə üçün çalışırdı, “yaxşı ağa” adı qazanmaq istəyirdi, bu xoş idi ona. Kölə də yaxşı ağanı yaman ağadan fərqləndirirdi. Yaxşı ağa onun gözündə yaxşı da adam idi, necə deyərlər “ulu” idi. Bu hal, bu psixologiya ictimai mühit yaradırdı. “Xalq”, “millət”, “ulus” kimi birliklər həmin mühitin uca (ali) biçimi idi. Məncə bu, “torpaq halı” idi, onun aqreqatları bir-birini tuturdu, bir-birinə yapışırdı. İndi aqreqatlar qumlaşıb. Qum dənələri (yalquzaqlar) bir-birini tutmur, yapışmırlar bir-birinə. Belə bir çağda “ağa-nökər (hətta kölə)” münasibətləri kəşf eləmək, yumşaq desək, düşünməyi bacarmamaqdır! Özü də harada! “İnsanlaşın – İnsanlaşdırın!” harayını Bayrağında başının üzərinə qaldıran bir Ocaqda, “ağa-nökərliyi” bütün cəbhə boyu (fərddə, ailədə, xalqda, dövlətdə, beynəlxalqda, etikada...) döyən, elə onu döymək üçün də tarix meydanına çıxmış bir təlimdə!
Yalquzaqlıq, birlikdə – səhralıq, qum psixologiyası nə qədər geniş yayılır-yayılsın – birlik yaratmır. İnsanların ağrı və fərəh duyan, qürur və utanc duyan sinirləri bir-birinin canına keçmir daha, hər bir təkcə... “İndi və özü üçün yaşayır”; başqasının yaşayıb-yaşamaması adamları getdikcə daha az ilgiləndirir. Bu fəlakətli hal tükürpədən miqyaslara çatmaqdadır! Dünyanın sənin-mənim kimi yox, ağıllı-başlı adamları çoxdan bunun həyəcan zəngini çalırlar – özü də ən çox... sənin velosiped sürdüyün yerlərdə. Sözarası ərklə bir gümanımı deyim sənə ki, yəqin o velosiped üçtəkərlidir, çünki adamlar ikitəkərli velosiped sürmə yaşına çatanda o zəngin səsini eşidir və çarə barədə düşünürlər. O zəngin dediklərinin bir neçəsi: insan alveri, orqan mafiyası, cinsdəyişmə, cinsi azlıqlar hüququ, “qızıl milyard” tündlüyündəki inteqrasiyalar və s.və i.a. Asif Atanın Mütləqə İnam Ocağı həmin zənglərin yaratdığı cəbhədir! “Cəbhədə” yox, “cəbhə” – cəbhənin özü, özülü!
Biz torpağın qumlaşmaması, bu gedişin yavaşıması, müsəlman demiş “xudanəkərdə” bəlkə geri dönüşü üçün çalışırıq, onun harayını çəkirik – həm Qutsal Onluğun içəriyi ilə, həm öz yazı və nəfəsimizlə, həm də ömrümüzlə. Bu iş isə Peyğəmbərsiz yeriməz. Peyğəmbər – həm “ağaların” ən alisi, ucası, seviləni, həm də “kölələrin” – yalquzaqlaşan insanların halına, taleyinə ən dərindən yanan və onu bilən insan deməkdir. Atanınkı ənənəvi peyğəmbərlik deyil heç bir cəhətiylə. Sən bu “Şiə fanatizmini”, stalinçiliyi haradan eşələyib çıxarırsan?! Atanın hansı Əsərindən (“Mövcudluq”dan, “Təməl”dən, “İnam Fəlsəfəsi”ndən, “Ruhani Xətt”dən?..); İnamın hansı söyləmindən? Ocağın hansı Evladından (Yolruhdan, İşıqlıdan, Uluruhdan, Safruhdan, Sadiqdən)?! Bunların hamısı sənin uydurmalarındır! Atanın İrsi, Ata Ocağının gerçək varlığı, üzü, taleyi uydurmaçıların ixtiyarında deyil, heç deyil! Onlara qarşı qorumasız da deyil – “qoruma” qavramanın bütün çalarlarında! Atanın Yazı İrsi, Elmi, Fəlsəfəsi, Həqiqəti, Ocağı və Xalqı var!
