11.12.2010

Cənub intiharları

Cavidan

  Və ya daşdan-divardan çadralar

“Azadlıq” radiosunun saytında “Cənub bölgəsində intiharların səbəbi” başlıqlı yazını oxudum və yaşadığım və hərdən-hərdən də yaşamaq istəmədiyim bu unikal bölgədəki həyatım boyunca tanıdığım nə qədər insanın öz içində çabalaya-çabalaya qaldığı, çıxış yolu tapa bilmədiyi, arzularının divarlara çırpılmasından sonra ən sonuncu ümidini itirib intihara can atmasını xatırladım.
Qarşımda uzun bir siyahı dayandı.
Ən yaxın qohumlarımdan tutmuş ən uzaq tanışadək nə qədər cavan ömrə son qoyulmuşdu ən müxtəlif özünü öldürmə üsulları ilə.
Elə keçən il yaxın qonşum olan yaşıdım, dörd uşaq anası da sirkə turşusu içərək son qoymuşdu həyatına.
Ama necə idi onun həyatı, kimsə bilmədi...
O qadıni ilk dəfə universitetə imtahan verdiyim gün görmüşdüm, atalarımız salamlaşıb bizi də tanış eləmişdilər.
Nişanlanandan sonra qiyabi oxumağa məcbur olmuşdu, rastlaşmadıq belə.
Sonralar isə eyni məhəllənin gəlinləri kimi yaşamağa başlamışdıq - bir-birimizin üzünü də görmədən.
Çünki bizim yaşadığımız şəhərdə “kişisi tanınan qadının üzünü kimsə görməməlidir” kimi bir yazılmamış qanun var.
Çadralarımız daşdan-divardan olur zatən...
Beləcə uzun-uzun illər boyunca bir küçədə yaşasaq da, bir-birimizdən xəbərsiz qaldıq.
Körpə gətirdik dünyaya, uşaq böyütdük, məktəbə yola saldıq, ər bəzəyib işə yolladıq, özümüz işləmədik, diplomlarımızın varlığını belə unutduq, günümüz bişirmək-düşürmək və beş ildən bir qardaş-bacı toyuna taxacağımız qızıl zəncir-qandallarımızı qorumaqla keçdi.
Ilahi! Mən o qadının hər səhəri necə açıb, hər günü necə yola verib, hər gecəni necə qapamasını saniyəbəsaniyə dəqiqliklə bilirəm...
Hərçənd, telefonla belə danışmadıq bircə dəfə də...
Onun öldüyü gün bəlkə anasından-bacısından çox yandım-ağladım...
Amma evimin qarşısındaca “qurulmuş” yasına gedə bilmədim.
Əminəm ki, mən ölsəm, o da beləcə yanıb qalacaqdı, yasıma gələ bilməyəcəkdi...
***
Ama nə bir saytda, nə bir qəzet səhifəsində, nə bir TV kriminal xəbərində adı çəkildi - üstü qapandı bu intiharın, səbəbi araşdırılmadan bağlandı...
Zira intihar qədər ayıb sayılan ikinci bir nəsə də yoxdur bu bölgədə, həm də qadın üçün... və kişisi tanınan qadının nəinki üzünü kimsə görməməli, həm də intihar elədiyini kimsə bilməməlidir kimi bir yazılmamış qanun var bu şəhərdə...
***
Mən yalnız qadınlardan danışdım bu yazımda və yalnız bircə misal gətirdim... adına intihar deyilib, üstü açılmayan suisid faktlarından bircəciyini.
Gəl ki, kişilərdən də yan ötmür bu romantik ölüm kabusu, gələn yazılarda onlardan da danışmalıyıq düşünürəm.
Axı kim bilir, bir də yüz il sonra bunları qarşısına kompüter qoyub bu qədər içdən yazmağa ürək eləyəcək bir qadın olacaqmı buralarda...
Və əslində axı mən heç özüm də sığortalanmamışam o kabusun qanadları altına düşməkdən...

Комментариев нет:

Отправить комментарий