15.02.2013

Rövşən Lənkəranski haradadır?

Xəbər verdiyimiz kimi, qətlə yetirilən “Ded Hasan”ın klanına daxil olan “qanuni oğrular” son illərin ən iri miqyaslı “sxodka”sını keçirmək üçün Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) toplaşırlar. “Sxodka”da bir neçə yüz kriminal şəxsin iştirakı gözlənilir. “Ded” tərəfdarları Dubaya yığışacağı ilə bağlı diqqət çəkməmək üçün özlərinə yaxın turist firmasına 100-dən çox şəxsin pasportunu veriblər. Onlar “turist”ləri aparmaq üçün xüsusi təyyarə də sifariş ediblər.
“Dubay sxodkası”nı “Ded”in klanına daxil olan Dmitri Çanturiya (“Miron”), Temur Mirzoyev (“Temur Sverdlovsk”), Vasili Xristoforov (“Vasya Voskres”), Qadi Kaloyan (“Onik”) və Valeri Farizov (“Kürd Valera”) təşkil edir.
Məlumata görə, “qanuni oğrular”ın toplaşmaqda əsas məqsəd “Ded”in qətlindən sonra klanın dağılmadığını göstərmək və sıralarına yeni “qanuni oğru”lar qatmaqdır.

Yeni “tac” alacaq 10 nəfərin siyahısında “Aslan Usoyanın qohumu olan 28 yaşlı Timur Arxangelsk də var. Milliyyətçə kürd olan Timurun dayısı və əmisi də nüfuzlu ”qanuni oğru\" olub. Timur özü ilk dəfə 2004-cü ildə daş-qaş alverçilərinə quldur basqınlarına görə həbs edilib və yalnız ötən il azadlığa buraxılıb.
Həbsdə olarkən o, Pan ləqəbli Viktor Panyuşin, Valeri Mitin (“Motıl”) və Tengiz Pirveli (“Tenqo”) ilə tanış olub.
Azadlığa buraxılandan sonra isə onu öz qanadı altına “Ded Hasan”ın ən yaxın adamlarından olan “Kürd Valera” alıb. Usoyanın qətlindən sonra Arxangelsk klanın bir çox problemlərinin həllində iştirak edib.
“Ded Hasan” klanının “sxodka” üçün BƏƏ-ni seçmələri də maraq doğurur. Çünki uzun müddətdir ki, anti-Xasan düşərgəsi Rövşən Canıyevin (“Lənkəranski”) liderliyi ilə Dubayda toplaşır. “Ded”in klanı iddia edirdi ki, liderlərinin öldürülməsi ilə bağlı qərar da məhz Dubayda verilib. Mümkündür ki, “sxodka”nı BƏƏ-yə təyin etməklə “Ded” tərəfdarları qarşı tərəfdən çəkinmədiklərini göstərmək istəyirlər. “Oğru toplantısı”nın konkret vaxtı ilə bağlı isə hələ ki heç bir məlumat yoxdur.
Bu arada “Ded” klanına qarşı cəbhədə yer alan “qanuni oğru”larla bağlı müəmmalı proseslər gedir. Fevralın 1-də Moskva ətrafında həbs edilən Rövşən Canıyevin (“Lənkəranski”) ən sadiq tərəfdarlarından olan Cemal Mikeladzeyə “Ded”in qətli ilə bağlı ittiham veriləcəyi deyilir. Rusiya mətbuatı yazır ki, onun “Ded Xasan”la telefon danışıqları üzə çıxıb. Əslində bu yeni xəbər deyil. Çünki “Ded” qətlindən bir müddət əvvəl Cemalı “oğru” adından məhrum edib və bu qərarı ona telefonda xəbər verib. Ola bilsin ki, hüquq-mühafizə orqanları bu telefon danışığı ilə bağlı yeni məqamlar üzə çıxarıb. Amma deyilənlər təsdiqlənərsə, bu, azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski”yə də daha ciddi təhlükənin yaxınlaşması demək olacaq.
