14.11.2011

Gerçəkliyi ötən ədəbiyyat gərəkliyi

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Zamanı ötməyən ədəbiyyat – ədəbiyyat deyil.
Zamanı ötməyən sənət – sənət  deyil.
Azərbaycan ədəbiyyatının indiki durumu haqqında müxtəlif fikirlər mövcuddur. Bu qənaətlər daha çox ədəbi cəbhədəki qələm yiyələrinə məxsusdur. Son nəticədə bütün dövrlərdə olduğu kimi, indi də yaradıcı adamlar arasında gedən çəkişmə, bir-birini sevməmək, habelə əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləmək və s. kimi cəhətlər ədəbiyyatın xilaskarlıq mahiyyətinin ortaya qoyulmasına ciddi maneçilik yaradır. Qələm adamları çox hallarda onlara ünvanlanmış iradlara qarşı durmaq fikrində belə olmurlar.
Bütün əsərlərdə insandan danışılır. Ancaq daha çox ölü üslublar, düşüncələr insanlara xilas kimi təqdim edilir. İnsan hadisəsi isə təsdiq olunmur. Buna görə də ideyalar ömürləşmədiyindən ədəbiyyatın dediklərinə inanılmır.

Azərbaycanda hələ də elə düşünənlər var ki, kitabın qalınlığı və əsərin böyüklüyü yazıçının böyüklüyünə dəlalət edir. Gözəl hesab edilən bütün əsərlər əsl tənqidçi “süzgəcindən” keçməyəndə oxucuya gərəyincə çatmır. Əgər tənqidçi soyuq üslubu ilə “odlu” bir əsərdən yazmağa girişibsə, onun yazdığı mahiyyətcə kimsəyə gərək deyil.
Vaxtilə İnam Ata (Asif Ata) deyirdi ki, əsl tənqid ədəbiyyat vasitəsilə xalqı mənəvi-idraki mənada yetirir, böyüdür, yüksəldir; habelə ədəbiyyatı təhlil edir, dəyərləndirir, yönəldir. Onun bu baxımdan ədəbi tənqidçilikdə görmək istədiyi cəhətlər aşağıdakılardır:
Tənqid – ədəbiyyatla xalq arasında körpüdür, ədəbiyyat vasitəsilə xalqla danışmaqdır. Burada başlıca istək ədəbiyyata yön vermək, əsas təmayüllərin qanunauyğunluqlarını öyrənmək, gələcək inkişafını müəyyənləşdirmək; sənətin yaratdığı estetik sərvətləri təsdiq etmək, bədii əsərlər vasitəsilə gündəmdəki fəlsəfi, sosioloji prolemlərini həll etməkdir: “Tənqiddə təhlil və ümumiləşdirmə bacarığı birlik təşkil etməlidir. Bu birlik pozulduqda tənqidçi sıravi rəy söyləyən səviyyəsindən yuxarı qalxa bilməz. Deməli, tənqidçilik ilk növbədə çox dərin elmi təfəkkür tələb edən bir peşədir. Lakin təkcə elmi təfəkkür tənqiddə azdır. Burada eyni zamanda parlaq bədii istedad, estetik duyğu, poetik temperament gərəkdir. Burada filosofluq da gərəkdir. Tənqid nəzəri-elmi fikirlə bədii fikrin birliyidir. Tənqidçi yazıçının əsərindən istifadə edib toplumun çox aktual və dərin problemlərini həll edə, həmçinin yazıçıdan irəli gedib onun deyə bilmədiyini də deyə bilər. Tənqidçi cəsarətli, prinsipial şəxsiyyət olmalıdır”.
İnam Atanın fikrincə, tənqidçi öz əqidəsi uğrunda ardıcıl mübarizə aparmalıdır. İnam Ata fəlsəfi-bədii tənqidini, həmçinin də üslubunu kimsədən götürməyib, özü yaradıb. Dünya tənqidinin zirvələrini oxuyub, ancaq kimsəni təkrar etməyib. Ən çox fəlsəfənin, bədiyyatın özündən yararlanıb.
Atanın fikrincə, avropalılarda “tənqid” – “təhlil” deməkdir. Kant “Xalis zəkanın tənqidi” deyəndə “təhlil”i nəzərdə tuturdu. “Tənqid” sözünün rus dilindəki anlamında “tənqidçi” əməli tənqid etməklə eyniləşir, tənqidçilik az qala inzibatiləşir: “Əslində isə tənqid yaradıcılıq əməli olmalıdır, yəni bədiyyat vasitəsilə İnama, İdraka, Mənəviyyata, İradəyə xidmət etməlidir. Tənqid bədiyyatla tən fəlsəfi janr olmalıdır”.
Bu, o deməkdir ki, əslində Asif Ata hələ yaradıcılığının ilk dönəmində belə ədəbiyyat tənqidçiliyi standartlarına sığmırdı, ondan artıq idi. Onun təhlilçiliyi səviyyə etibarilə müraciət etdiyi əsərləri ötürdü, onlarda dayanıb qalmırdı, oxucuya aydın yön göstərirdi.
Atanın “Şeyx Nəsrullah əsarəti”, “Tarixə çatmaq”, “İnsan Yönü”, “Yerdəkilərin göy həsrəti”, “Həqiqət və yarımhəqiqət” və başqa onlarla fəlsəfi-tənqidi əsərləri heç bir standart qəlibə sığmayan fəlsəfi-bədii tənqid hadisəsidir. Ata deyirdi: “Bu, Asif Ata tənqididir. Burada təhlil də şablon təhlilə bənzəmir, üslub da şablon üslub deyil. Burada universal sintez var; ilham fikirlə çulğaşır, bədiyyat fəlsəfəylə tənləşir”.
Gələcəkdə ədəbiyyatda yaradıcı janrlardakı yığcamlıq, eyni zamanda mənanın, mahiyyətin daha da gözəl ifadə olunması gərəkliyini yaradacaq. Ədəbiyyatın millətimizin dərdlərinə daha da yaxşı yaramaq imkanlarını gerçəkləşdirmək yaradıcılardan sözün əsil mənasında hünər istəyir.
Bu anlamda Asif Atanın fəlsəfi-bədii tənqid yönü ilk olaraq Azərbaycan yazarları üçün misilsiz yaradıcılıq imkanları yaradır.

Комментариев нет:

Отправить комментарий