Özünün “şiə”, “stalinçi” yaxmasından yapışıb, Ataya qarşı oralarda cəbhə yaratmağa çalışırsan! (Nənə gərək?!) Guya Ata Doğunu Batıya qarşı qoyurmuş! O Asif Ata ki, Azərbaycanın ali təhsil ocaqlarında 20 il Avropa – Qərb (eləcə də rus) ədəbiyyatından, fəlsəfəsindən, sənət nəzəriyyələrindən dərs demişdir. Və Atanın “Atom bombasız da öləcəksən!” hiddəti “Bu gedişlə, texnokratiyalaşma, mənəvi lümpenləşmə ilə özün özünü məhv edəcəksən” anlamındadır. Sözü konteksdən ayırmayın!
Guya Ata Türkiyəni sevmirmiş! O Asif Ata ki, Onun “Türkiyə – Türk Dünyasının qolu və kürəyi...” deyimi dillər əzbəridir.
Guya Ata seçkinçiymiş (elitaçı)! O Asif Ata ki, sadə vətən övladına təşəxxüslə baxanları “vətənsizlikdə” qınayıb “döyürdü”.
Əcayib süçlamalardır! – Mənuçehr Cavanşirə də, Güntay Gəncalpa da əsla gərəkməyən, bu sonuncu adın kimliyi üçün özəllikcə anlaşılmayan! Bəs lap az bir qismini yada saldlğım bu suçlamalar kimin, hansı cəbhənin dəyirmanına su tökməkdir?!
Yoox, oğlan, səndə nəysə var!
Ataya qarşı “cəbhə” yaradıb savaş açırsan. Cəbhəni də ümidləndirirsən ki, Ata bilikzisdir, “irfan” ədəbiyyatını oxumayıb.
Mütləqə İnam yaratmaq üçün çoxmu gərəkmiş o ədəbiyyat?! Yüzlərcə, minlərcə adam o ədəbiyyatı oxuyub, oxuyur, oxuyacaq. Onun nəhəng biliciləri var.
Həllacı yaradan isə bilik deyildi – biliyi də içərən Həqiqət eşqiydi. Biliyi həm içərən (yəni içində bilik də olan), həm də bilikdən çox uca olan Eşq.
İnam Ata bu Eşqin xasıydı.
Deyirsən, Ata Öz Əsərlərində sıx-sıx işlətdiyi bir sıra sözləri etimologiyalarından uzaqlaşdırıb; deyirsən, Özü Öz Təlimi üçün terminlər yaratmayıb. (Yaradıb-yaratmadığını bəd niyyətsiz araşdırıcılar bilər). Ancaq Mənuş-Mənuçehr-Cavanşir,-Gəncalp-Qocabəyli-Güntay, bilməlisən ki, Ata “qonu konusunda” yaza bilməzdi. Xalqın bu gün başa düşdüyü dildə yazmalıydı. Və Onun işlətdiyi bütün sözləri xalq məhz Onun işlətdiyi anlamda, Onun istədiyi yöndə anlayır. Atanın sözləri xalqı keçmişlərin “irfan” ədəbiyyatına göndərmir, gələcəyin Mütləqə İnam üfüqlərinə (sivilizasiyasına) səsləyir. Çox adam Onun Yazı Tərzini Dədə Qorqud üslubuna oxşadır. Bu, Ata üçün də yetərlidir, Ata Ocağının Evladları üçün də. Atanın yazdığı, işlədtiyi sözlər bizi tənbəl, hərcayi, vətənsiz, xalqsız, söyüşcül, darqursaq, yadayalaq, xəyanətçi, dönük, bədbin, eqoist... eləmir, Onun Sözünü, Buyruğunu, Ərkini, Hökmünü anlamaqda və yerinə yetirməkdə bizə cətinlik törətmir...
