Bilirəm oxumayacaqsan,
amma yenə də yazıram.
Oxumayacaqsan,
çünkü göndərməyəcəm.
Bəlkə otağımın bir küncündə,
bəlkə də geyinmədiyim bir köynəyin cibində
tapacaqlar illər sonra.
Kimisi sevgi məktubu deyəcək,-
ümid dolu bir məktub...
Bu gün bitirdiyimi sandığım
bir çox xatirələrdən
bitməmiş cümlələr qalacaq illər sonra...
Səni hökmən suçlayacaqlar.
Səni sevdiyimi ağıllarına
belə gətirməyəcəklər.
Amma, sənin məni sevib,
sevməməyini də
çözəcəklər,
yozacaqlar-
fikirlərin çoxluğunda
azacaqlar…
bir-birləri ilə
mübahisələr və nələr?!
Sən oxumayacaqsan,
Amma oxuyacaqmışsan kimi
yenə də yazıram.
Sevdiyim üçün,
mənim sənə bu məktubu yazdığımı
hiss edəcəyini bilirəm.
Mən yazarkən içinin ürpəndiyini,
gülən üzünün hüznləndiyini,
danışan dilinin susğunluğunu,
gözlərinin dolduğunu,
qəlbinin həyəcanla
döyündüyünü hiss edirəm.
Bəlkə, elə bu səbəbdən yazıram.
Sanki bu yazılarımla sənə toxunuram
Məni öpməyəcək dodaqlarında oxunuram.
Bu məktubu göndərməyəcəm.
Çünki sahibini – səni tanımıram,
bilmirəm.
Səni sevirəm,
amma kimsən,
bilmirəm.
Nə üzünün cizgisini,
nə səsinin avazını,
nə də yaşadığın evin yerini.
Məktubu alınca nə hiss edərsən?!
Səni qorxudan
bir qapı zənginin
səbəbi olmaq istəmirəm.
Bu məktubu göndərməyəcəm
səni mən yaratdım.
sən yoxsan…
Комментариев нет:
Отправить комментарий