03.08.2012

Günel Eyvazlı. MÜQƏDDƏS ANALAR – SİLSİLƏSİNDƏN

Həzrəti Məryəm

Mən
Həzrəti Məryəm.
Günahdan uzaq
Pak, təmiz bəndə
Nəfsi çəkilər
Yoxdu beynimdə.
Əzmişəm onu
Tapdalamışam.
Mən İlahinin ətəklərini
Saf ağuşumla
Qucaqlamışam.

Atasız övlad,
Dayağı Allah.
Peyğəmbər yükü
Sənin çiynində.
Neçə günahın keçidlərindən
Qürurla keçib, ucalacaqsan.
Sən yaşamısan,
Sən yaşayırsan,
Yaşayacaqsan.

Neçə kişinin əli uzandı
Mənə toxunmaq
Yasaqdır, yasaq.
Mən İlahinin nuru kimiyəm,
Sənin gözünə
Görünmək üçün,
Qadın cıldiyəm.

Torpağın üstə,
Torpağın altda.
Eşidirsənmi gələn səsləri.
Bu qışqırıqlar, qamçı səsləri.
Ölüm həvəsi,
Ölüm istəyi.

Mən ana kimi,
Dualarımı
Heç əksiltmədim,
Heç  azaltmadım.
Əllərim açıq,
 Haqq dərgahına.
İblisə uyan insanlarını
Yarəb bağışla,
Onu bağışla.

Analar

Yenə üzün tutub yana,
Mənə baxmır kitablarım.
Yazılıbdır savab üstə,
Günahlarım, günahlarım.

Verib mənə sol əlimə,
Günahını özgəsinin.
Mən çəkəcəm ömür boyu,
Bu günahı özgəsinin.

Məni hələ eşitməyir,
Çatmaq istədiyim qulaq.
Karlığını açmaq üçün,
Alqışlayaq, alqışlayaq.

Körpə niyə sakit yatıb?
Səsin, küyün bu çağında.
Yırğalayır günahları,
Analar öz qucağında.

Sən anana söykənmisən,
Anan boşluğa söykənib.
Anan səni, boşluq onu,
Əzizləyib, əzizləyib.

İndi kitab oxumağın,
Nə önəmi, nə mənası.
Qismət, tale, alın yazı,
Əlifbası, əlifbası.

Bəlkə məni sən oxudun,
Üzüm kitab, əlim günah.
Sən kitabı , mən günahı,
Qucaqlayaq, qucaqlayaq.
           
Bərabərdir çiyinlərim,
Sən yetişdin imdadıma.
Həmin səsdir uzaqdaydı,
Yaxınlaşdı qulağıma.

Eşitmədiyim sözləri,
Pıçıltıyla deyir mənə,
Yeni kitab yazacayıq,
Nazik, birmil dəftərimə.

Sən balaca, sən körpəsən,
Neçə bayram böyümüşəm.
Sənin məna gözlərində,
Günah kimi görünmüşəm.

Bir uşaq

Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.

Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.

Amma. təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.

Söz yazır, cümlə yazır.
Gəl yazır, apar yazır.

Qoy tutum uşaqlar tək əllərindən, ay ata.
Çox demirəm bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün atam var , atam mənim.

Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni ata.

Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin səni dilə gətirmək.

 Köks ötürüb dinməzcə mən yollara baxıram,
 Ataların üzündə, atamı axtarıram.

 Səndən heç kim danışmır,naməlumsan, itkinsən,
 Anamın sözlərində əbədi nifrətimsən.

 Sadəcə bir maraqdır, səni bir dəfə görmək,
 Rəsmini sonumadək, beynimdə həkk etdirmək.

 Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
 Mən sənin əvəzinə anamı yaradıram. 

Комментариев нет:

Отправить комментарий