Ata “ruh”u – ... o cür tanıdır. Başqaları başqa anlam irəli sürürlərsə – buyursunlar – Ata etimoloq deyil. Etimoloqlar o sözlərin anlamlarını açarkən Atanın irəli sürdüyü məna çalarına da diqqət yetirərlər. Ata o sözlər vasitəsiylə söz-terminlərə linqvistik tərif vermir, onların lüğəvi anlamlarını araşdırmır, onların vasitəsiylə Özünün irəli sürdüyü fəlsəfi-etik anlama işarə eləyir; Evladın, fərdin, oxucunun, xalqın ağlında Öz İnam Səltənətini qurur.
İnam özündə fəlsəfi məzmun daşıyır. Hamı (hər halda çoxluq) inama yetə, az-çox yiyələnə bilər. Deməli, bunları bir-birinə qarşı qoymaq yanlışdır. Ata da onları çulğaşıq halda irəli sürür, hətta Ata fəlsəfəsi əsasında, səhv eləmirəmsə, İnam – İdrak dialektikası mövzusunda dissertasiya da müdafiə olunub.
Atanın prinsiplərinə də əl qatırsan. “Ya hər şey, ya heç nə!”- deyirdi Ata, yəni biz – Mütləqə İnam Ocağı olaraq, – ya öz İnamımızı yaşama gətirəcəyik, ya da onu atıb getməliyik. Bu, mübarizə əzmini ifadə eləyir. Sən deyirsən: “Bu şüar ağlın məhsulu deyildir,... xəstə xəyalın məhsuludur” və öz fikrini belə “əsaslandırırsan” ki, “bu anlayışlar nisbidir”. Nə dəxli varmış?! Sosializm keçən yüzildə yaxşıymış, “günümüzdə iyrənc duruma düşüb”(?!) Ata Hökmünə (“ya... ya da”) bunun nə dəxli varmış?!
“Tanrı konusu bireysəldir” – deyirsən. Sənin burada nəzərdə tutduğun konteksdə bu – yalnış deyişdir, çünki burada əslində “Tanrı” yox, təkallahlı dinlərin “Allahı” nəzərdə tutulur və o, “bireysəl” deyil – hamı üçün eynidir (dərkolunmazlıqda, anlaşılmazlıqda). Atanın irəli sürdüyü İnamda “Mütləq” anlayışı var – O isə nə Allahdır, nə Tanrı. (Nəliyini yuxarıda dedik). Və O, şəxslənmir; özünü-özlüyünü-özümlüyünyü daha yaxşı təzahür, ifadə eləməyə doğru deyişdir. Bunu aydın anlamağınız – anlatmağınz üçün Qutsal “Cövhər” Əsərinin başlanğıcına baxın. Mütləqin nəliyi orada eyni adla (“Mütləq” adıyla) verilib.
Mütləqin dərki yalnız insana aiddir, varlığı, təzahürü dünyaya, həyata da xasdır, ancaq onun gərəkliyi yalnız insan üçün dərk olunur. Məs., torpaqda torf yatağı var. Torf kömürə nisbətən aşağı keyfiyyətli yanacaqdır. O, Yerin təkində müəyyən müddət qaldıqda kömürləşir. Yaxud öz mühitində qalıb, öz təbii əyarına (insan üçün dəyərinə!) yaxınlaşan başqa maddə-minerallar.
Sənə görə, guya Atada xoşgörü, başqalarının nə və necə düşündüyünü ələ almaq (“tolerans”) yoxmuş. Ata isə geniş auditoriyada çıxışlarında prinsipial bir fikir söylərkən həmişə deyərdi: “Razılaşmaya bilərsiniz, ancaq mənim fikrim belədir”.
