11.08.2012

Salam Sarvan: “40 yaşdan sonra dəyişdim“

“Biz öz oyuncaqlarımızı özümüz düzəltmişik”

Hər gün ad günüdü dünyada bəlkə -
hər gün bu dünyada il tamam olur.
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur. 

Bu misraların müəllifi, tanınmış şair Salam Sarvanın dünən doğum günü idi. 46 yaşı yola salırdı. Bu münasibətlə şairlə əlaqə saxlayıb ondan müsahibə aldıq.

- Salam müəllim, 10 avqust doğum gününüzdür. Sizi təbrik edirik! Bu yaşda özünüzü necə hiss edirsiniz, bu yaş sizə hansı nostalji duyğuları yaşadır?
- Bu doğum günümdə xüsusi hisslər keçirmirəm. Yəni ya dünən, ya da ondan öncə olan gündən heç də fərqli ovqatda deyiləm. Amma onu deyə bilərəm ki, daxilən rahatam.

- Bu gün səhər açılandan kimlər zəng vurub, sizi təbrik edib?
- Səhərdən başlayaraq dostlarımın, tanışlarımın əksəriyyəti zəng edib təbriklərini çatdırırlar. Bəziləri də sosial şəbəkə vasitəsilə öz ürək sözlərini və təbriklərini yazırlar. Amma elə oldu ki, keçən il yaxın qohumum, rəhmətlik Ceyhun Nağı mənim düz ad günümdə dünyasını dəyişdi. Ona görə də mən bu il doğum günümü qeyd etmirəm. Bu gün mənə həmin anın əhval-ruhiyyəsini yaşadır.

- Sizə zəng etməyənlər arasında kimlərdən zəng gözləyirsiniz?
- Deyim ki, hətta 40 yaşa qədər mən doğum günlərimdə fərqli hisslər və duyğular yaşamışam. Həm də adamlar belə günlərdə həmişə umacaqlı, kövrək və həssas olurlar. Daima kimdənsə zəng, ismarıc gözləyirlər. Amma 40 yaşdan sonra doğum günlərimə belə yanaşmıram, mənim üçün bu gün xüsusi bir zəng, ya ismarıc gözlədiyim gün deyil. İndi hansısa dostlarımın yadında qalıb və zəng vurur, təbrik edirlərsə, onlara təşəkkürümü bildirirəm. İnanın heç mənim də yadıma düşmür ki, görəsən, kim məni təbrik etməyi unudub, ya mənə zəng etməli idi, amma etməyib.

- Bəs bu yaşda özünüzə nələri arzu edərdiniz?
- Biz artıq arzularla qurtarmışıq, həm də mənim artıq arzulamaq yaşım deyil. Yəni nəyi istədiyim barədə düşünmək və nəyisə arzulamaq istəmirəm. Mən bu gün də həmişə yaşadığım ovqatdayam.

- Bəs doğum günü ilə bağlı uşaqlıq illərindən yadınızda qalan xatirəni bizimlə bölüşərsinizmi?
- İnanın, indi heç bir şeyi xatırlamıram, amma çox böyük ehtimalla maraqlı nələrsə olub. Bircə onu deyim ki, mən kənd uşağı olmuşam və siz düşünün, kənddə doğum günü necə qeyd edilə bilər... Hərdən zarafatla deyirəm ki, bizim şəhər uşaqlarından fərqli cəhətlərimiz çox olub. Bir neçə ay bundan öncə bir marketə girdim, gördüm, alış-veriş üçün olan əl arabasında uşaqlara da xüsusi bir yer düzəldibər. Misal üçün, ana öz uşağı ilə alış-verişə gedəndə uşaq əziyyət çəkməsin deyə bunu ediblər. Sözümü ona gətirirəm ki, indiki uşaqlar üçün hər şərait var və onlar oyuncaq bolluğundadılar. Amma biz öz oyuncaqlarımızı özümüz düzəltmişik. Heç vaxt hazır oyuncaq yiyəsi olmamışıq. Kənddə səkkiz yaşına qədər ayaqyalın böyümüşük. Hətta uşaq vaxtı aldığımız yaralarımızı da sarğıdan belə istifadə etmədən özümüz öz əllərimizlə sarımışıq. Ona görə də kənd uşaqlarının bəzi istisnalarla heç bir xüsusi ad günləri olmur.

