12.08.2012

İş axtarırsan? Əvvəlcə 90-60-90 olmalısan...

Şəhərimizin az qala hər tərəfində hər gün gördüyümüz iş elanları var - avtobus dayanacaqlarında, avtobusların şüşələrində, mağazaların və internet-kafelərin qapısında, metro vaqonlarının divarlarında

Məzmunu təxminən belədir: “İşə 18-25 yaş arasında olan, mavi gözlü, sarışın, mütənasib bədən quruluşu olan qızlar dəvət olunur”. Maraq üçün zəng edirsən, telefonun o başındakı işin nədən ibarət olduğunu anlatmaq əvəzinə sənin bədən ölçülərini soruşur: “Ətraflı ofisimizdə danışarıq”, - deyir.


Qızlar, ehtiyatlı olun!


Məlumdur ki, qadınların əvvəlki kimi evdə oturması artıq az rast gəlinən haldır. İndi institut tələbələri belə boş zamanında işləyib ailə büdcəsinə xeyir vermək barədə düşünürlər.

İş axtarmaq üçün də ya iş elanları saytına, ya qəzetə, ya da küçədə-bayırda rastlaşdıqları iş  elanlarına diqqət edirlər. İctimai yerlərə yapışdırılan, metro çıxışlarında cavan qız və ya oğlanların payladığı bu elanların əksəriyyəti 18-25 yaş arası qızları əməkdaşlığa dəvət edir. İş müqabilində yüksək əməkhaqqı vəd edən işbazlar xaricə səfərlərin və ya treninqlərin də mümkün olacağını qeyd edirlər. Avropa həvəsi ilə yanıb-tutuşan gənc qızlar üçün bu əsl fürsət olur. Elanda göstərilən telefona zəng edirlər. Adətən bu telefon şəhər telefonu yox, mobil nömrə olur.
İş görüşməsinə gedən qızlar adətən yaxşı təsir bağışlamaq üçün yaxşı geyinirlər. Çox qadın ağlına belə gətirmir ki, adi iş hesab etdiyi bu elanların arxasında hansı qüvvələr dayanır. İşi qəbul edəndən bir neçə gün sonra məlum olur ki, əslində, onun potensialından, savad və bacarığından yox, gözəlliyindən yararlanmaq istəyirlər.

“Mənə müraciət edən qadınlar olur”


Ekspertlər deyir ki, bu kimi hallarda o elanlara əhəmiyyət verməmək lazımdır. Psixoloq Dəyanət Rzayev deyir ki, bu kimi hallara başqa ölkələrdə rast gəlmək olmaz, bu elanların tətbiqi artıq diskriminasiyadır: “Bununla gərək cəmiyyət məşğul olsun. Elan varsa, tələb dediyiniz kimidirsə, işə ehtiyacı olan qarasaçlı, qaragözlü qız saçını rənglədib edəcək sarı, gözünə linza qoyduracaq, işə girəcək. Bu, sadəcə, insanların alçaldılmasıdır, hüquq pozuntusudur. İşə götürəndə təcrübəyə baxmaq lazımdır, bədən quruluşuna yox. Təsəvvür edin ki, mənim yanıma necə qızlar gəlir, psixoloji dəstək istəyirlər. İş yerində zorakılığa məruz qalır, müdiri deyir ki, ya mənlə münasibətdə olmalısan, ya da işdən çıxacaqsan.

Bu elanlar qadınlaın inamını, cəmiyyətə güvənini, özünə hörmətini məhv edir. Qadın özü öz gözündə alçalır. Qadınlara bu cür təkliflər edən müdirlər, iş sahibləri zinadan doğulan insanlardır”.

Qadını, sadəcə, seksual obyekt kimi görürlər?


“Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, əmək qanunvericiliyində elə bir şərt yoxdur: “Amma bu gün siz hansı şirkətə getsəniz, 35 yaşından yuxarı heç kimi işə götürmürlər. Bu əmək hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bilirsinizmi, iqtisadi məkanda əsas məsələ gəlir götürməkdir. Bu, əslində, şəxsin istifadəsinə, istismarına gətirib çıxarır. Bu, qadının düşüncəsi, biliyi, potensialı yox, sadəcə, seksual obyekt olaraq görülməsidir. Çox təəssüflər olsun ki, şüurlar bu baxımdan problemlidir. Əksər qızlar iş axtaranda daha çox bəzək-düzəyə fikir verirlər, çünki bu yolla iş tapmaq asandı. Bu da əməyə, savada, bacarığa olan münasibətdən çox cinsi istismar xarakteri daşıyır”.

Hüquqşünas Kamran Məmmədov isə deyir ki, bu kimi hallar birbaşa olaraq qanun pozuntusudur: “Bu elanlar Əmək Məcəlləsinə də, insan haqlarına da ziddir. Azərbaycanda bu işə Əmək Müfəttişliyi nəzarət etməlidir”.

Qanunda boşluq var


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişi Xaqani Əsədov Milli.Az-a bildirdi ki, qanunvericilikdə bu kimi hallarla bağlı heç bir maddə olmadığı üçün konkret nəsə demək çətindir: “Bu sahədə qanunda boşluq var. Düzdür, bu elanların hamısı ucdantutma pis ola bilməz, normal iş təklif edən iş sahibləri də var. Elə iş sahibləri var ki, o, həqiqətən də, məcburdur cavan işçi götürməyə. Məsələn, otellərdə qonaqları qəbul edən personalın cavan, diqqətçəkən, enerjili olması vacibdir. Bu vasitə onun həm nüfuzuna, həm də maddi gəlirinə yaxşı təsir edir və işçilər də yaxşı maaş alırlar”.

Hazırda 35-36 yaşdan yuxarı qadınların iş yerlərində demək olar ki, işə qəbul olunmaması barədə sualımıza müfəttiş belə cavab verdi: “Məcəllədə konkret belə hallarla bağlı nəsə yoxdur ki, qarşılaşanda məhz o qanuna əsasən, nəsə tətbiq edə biləsən”.

“İş sahibi yaraşıqlı personal istəyir”


Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, məsələnin həm yaxşı, həm də pis tərəfləri var: “Yaxşı tərəfi odur ki, hər kəs istəyir ki, öz ofisində yaraşıqlı personal olsun. Bu, estetika baxımından yaxşıdır.  Digər tərəfdən statistika, fakt göstərir ki, bu elanların arxasından başqa şeylər çıxır. Çünki həmin qızlarla macəra yaşamaq üçün verilən elanlar da kifayət qədərdir. Belə elanlar təhlükəlidir və bu elanların arxasında çox ciddi problemlər dayanır. Bu heç cinayət tərkibli də deyil, çünki heç kimi məcbur etmək olmaz ki, sən öz ofisinə belə qızlar götürmə. Səlahiyyət ondadır. Bu gün özümüz də şahidi oluruq ki, insanların qabiliyyətinə yox, görünüşünə qiymət verirlər”.


Nilufər                     milli.az

Комментариев нет:

Отправить комментарий