Sənə görə, guya Ata Özüylədöyüş məsələsində də yanılıbmış; mənfiliklərlə necə döyüşmək yolunu göstərməyibmiş, eləcə deyibmiş ki, məs., “daxilindən kini sil”. Sən də, çoxadlı bir kimsə olaraq, “Necə silim?” – deyə soruşursan. Bu kimi suallar üçün Ata “Kamilləşmə Əməli” adında, kiçik həcmli bir Əsər yazıb. O Əsərdə sənin soru`n bu sayaq yanıtlanır (cavablanır): Bu cür kinli yazılar yazma – kini əməlsiz qoy – o öləcək.
“Tolerans” qonusunda çox reverans eləyirsən, görünür, onu çox sevirsən. Eləysə nə əcəb, özün “Mənuçehr” olduğun halda, sonradan qazandığın “Gəncalp” və həmincə “Əfəndiyevin” sənə halal elədiyi “Güntay” adları altında çıxış edirsən, Asif Atanı isə bu qədər böyük auditoriyanın başı üstündən “Əfəndiyevliyə” endirirsən. Boyun eləmi hündürdür və bunu hansı qanacağa yazalım?!
Güntay bəy! Mən buraya qədər sənin İnam Ata (Asif Ata – Əfəndiyev Asif Qasım oğlu 1935-1997) ilə, Onun İnamı, Fəlsəfəsi, Ocağı ilə bağlı sayısız yanlışlarından və sataşmalarından yalnız bəzilərinə toxundum: yazıya yazı ilə. İndi özüm özündən bəzi nəsnələr soracağam. Sənin bu qonudakı yazıların araşdırmaya (eleştiri-ələştiriyə) oxşamır. Araşdırmada araşdırılanın nəliyi, bütövlüyü təqdim olunur; ona aşağıdan, yuxarıdan, sağdan, soldan, yaxından, uzaqdan baxılır və o, hər yöndə auditoriyaya bəlli meyarlar əsasında saf-çürük edilir. Sən isə nəyin bahasına olur-olsun Asif Ata – İnam Ata Varlığının ləğvinə çalışırsan, bu niyyət yörəsində Ataya qarşı cəbhə yaranmasını istəyirsən. İslamı, Türkiyəni, Batını, Elmi, Fəlsəfəni, “İrfanı”, Tarixi, Dilçiliyi, Çağımızın Gəlişmə Pəltəkləmələrini, Hindistan – Pakistan sərhədlərindən tutmuş Mərakeşə qədər ucsuz-bucaqsız coğrafiyada həyata keçirilən toleranslıq gerçəklərini... Mütləqə İnam Peyğəmbərinə qarşı birləşdirib-itiləyirsən... Nə əcəb?! Deyə bilərsənmi sənin nənə gərək bu?
Deyək ki, Mütləqə İnam yanlış ideyadır, “Asif Əfəndiyev” isə sənin qədər savadlı birisi deyilmiş. Belə “çatışmazlıqlara” görə ideya müəllifinə söyüşmü söyülməlidir?!
Sənin “Asif Ata – irqçi peyğəmbər” adlı, eyni gündə (21.03. 2009; – bu yömdəmsiz və anlamsız kini püskürməyə başqa bir gün tapmadınmı?!) yazılmış, demək olar tam eyni mətnli yazın söyüş və aşağılamaların bolluğu ilə seçilir – “Bilim, fəlsəfə və inanc məhkəməsimdə Asif Əfəndiyev” adlı yazından. Görünür, bu “ikincini” elə məhz həmin söyüşlər (“əqli dəngəsiz”, “əxlaqi diktator”, “vəhşi insan”, “canavar yetişdirən”, “bütün dəyərlərə içini və ağlını qapayan”); aşağılamalar (“Ata” adlandırmaqdan tamam çəkinmək) məqsədilə yazılıb. Hələ onlardan beş-altı gün öncə – 15.03. – yazılmış “Asif Əfəndiyevin görüşləri üzərinə bir incələmə” yazısı nəymiş?! Kindən, nifrətdən partlama həddi! Səndə bu acıq kimdəndir, haradandır, nədəndir, Mənuçehr Cavanşir?!