- Yaradıcılığınızda nə kimi yeniliklər var, oxucularınız sizdən nələri gözləsinlər?
- Bu haqda Şahbaz Xuduoğlu ilə də danışmışam. Mənim son zamanlar xeyli sayda, elə belə götürsək, bir kitab həcmində şeirlərim yaranıb. Düşünürəm ki, bu ilin axırına qədər şeirlər kitabımı çap elətdirim. Oxucular üçün yenilik bu kitabımın nəşri olacaq.

- Oxuculardan söz düşmüşkən, bir məqama toxunmaq istəyirəm. Son zamanlar şeir yazmağa yeni başlayan gənclərin bəziləri sizi özlərinə müəllim kimi görür və müəyyən qədər özlərinin yazı üslubunu sizin üslubunuza bənzətməyə çalışırlar. Bunu necə dəyərləndirirsiz, bu, sizin uğurunuz sayıla bilər?
- Mənə bəslədikləri sevgiyə görə sağ olsunlar, amma gənclərin mənə bənzəmələrini heç istəməzdim. Çünki Azərbaycan poeziyasında bir Salam Sarvan var və ikincisinə ehtiyac yoxdur. Deməzdim ki, indiki gənclərin hamısı elə Salama bənzəmək istəyirlər, amma ola bilər, onların arasında kimlərinsə mənə rəğbəti və sevgisi var. Amma indi öz üslubu, öz stili və özünəməxsusluğuyla seçilən bir neçə gənc yazar və şairlərimizin də olduğunu deməliyik. Mənim özümün onlara xüsusi sevgim var.

- İlin sonuna kimi nəşr olunması nəzərdə tutduğunuz kitabda sərbəst, yoxsa heca vəznində şeirlər yer alacaq?
- Çapa hazırladığımız kitabda həm sərbəst, həm də heca vəznində şeirlər olacaq. Mən həmişə poeziya haqqında düşüncələrimdə formanı şərti hesab etmişəm. Elə bilirəm ki, hansı düşüncə qatında düşünürsənsə, elə o düşüncə qatı özü sənə formasını, üslubunu, intonasiyasını diktə edir. Ümumiyyətlə, bu şeirlər qarışıq düşüncə qatlarının nəticəsidir və bu haqda çox danışmaq istəmirəm.

- Deyirlər, yaş ötdükcə yaradıcı insanın həyat fəlsəfəsində nələrsə dəyişir, yenilənir və fərqli bir həyata baxışla yenidən əsərlərə köçür. Bəs siz necə, bu yeniliyin, dəyişik duyğuların fərqindəsinizmi? Həyatınızda bu yeni duyğu axını ilə nələrsə dəyişdimi?
- Bu yaşımda yox, hardasa üçdörd il olar gəldiyim konkret bir qənaət var. Məncə, insanlar ümidləri öldürməlidirlər. Yəni ümidlə yaşamaq aldadıcı haldır. Hətta indiki halda məndə ikrah doğuran atalar sözlərindən biri də budur - “Sonuncu ölən ümidlərdir”. Elə bu gündən insanlar özlərindəki ümidləri məhv etməli və ümidsiz yaşamağa davam etməlidirlər. O cür, ümidsiz yaşamaq rahat yaşamaqdır, ümidsiz yaşamaq cəsarətlə yaşamaqdır, bu həm də insanın özü kimi yaşaması deməkdir.

