"Kərə yağının
dadını və qoxusunu verən, xüsusi maddələr qatılan saxta yağlarla camaatı
aldadırlar"
Bir neçə gün əvvəl
əməkdaşlarımızdan biri mağazadan kilosu 3 manat 20 qəpiyə aldığı
"kərə" yağını tavada əritmək istəyərkən, dəhşətli bir vəziyyət
yaranıb - tavadakı yağın çoxu əriyərək yoxa çıxıb, yerində isə bir neçə xörək
qaşığı qədər tünd maye və evdən bir gün ərzində çəkilməyən dəhşətli qoxu qalıb.
Bu kimi halların çox olduğunu və əhalini narahat etdiyini nəzərə alıb yeyinti
yağları sektorundakı vəziyyətə aydınlıq gətirməyə çalışdıq.
Son vaxtlar ərzaq
məhsullarının keyfiyyəti əhalini daha çox narahat etməkdədir. Ölkənin ticarət
mərkəzlərində satılan ərzaqların çoxunun mənşəyi, tərkibi, istifadə müddəti
haqda sənədləri yoxdur. Qidadan zəhərlənmə və xəstəliyə yoluxma haları artır.
Belə məhsullardan biri də əksər yeməklərin hazırlanmasında və insan
orqanizmində əvəzedilməz nemət olan yağdır.
Qidalanma üzrə
mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul
etməlidir. Bu şərtlə ki, həmin yağ keyfiyyətli olsun. Məlumdur ki, orqanizmin
tələb etdiyi vitamin və mineralların bir qismi məhz yağdan alınmalıdır. Amma
məlum deyil ki, biz orqanizmimizə lazım olan təbii yağı qəbul edə bilirikmi...
Standartlara görə,
kərə yağı 3 dərəcədən aşağı tempraturda maksimum 1 ay saxlana bilər. Amma
mağazalarda aylarla satışda olan açıq kərə yağları var. Qutu yağların üzərində
isə bir neçə ay saxlanma müddəti göstərilir. Tərkib və keyfiyyət barədə isə
danışmağa belə dəyməz. Amma biz məhz bu barədə danışacağıq...
Yağ bazarında işlər
yağ kimi gedir, yoxsa...?
Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 33 min tondur. Bunun 21 min tonu ölkədə istehsal olunur, qalanı xaricdən
gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarusiya, Almaniya, Avstraliya və
Yeni Zellandiyadan yeyinti yağı idxal olunur.
1988-ci ilin rəsmi statistikasına görə, respublikada 40 min ton təbii
kərə yağı istehsal edilirdisə, 2011-ci ilin rəsmi statistikasına görə ölkədə 25
il əvvəlki dövrlə müqayisədə 2 dəfə az, cəmi 21 min ton kərə yağı istehsal
olunub.
Əgər nəzərə alsaq ki, Sovet dövründə əhalinin sayı 7 milyon nəfər
olduğu halda, hazırda ölkə əhalisinin sayı 9 milyon nəfəri ötüb, amma kərə yağı
istehsalı 2 dəfə azalıb, onda əminliklə demək olar ki, adambaşına düşən kərə
yağı istehsalı və istehlakı Sovet dövrü ilə müqaisədə 3 dəfədən cox azalıb.
Halbuki,
iribuynuzlu heyvanların sayı artıb. Hazırda, ölkədə 1,2 milyon baş qaramal var.
Bu həcmdə iribuynuzlu və sayı 8 milyondan artıq olan xirdabuynuzlu heyvanlar
ölkənin keyfiyyətli kərə yağına olan tələbatını ödəyə bilər. Amma ticarət
sektorunda xarici və yerli istehsal olan saxta yağlar meydan sulayır.
Mağazalarda hər
hansı açıq şəkildə satılan yağın istifadə müddətini və keyfiyyət sertifikatını
soruşsanız sizə üzərində göstərilən istifadə müddəti bitməmiş bir yağ qutusu
göstərəcəklər ki, bax vitrindəki açıq yağı bu qutudan çıxarmışıq, sənədlər isə
müdriyyətdə olur, müdriyyət isə burda yoxdur.
Maya dəyərindən
ucuz "kərə yağı"
Məlumdur ki, 1 kq
kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var.
Südün topdansatış bazar qiyməti isə 40-50 qəpikdən az deyil. Bu halda 1 kq kərə
yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər,
müəssisənin qazancını da əlavə etsək, 15 manatdan az ola bilməz. Təkcə bu
təkzibedilməz fakt Azərbaycanda satışda olan istisnasız olaraq, bütün kərə
yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir.
Yeni Zellandiya
yağı adı altında satılan tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə
malik olmasını sübut etməyə ehtiyac belə yoxdur. Çünki nə heyvani yağlar, nə də
bitki yağları heç vaxt tünd sarı rəngdə olmur.