Oxumaq, öyrənmək, bilmək məgər hər yerdə çatışmazlıq axtarmaq, “tapmaq” üçünmüş?! Yuvadan, Yurddan, özündən qopmaq, qaçmaq üçünmüş?! Niyə sevə, sevinə, xoşbəxt ola bilmirsiniz?!
Bunları mənim ritorik suallarım sayma, bunlar da elə səndən soruşmaq istədiklərimdəndir.
Mən sizlərdən ayrılmağımı özləm – həsrət kimi yaşayırdım. Soraqlarınızı aldıqca... əlim üzümə qalxır. Necoldu mənim dünyam? Axı o – bizim Dünyamız idi! İndi o yerlərdə mənim bir çox keçmiş Amaldaşım var. Onları xatirimdən kəsib atımmı? Nəyin xatirinədir bu söyüşmələr? O dostları indi düşmənmi saymalıyam?! Yox, mən belə eləyə bilmərəm! Mən sizi (sevə-sevə) öldürə bilərəm, xatirə lövhəmi isə kəsib tökə bilmərəm. Mən mənəvi baxımdan üzvi dünyanın adamıyam, görürəm ki, siz qeyri-üzviləşirsiniz, sintetikləşirsiniz, qumlaşırsınız. Niyə belə tez?! Qırx-əlli yaşa çatmamış?!
Sən özün “İslam dostu” deyildin – onun kitabını əzbərləmiş olsan da. Onun ucbatından Güneydən buraya – Quzeyə atılmışdın. Burada bir müddət Mütləqə İnamçı oldun. Bununla da dost ola bilmədin, yenidən İslama “qayıtdın”. Çox keçmədən seçimin dindən “Alma”ya qaçmaq oldu. Sonra... qürbət ellər uçmaq oldu...
İndi yeni uçmağınızdan bizim başımıza (öz Yurdunuza) damu yağdırırsınız. Balalarınızın hələ iki-üç nəsil bundan sonra oralara “inteqre” ola biləcəyini söyləyirsiniz. “Buralar” üçün öldünüzmü?! Nə vacibmiş o “inteqre”?!
“Asif Əfəndiyev”, “Asif Ata” – İnam Atanın öncələridir (Siddxartxa-Şakyamuni – Budda kimi təxminən). O, Mürtləqə İnam adında dünyabaxış yaradıb. O, insanı ruhani varlıq kimi irəli sürdüyündən, onu Yurddan, Ulusdan ayırmır – Yurdu, Ulusu da ruhani varlıq kimi tanıyır; Batısallığa (Qərbə xaslığa) nisbətən Doğusallığı (Şərqə xaslığı) ruhaniyyata (olmalı insanlığa) daha yaxın sandığından (və Doğunun etik yönü doğrudan da belə olduğundan) O, Öz Təlimində “Müstəqil Vətən” və “Özümlü Şərq” ideyalarına tam hüquqlu fəlsəfi - ruhani məqamlar ayırır. Atanın “Müstəqil Vətən” baxışı bütün vətənlərə aiddir, “Ruhani Varlıq” baxışı – bütün insanlara. (İndi Batı – sizin də vasitənizlə! – bütün dünyaya bədənçi, cisimçi baxış sırımırmı – heç bir toleranslıq barədə düşünmədən?!) Toleranslıq Doğunu da Doğu kimi qəbul etməkdir və bu qəbuletmənin şərtlərinə əməl etməkdir.
Ailələrdə, nəsillərdə, xalqlarda olduğu kimi, bütün bəşərdə də “əski-yeni” ayrıcı olur – hərəsində öz məkan və zaman ölçülərinə uyğun. Bu zaman əski tamam sökülüb atılmır – nə qədər “sökülüb-tökülsə” də. Çırağa deyirlər ki, indi elektrik lampası var. Lakin elektrik lampası da mütləq deyil. Mütləq olan daha uğurlu işıqlandırmadır, işıqlandırma imkanının tükədilməməsidir. Ata Təlimindəki Mütləq bu halın adıdır.