Dünən Moskvada R.Canıyevə yaxınlığı ilə tanınan Ruslan Borisovskiy ləqəbli “qanuni oğru”nun saxlanması barədə də xəbər yayılıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Borisovskiy Moskvada öldürülən məşhur avtoritet “Ded”in düşmənlərindən hesab olunur. Ruslan Lebed “qanuni oğru” adını ötən ilin dekabrında Ərəb Əmirliyində keçirilən “sxodka” da alıb.
“Anti-Xasan” cəbhəsində yer alan digər “qanuni oğru” Merab Canqveladzenin (Suxumski) harada olduğu bilinməsə də, onun “Ded” tərəfdarları ilə anlaşmaq istədiyi barədə müəmmalı xəbərlər dolaşır. Rusiya mətbuatı hətta iddia edir ki, Merab üçün Canıyev “Ded Xasan”a qarşı müharibəni maliyyələşdirən adam kimi lazım idi: “İndi Usoyan yoxdur, ”Lənkəranski\"nin pul resursları da xeyli azalıb. O artıq lazım deyil\".
Mənbə deyib ki, hazırda Canıyevin aradan götürülməsi Meraba da sərf edir: “Bununla ”Ded Hasan\"ın klanı bir qədər sakitləşər, düşünərlər ki, qisas alındı. Merab isə klanın yeni liderləri ilə sonrakı birgə əməkdaşlıq və nüfuz bölgüsü barədə danışıqlara başlaya bilər\". Qeyd edək ki, Merab Suxumski hazırda həbsdə olan çox nüfuzlu “qanuni oğru ” Tariel Onianin (“Taro”) ən yaxın adamlarından biridir. Gürcü qruplaşmasının Rövşən Canıyevlə münasibətləri həmişə yaxşı olsa da, “Ded” in qətlindən sonra bir çox dəngələr dəyişib. İndi “Ded”in Rusiya və MDB məkanında nüfuz (və külli miqdarda pul) alanın bölüşdürməsi prosesi gedir və bu amansız mübarizədə kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək asan deyil. Mümkündür ki, “anti-Xasan” qruplaşmasından kimlərsə yeni baronla anlaşsınlar. Amma bu düşərgə Rövşən Canıyevlə barışıq körpülərin tam yandırıb. Onun qətli üçün 5 milyon dollar mükafat ayrılması bu düşmənçiliyin sonadək davam edəcəyinə işarədir.
“Ded” tərəfdarlarının bugünlərdə Dubayda keçirəcəkləri, artıq “əsrin sxodkası” adını alan “oğru toplantısı”nda Rövşən Canıyevlə bağlı məsələyə də böyük ölçüdə aydınlıq gəlməlidir.
Bir neçə gündür ki, “Ded” klanının əsas hədəfində olan “Rövşən Lənkəranski”nin harada olması ilə bağlı müəmmalı xəbərlər yayılır. Dolaşan xəbərlərə görə, Canıyevin hədəfdə olduğunu bilən hüquq-mühafizə orqanları ona xəbər göndəriblər ki, hazırda o, vətənində o qədər də arzuedilən şəxs deyil. O mənada ki, qətli üçün başına pul mükafatı qoyulub və Bakıda onun izinə killerlər düşə bilər. Canıyevin hüquq- mühafizə orqanlarının istəyinə nə cavab verdiyi bilinmir. Mənbəmizin deməyinə görə, Canıyev üçün indiki period çox təhlükəli olduğundan onun yeri barədə az adam bilgilidir. Hətta ən yaxın adamlarına belə bu barədə xəbər verilmir. Onun Dubayda “dincəldiyi” barədə xəbərlər isə o qədər də ciddiyə alınmır. Canıyevə yaxın bir mənbənin redaksiyamızın bu barədə sorğusuna cavabı qısa olub: “Rövşən təhlükəsiz yerdədir...”

"Yeni Müsavat"

Комментариев нет:

Отправить комментарий