İş o yerə gəlib
çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən "kərə" yağları
satılır və bu yağın üzərinə "Moskva" və ya "Rusiya"
yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, həmin qiymət bu məhsulun
Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.
Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi (SPMDK) bildirir ki, ucuz qiymətə (kq-ı 2-3
manata) satılan yağlar kombinə edilmiş yağlardır:
"Bitki
tərkibli qarışıq yağlar satışda az deyil. İstehlak bazarında bu cür yağlar
çoxdur. Üzərində təmiz kərə yağı yazılmasına baxmayaraq, araşdırmamız
nəticəsində müəyyən olunub ki, bu məlumatlar alıcını aldatmaq məqsədilə
yazılıb. Həqiqətdə isə vəziyyət başqadır".
Komitə yanında
fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik
parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri
laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Ticarət şəbəkələrində
tərəfimizdən verilmiş uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi
məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir".
"Azərbaycanda
gizli sexlər var..."
Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ
seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların
əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir:
"Satışda
"kərə yağı" adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində
kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların
iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi
materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə
yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların
istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün
təhlükə yaradır".
Saxta və təhlükəli
yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur.
Azərbaycanda kərə yağı istehsalı ilə 4 şirkət məşğuldur, "Atena",
"Milpro", "Nurgün" və "Palsüd". Bu şirkətlərin
məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var.
Lakin, ölkədə gizli
fəaliyyət göstərən sexlər də az deyil. Bunu SMPDK sədri Ramiz Həsənov da təsdiq
edir:
"Azərbaycanda
gizli sexlər var. Ölkədə çox az miqdarda kərə yağları istehsal olunur. Kərə
yağları əsasən, Azərbaycana idxal edilir. Gömrükdən idxal olunan kərə yağları
keyfiyyətlidir.
Amma sonra həmin
kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır, əsasən
kiçik, 250 qramlıq qutularda qablaşdıraraq satırlar. Üzərinə də yazırlar ki,
bu, 82 faiz kərə yağlarıdır. Ticarət şəbəkəsindən alırsan, baxırsan ki,
yağlılıq yazıldığı kimi 82 faiz deyil. Belə qutularda yağ satışı aşkarlananda
biz onları cəzalandırırıq".
Litri 2-3 manata
bitki yağı əmələ gəlmir!
Azərbaycana ən çox
marqarin Türkiyədən idxal olunur. Satışda olan marqarin yağlarının qiyməti
təbii məhsulun maya dəyərinə adekvat deyil. Yəni, mütəsəxxislərin fikrincə, 2-3
manata 1 litr bitki yağı almaq mümkün deyil. Bu, konkret olaraq hansısa şübhəli
materialdan hazırlanan məhsuldur.
"Təməl"
Hüquq Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Abbasov deyir ki, bu gün
marqarin firmalarından pula almış bəzi həkimlər insanlara təlqin edirlər ki,
guya bitki yağı daha xeyirlidir:
"Bu təbliğatı
aparanlardan bir neçəsini tanıyıram, özləri xaricdən gətirilən bahalı təbii
kərə yağlarının daimi müştəriləridirlər. Onda haqlı sual yaranır, əgər kərə
yağı ziyandırsa siz nə ücün yeyirsiniz, yox xeyirlidirsə, onda nə ücün əhaliyə
məsləhət deyil?
Bitki yağının
olmadığı min illər boyu insanlar təbii kərə yağı yeyiblər və bizim də
orqanizmimiz bu qidaya uyğunlaşıb, bitki yağı isə qida rasionumuza təzəlikcə
daxil olub. Marqarinə adət etməmiş orqanizmə böyük həcmdə marqarin dağıdıcı
təsir göstərir".
Rəsmi statistikaya
görə, Sovet dövründə il ərzində 1 vətəndaş orta hesabla cəmi 200 qram bitki
yağı istifadə edirdisə, bu gün bu göstərici illik adambaşına 8 kq təşkil edir.
Marqarin istifadəsi düz 40 dəfə artıb! Hələ bu rəsmi rəqəmdir, reallıqda daha
çox olduğu güman edilir. Üstəlik, bu bitki yağlarının keyfiyyəti o vaxtkından
xeyli aşağıdır.
Saxta yağlar hansı
xəstəliklər törədə bilər?
Keyfiyyətsiz və
tərkibi zərərli maddələrlə zəngin yağlar orqanizmdə bir sıra problemlərin
yaranmasına səbəb olur. Mədə-bağırsaq həkimi Eldar Sultanovun dediyinə görə,
keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına,
ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan
xolesterinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da bir
sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Ərzaq
təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu burada təkrar etməyə ehtiyac
yoxdur. Düşünürük ki, milli genefondun məhv edilməsinə şərait yaradan belə
halarla bağlı ciddi ölçü götürüləcək.
Elçin
Bayramlı
publika.az
Комментариев нет:
Отправить комментарий