01.07.2013

Şərəfədə maraqlı ənənənin davamı


Tez-tez məktəblərdən belə soraqlar gəlir ki, filan yerdə məzunlar 20 illiyini, filan yerdə 30 illiyini qeyd etdilər. Bu tədbirlər əsasən, məzunların vəfat etmiş müəllimlərinin və sinif yoldaşlarının məzarını ziyarət etməklə başlayıb sonra güclü yeyib-içmək məclisi ilə yekunlaşır. Masallı rayonunun Şərəfə tam orta məktəbinin məzunları isə belə görüşlərə daha ictimai məzmun verməyə nail ola biliblər.
Belə ki, bu il orta məktəbi bitirmələrinin 20 illiyini qeyd edən məzunlar yerli sakinlərin ehtiyacını nəzərə alaraq kəndin 5 yerində müasir tipli dayanacaq düzəldib və hər dayanacağın yaxınlığına zibil qabı qoyublar.
Həmin məktəbi bitirmələrinin 10 illiyini qeyd edən məzunlar isə kənd uşaq bağçasının həyətində 200 kvadratmetrlik sahədə əyləncə mərkəzi təşkil ediblər. Bu cür xeyirxah işlər isə bu məktəbdə ilk dəfə deyil baş verir. Belə ki, bundan öncə məzunlar kənddə Qarabağ döyüşlərində həlak olan sinif yoldaşlarına həm qəbiristanlıqda, həm məktəbin həyətində, həm də kəndin giriş hissəsində abidə qoyub, məktəbin təmirində fəal iştirak ediblər. Bu işləri gələcəkdə daha geniş miqyasda tətbiq etmək planlaşdırılır.
Bu ilki xeyriyyə tədbirlərinin reallaşmasında isə Masallı İHB-nin Şərəfə kəndi üzrə nümayəndəsi Valeh Seyfullayev, bələdiyyə sədrinin müavini Əliməmməd Ziyadov, məktəbin direktoru Taleh Əkbərov, sinif rəhbərləri Rza Rzayev, Qalib Məmmədov, kənd uşaq bağçasının müdiri İlahə Məmmədova yüksək fəallıq göstəriblər. Onu da qeyd edək ki, tədbirə qatıla bilməyən məzunlar da bu xeyriyyə işlərinə maliyyə yardımlarını əsirgəməyiblər.

"Cənub xəbərləri"



Комментариев нет:

Отправить комментарий