13.02.2013

Teatr mədəniyyəti haqqında kiçik qeyd

Elvir NİZAMOĞLU

O gün teatra getdim. Azərbaycanda ilk dəfə idi ki, hansısa teatra gedirdim. Biletdə göstərilən yerə yaxınlaşanda məlum oldu ki, yerimdə orta yaşlı bir xanım oturub. Dedi ki, dəvətnaməm var. Həmin yerə biletim olsa da "nəysə" deyib keçdim daha ön sıralarda boş qalan yerlərdən birinə. Tamaşanın başlamasından təxminən yarım saat keçmişdi ki, bir xanım yerüstündə dava salmağa başladı. Deyəsən mənimlə eyni vəziyyətdə idi, amma daha iddialı idi: "mənim yerimdən qalx, bura mənimdir" falan.... Haqqını tələb etdiyini fikirləşirdi, amma səhnədə oynayan aktyorların haqlarına təcavüz edirdi...
Nəysə... Sonra ona da yer tapıldı...
Tamaşanın birinci hissəsi bitəndən sonra salondan çıxarkən nə görsəm yaxşıdır? - yerdə tum qabıqları. "Yox artıq" deyib keçdim... İkinci hissədə tamaşa əsnasında arxa sırada əyləşən xanımın telefonu zəng çaldı. Səs tez kəsildiyindən elə bildim ki, mədəni insanlar kimi telefonu keçirib. Amma sonra "alo" dediyini eşitsəm də, yenə ümidimi itirmədən "tamaşadayam, sonra danışarıq" deyəcəyini düşündüm. Bir də gördüm ki, heç nəyə məhəl qoymadan nəsə danışır... Tamaşa zamanı elə "vacib zənglər" başqa sıralardan da eşidildi... Deyəcəksiniz ki, elə cəsarət sahibisənsə, niyə müdaxilə etmədin? Sözün düzü həm utandım, çəkindim, həm də belə şeylərə qarışmayıb, dalaşanları ayırmayıb sonunun necə olacağını gözləmək xoşuma gəlir.
Məsələn bu gün qoca bir kişi gördüm,dilənçi idi. Ayaüstə yatırdı az qala.. Amma məncə yatmırdı, böyük ehtimalla bu gün rəhmətə gedəcək. Hətta ağlımdan belə fikir keçdi ki kişini izləyim görüm nə olacaq... Çox güman ki, bunu etsəydim, yazığım gəlib kömək edəcəkdim... İkisini də eləmədim.. Teatrdan çıxıb tələsirdim, işim var idi...

Комментариев нет:

Отправить комментарий