- Adətən deyirlər, yaradıcı insanlar öz şeirlərində müəyyən qədər də olsa özlərini, yaşadıqları enişli- yoxuşlu həyat yolunu əks etdirirlər. Bəs bu son ildə yazdığınız və kitabada daxil edəcəyiniz şeirlərdə özünüz, portretiniz və varlığınız hiss olunurmu?
- Şairin yazmaq prosesində və öz yazı mətbəxində özünəməxsusluq müxtəlif olur. Ancaq şairləri birləşdirən bir ümumi cəhət var. Bütün şairlər yazı və şeir yazanda özünü, öz varlığını gizlətməyə çalışırlar. Heç bir şair istəmir ki, yazısında, ya şeirində özü olsun və yaxud özünün taleyindən nəsə düşsün. Məncə, yaradıcı insanlar nə qədər gizlətməyə çalışsalar da, müəyyən qədər də olsa yazılarına talelərindən və həyatlarından nələrsə ora damır. Bundan qaçmaq qeyri-mümkündür. Mənim bu yeni şeirlərimdə çox böyük ehtimalla öz həyatımdan da nələrsə var.

- Ən son hansı şeiri yazmısız və ondan bir neçə misra deməyinizi istərdim.
- Təəssüf ki, mənim ən zəif yerim şeirlərimi əzbər bilməməyimdir. Son şeirlərimin heç biri yadımda qalmır. Amma əvvəl yazdıqlarımdan istəsəydiniz bir neçəsini deyərdim.

- Son yazdığınız şeiri xatırlamasaz da şeirin yazılma prosesindən bir balaca danışın...
- Əslində şeir gəlirsə gəlir... Amma mənim şeirlərimdə mövzu konkretliyi yoxdur. Yazdığım bir şeirdə bir neçə mənanı, fikri tapmaq olar. Həm də hansısa bir şeiri aparıb başqa bir şeirə calaq eləmək mümkün deyil. Bir şeirin içərisində qəfil keçidlər deyilən bir məqam var. Düzünü deyim ki, mən şeir yazanda onun hansı mövzu ətrafında olacağını da qətiyyən düşünmürəm. Yəni konkret qəsd eləmirəm ki, mən şeiri nəyəsə həsr edirəm.

- Son zamanlar mətbuatda şeirlərinizlə yanaşı, həm də köşə yazılarınızla da çıxış edirsiniz. Köşə yazılarının səviyyəsini və mahiyyətini necə dəyərləndirirsiz?
- Bəzən gileylənirlər ki, roman və köşələr çox yazılır. Mən isə əksinə, yazı üslubunun müxtəlifliyini təqdir edirəm. Bəzən də gileylənirlər ki, oxucu yoxdur, insanlarımız kitab oxumaqdan uzaqlaşıb. Yəni cəmiyyət təkcə kitab oxumaqdan uzaqlaşmır, cəmiyyət həm də yazı mədəniyyətindən də uzaqlaşa bilər. Cəmiyyət hətta yazı vərdişlərini də itirmək həddinə yetişər. Bunu bir dəfə də yazmışam ki, elə əsgərlər var ordudan analarına məktub yaza bilmirlər. Oxu mədəniyyətini itirmək qorxusu olduğu kimi, yazı mədəniyyətini də itirmək qorxusu realdır. Əslində çox sayda romanların, köşə yazıların yazılması bir növ yazı mədəniyyətinin xeyrinədir. Amma ümumən hesab edirəm ki, insanın adicə məişət üslubunda yazdığı məktubda da özünəməxsusluq və üslub olmalıdır. Son zamanlar Taleh Şahsuvarlının yazılarını, onun üslubunu, yazıdakı baxış bucağını çox bəyənirəm. Bu siyahıda başqa adamlar da var.

- Ötən il doğum gününüz sizin həyatınıza fərqli bir damğa vurdu. Əziz bir dostunuz, qohumunuz olan Ceyhun Nağını itirdiniz...
- Ceyhun mənim həm dostum, həm də qohumum idi. Ona görə bu haqda geniş danışmaq istəmirəm. Əlbəttə, nələrsə dəyişdi....

Könül Səid                           teleqraf.az

Комментариев нет:

Отправить комментарий