15.08.2012

SƏN GƏLƏLI... BAHARA AÇILIR PƏNCƏRƏM...

Afaq Şıxlı

Tənhalığımla qonşu olmuşdum.
 Bir birimizə öyrəşmişdik...
 Nə o məni bacardığından daha artıq incitmirdi,
 nə mən onu azarlamırdım.
 Olmaz axı... Birlikdə ömür sürəcəkdik, birlikdə öləcəkdik ...
 Həsrətimin soyuqluğuna bürünürdüm...
 Səssizliymlə pıçıldaşaraq uyuyurdum...
 Günəş çıxırdı, günəş batırdı...
 Və bu məndən xəbərsiz həyat axınında hər şey adiydi, sönükdü.
 Gəzməyə çıxdığım parkla tanış olmuşduq. Bir-birimizi görüncə sakitcə gülümsünürdük.

 Yenəmi sən? - deyə soruşurdu yarpaqların xışıltısı?
 Yenə də mən... - deyə başımı tərpədirdim...

 O günədək hər şey adiydi.
 Gördüyüm insanlar da,
 ötürdüyüm günlər də...
 Gözlərim yazıların arasında sətirlərinə rastlaşıncayadək...
 Görə biləcəyimi xəyal belə etmədiyim üzünü görüncəyədək - adiydi həyat.

 ...Sən gələli başqa mənzilə köçdü tənhalığım.
 Sən gələli hər gün bahara açılır pəncərəm.
 Sən gələli küləklər özüylə doğma bir nəfəs gətirir - Vətən qoxulu!

SABAHA SAXLAMA!

 İşlərin çoxluğundan çox şeyi unudursan bəzən.
 Barmaqlarım arasından süzülüb gedən su kimisən...
 Bu get-gəllər arasında səni gözləyən də var,
 Sənin şəfqətinə, hənirinə ehtiyacı olan da...
 Dayan bir az, nəvaziş göztər,
 Sabaha saxlama!

 Bax, artıq payız da gəlir.
 Bahar sənsən, xəzan mən...
 Tökülən yarpaqlar arasında itirdiyim nələr var, bir bilsən...
 Yoxluğun da nə soyuq, nə titrəkdir...
 Gəl, hardasansa indi gəl!
 Sabaha saxlama!

 Susma, susduqca susur insan...
 Sənin üçün quş tək ötür, mənim üçünsə bitmir zaman...
 Səssiz saatlar, qəqiqələr ömrümüzdən gedir.
 Susduqca, hər an qəlbimdə bir zərrə inam yox olur,   itir...
 Susma, qəlbindəkiləri mənə söylə...
 Sabaha saxlama!

 Mən gözləyərəm, səni gözləmək savabdır.
 Mən dözərəm, bilsəm də ki, bu əzabdır.
 Yuxusuz da qalaram - bir kəlməni eşitmək üçün.
 Hara desən gələrəm - səni görmək üçün.
 Amma çağır, çağır, eşidirsənmi?
 Xoş sözlərinin arxasında boranlı bir qış gizlətmə!
 Qaytar Günəşimi!
 Ömrümə yaz gətir!
 Sabaha saxlama!
 Sabaha saxlama!

GƏL!

 Bilirsənmi...
 Sabahları axşam etdiyimdə batan günəşə üz tuturam hər dəfə.
 Sarmaşıqlar arxasından baxdığım pəncərəm dualarımın şahididir.
 Göy üzü - gümanım,
 günəş - ümidimdir.
 Sevgim - həyatım,
 sənsə həyatımın anlamısan...
 Gözləyirəm...
 Gecələr uzun olsa da, bir kiçik şam belə qəlbimi işıqlandırmağa yetər –
 Sən varsan deyə!
 Səmaları bürüyən qaranlıqlar, çaxan şimşəklər bir ümid qığılcımından qorxar...
 Əsən küləklər, sovrulan yellər bitər və tükənər, ümidimsə tükənməz...
 Həsrət usanar, ayrılıq yorular, mürgüləyər - gözlərimsə yorulmaz, səni gözləyər.

 Gəl!
 Nəfəsimdən tərləmiş aynalara yazdığım adın silinməmiş gəl!
 Tələs!
 Qaranlıqlar üzərində bir şimşək kimi parla, dəli bir yel kimi həsrəti qov, al apar bizdən uzaqlara...
 Günəıim ol!
 Buza dönmüş qəlbimi isit, həyat ver yenidən...
 Nigaranam... gecikmə... zamanım az qaldı...
 Dualarım sənədir, eşidirsənmi?

Комментариев нет:

Отправить комментарий