Mütləqə İnam – hər kəsə, hər bölgəyə, hər ölkəyə, hər qitəyə öz sifətini yaşatmaq imkanı tanıyır. Sənsə orada, Atanın başladığı ümumbəşəri ruhani dirilməyə qarşı “həyəcan təbili” çalırsan – hərcayi hay-həşir səviyyəsində. Ataya hərtərəfli hücumun bunu çox aydın göstərir. Bu ağır və çəkilməz lənəti nədən öz üzərinə götürürsən?! İnsanlar ruhani lümpenliyə gedirlər. Bu, onların xeyrinə deyil.
İnsanlar müsbət ideallardan yorulmuşdular, postmodernçilər bu yorğunluğu onların canlarından çıxartdılar – indi bənzər silsilələr (tsikllər) tez başa çatır. Onların bu yöndə bundan sonrakı gedişləri, daha doğrusu, yürüşləri yaşamın asanlaşmsına, sadələşməsinə deyil, insanın aşınmasına, dekadansına, puçluğuna yarayacaq.
Yer üzünü əhali azalması gözləyir. İnsana, ailəyə, ulusa, Yurda, Dövlətə, İnanca sevgilərin azalması, mənəviyyatın, əxlaqın çöküşü, əməkdən “azadlığa” doğru qoçaqcasına qaçışların psixoloji mühitində əhali öz mövcud sayını da qoruyub saxlaya bilməyəcək. Əhalinin artımını yaradan (dolayısıyla) həmin anlayışların daşıyıcılarıydı – bunlar şəxslərin öz azadlıqlarından kəsib əməyə vermələri hesabına var olmuşlar – tarix boyu.
Yer üzünü əhali artımı, deməli, yaşam nemətlərinin qıtlığı gözləmir, adam ruhsuzluğunun törətdiyi acgöz doymazlıqlar gözləyir. Gözləyir və hədələyir! Bunu isə, Mütləqə İnam baxışına görə, hədə-qorxu, silah deyil, ruhani qalxışma önləyə bilər. Asif Ataya qarşı, Mütləqə İnama qarşı söz demək həmin çarəyə qarşı çıxmaqdır. Bunu heç olmasa, öz toleranslığınız naminə anlamalıydınız.
***
Güntay bəy! Bu yazıya mən üç dildə başlıq qoydum. Türkcə – Qonu Konu`şunda – sənin yazı dilinin atılımlarını əks etdirir; Farsca – Məktubnamə – sənin bitib böyüdüyün məkanı və bu yazının bir növ sənə məktub kimi yazılmağını əks etdirir və Ərəbcə – Dəmdəməkiyyə – sənin gerçəklikdəki sərgüzəştlərini və yazılarının həddindən artıq altı-beş vurmasını əks etdirir. Beləliklə, sənin şəxsində dində “Dəmdəməkiyyə” adlı bir təriqət yaranır. Xeyirli-uğurlu olsun!
Yazı başlığının da çoxsözlülüyü, çoxdilliliyi sənin arasıkəsilməz dil, ixtisas, inanc, baxış, dost, adres, tövr... dəyişdirmələrini əks etdirir – gərək inciməyəsən. Ata haqqı, mən çox üzdən getdim, sənin qəlbinə dəymək istəmədim! Və yenə Ata haqqı, sənin qəlbinə dəymək istəksizliyi mənim səhvim – zəifliyimdir! Sən bu obyektiv təyindən incisən, özünün Ataya yönəlik işlətdiyin aşağılayıcı sözləri bir də oxu. Və bil ki (bilin ki), dünyanın da, Azərbaycanın da hər yaşda olanları, eləcə də gəncləri üçün Asif Atanın kimliyini, Adını Onun Ocağı, Ulus`u və Yurdu müəyyən eləyir.
Meşənin çaqqallı olması – burada məsələnin mahiyyətini dəyişmir.
***
Dünyaya, Həyata, Xalqımıza şəhvət, hakimiyyət düşkünləri, əzbərçilər, dəmdəməki bilginlər deyil, sanballı kişilər gərəkdir.

***
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий