02.06.2013

SƏMƏD ERMƏNİ ƏSİRLİYİNDƏ

Akif ABBASOV

“Aldanma sözlərə” romanından bir parça

Nə toyum toy-düyün, nə yasım yasdı,
Sənsiz ağlayammır, güləmmirəm, gəl
                                            Allahverdi Məmmədli

Əzizə çətin vəziyyətə düşəndə «O»nu, bir də qardaşını xatırlayırdı. «O» sağ olsaydı, həm də Əzizənin olsaydı (demə başqasının imiş), heç Adilxana rast gəlməzdi də. «O», söz vermişdi ki, Fatma arvadı da şəhərə gətirəcək, birlikdə yaşayacaqlar. Hər sözə inanmaq olmur. İnsan nədənsə vədlərə, sözlərə aldanır. Əzizə yan otağa keçib çamadanını açdı. Qardaşı Səmədin şəklini götürüb öpdü. Doyunca onun əksinə baxdı. Səməd idmançı idi. Karate ilə məşğul  olurdu. Neçə-neçə yarışdan  qalib çıxmışdı. Qərbi Azərbaycanda yaşadıqlarından çox vaxt rəqibləri ermənilər olurdu. Hər dəfə erməniləri məğlub edəndə elə bil ona dünyanı bağışlayırdılar.
Kənddə Samvel də, Sergeylə Aşot da ona  yalaqlanır, ondan çəkinirdilər. Bir növ onlar Səmədin buyruq qulları idilər.
O vaxt maşını saxlayıb Fatma arvadı kuzova qaldırmışdılar. Arvad  özündə-sözündə olmadığından əl-qolunu ölçə-ölçə nəyisə adamlara qandırmağa çalışmış və bir daha özündən getmişdi. Kimsə:
-Deyəsən, arvad demək istəyir ki, meşədə kimsə qalıb.
Sürücü etiraz edərək:
-Ləngiyə bilmərik,- demişdi. -Ermənilər gəlib çıxar, dərimizə saman təpərlər.
Murad adlı yaşlı kişi:
-Bir düşün, baxın, - dedi. – Bəlkə yaxınlıqda kimsə yaralıdır. Götürək Allaha da xoş gedər.
Düşüb baxmış, gəlinin meyitini maşına qaldırmışdılar. Nizam kişi isə elə o vəziyyətdə meşədə qalmışdı. Maşın Azərbaycan kəndlərindən birinə gəlib çıxanda bundan xəbər tutdular. Geriyə qayıtmaq olmazdı. Gəlini kənd qəbirstanlığında dəfn etdilər.
Səmədlə Əzizə faciədən bir gün sonra xəbər tutdular. Axtara-axtara gəlib Fatma arvadı Daşlı kəndində tapdılar. Əzizə ilə qardaşı  Səməd Gözəlin məzarı başına gəlib göz yaşı tökdülər. Səməd dərhal atasının dalınca yollandı. Nə billah elədilərsə onu fikrindən döndərə bilmədilər.
Səməd haradansa bir tapança tapıb özü ilə götürmüşdü. Gündüzlər gizlənir, gecələr yol gedirdi. Nəhayət, gəlib kəndlərinin  yaxınlığındakı meşəyə çatdı. Anası səmti ona nişan vermişdi. Axtara-axtara gəlib atasının budağı üzərində beli sındırılmış ağacı tapdı. Kişi sürüşüb aşağı – torpağa düşmüşdü. Hərəkətsiz idi. Hadisədən bir həftəyə yaxın vaxt keçirdi. Səməd donub yerində qalmışdı. Nə hərəkət eləyə bilir, nə də atasının halına göz yaşı tökə bilirdi. Ayaqları sözünə baxmırdı. Təxminən on dəqiqə bu vəziyyətdə qaldı. Sonra ona elə bil qüvvə gəldi. İrəli yeriyib meyiti qucaqladı. Hönkür-hönkür ağladı. Birdən sanki möcüzə baş verdi. Hiss etdi ki, qucağında tutduğu cansız cəsəd hərəkətə gəlir. Səməd əvvəlcə qorxdu. Sonra özünü ələ alıb yoxladı. Nizam kişinin nəfəsi gəlirdi.  Aclıq, susuzluq, ağrı onu əldən salsa da, hələ canını almamışdı. Göz qapaqlarını güclə aralayıb Səmədi tanıdı:
-Gəl…din? Bi…lir…dim…m ki, gə…lə…cək…sən… Ba..şını aşağı əy…
Səməd əyildi. Nizam kişi onun üzündən öpdü. Yazığın gözlərində  yaş quruduğundan yaşarmırdı.
-Gö-zə-li qor-ruya bil-mə-dim. Anan sağ-dı?
Səməd başı ilə «hə» dedi.
-Əzi-zə ne-cə-dir?
-Yaxşıdır, ata, anamın yanındadır. Gəldim səni aparım.
Nizam kişi zarıdı:
-Gec-dir, oğul. Sala-mat qal, - dedi və başı sinəsinə düşdü.
Səməd atasının axır nəfəsinə gəlib çatmışdı. Onun cəsədini  buradan apara bilməyəcəkdi. Yüz kilometr məsafə qət etməli idi. Ətraf ermənilərlə doluydu. Hələ özü geriyə qayıda biləcəkdimi? Bu, özü də müəmmalı idi. Odur ki, yan cibindəki süngünü çıxarıb həmin şahid ağacın dibində atasına qəbir qazmağa başladı. Çətin idi, lakin  başqa əlacı yoxuydu. Bir neçə saat əlləşdikdən sonra qəbir hazır oldu və öz əli ilə atasını dəfn elədi.
* * *
Şər qarışmışdı. O, başı aşağı, fikirli, dərd-qəm içərisində meşənin içərisilə addımlayırdı. Birdən maşın səsi eşitdi. Cəld aşağı əyilib özünü ağacların birinin arxasına verib gizləndi. İki maşın idi. Ondan bir az aralıda maşınları saxladılar. Beş-altı qadın və kişi maşınlardan tökülüşdü. Kefli idilər. Yanlarında iki it  də vardı. Səməd acı təəssüflə fikirləşdi: «İtlər duyuq düşsələr, əllərindən yaxa qurtara bilməyəcəyəm».
Belə görünürdü ki, ermənilər meşəyə kef çəkməyə gəlmişdilər. Maşınların işığını yandırdılar. Hərəsi bir qadının qolundan tutub kolun dibinə çəkdilər. İtlər maşnın yanını kəsdirib durmuşdular. Səməd bir anlığa fikirləşdi: «İtlər olmasaydı, maşınlardan birinə minib yola çıxardım».
İtlər, sanki onun fikrini oxudular. Ağız-ağıza verib hürməyə başladılar. Tanış olmayan qoxunu hiss etmişdilər. Ermənilərdən kimsə itlərə acıqlandı. Onlar səslərini kəsdilər. Az sonra yenə  başladılar. Erməni donquldandı:
-Bu çər dəymişlər də vaxt tapdılar hürməyə… Yəqin onlar da tamaha düşüblər … - qəh-qəhə çəkdi.
Birdən itlərdən biri yerindən qopub Səməd tərəfə götürüldü. Səməd bayaqdan tapançanı ayağa çəkib gözləyirdi. Ələcsız qalıb atəş açdı. İkinci it də irəli cumdu. Növbəti güllə onu da aşırdı.
Artıq ermənilər də döyüş vəziyyəti almışdılar:
-Ara, bu supa oğlu kimdirsə, itlərin nəfəsini kəsdi… Ara, siz də atın… Güllə hər tərəfdən yağdırıldı. Səməd yerini dəyişdi. Onu gördülər və gülləyə tutdular. Kiminsə səsi gəldi:
-Ara, bu harada varsa – türkdür…
Səmədin vur-tut beş gülləsi qalmışdı. Qənaətlə  işlətməli idi. Onu bilirdi ki, ermənilərin əlindən yaxa qurtara bilməyəcək. Odur ki, güllələri havaya sovurmaq istəmirdi. Ən azı beş erməni öldürməli idi. Nişan alıb atdı. Ermənilərdən biri sinəsini tutub yıxıldı:
-Ara, supa oğlu öldürdü məni.
Ermənilərdən birinin gülləsi Səməndin çiynini qana boyadı. O, sürünə-sürünə yerini dəyişdi. İri gövdəli ağacın arxasına keçdi. Ermənilər mühasirə həlqəsini daraltdılar. Deyəsən, qadınlarda da  silah vardı. Onlar da atırdılar.
Səməd:
-Bu da Gözəlin qisası, – deyib alnından bir qadını nişan aldı. Qadın qışqırıb kökündən baltalanmış ağac kimi yerə sərildi. İşin tərsliyindən maşının fənərləri Səmədə sarı tuşlanmışdı. Onun gizləndiyi yeri və ətrafı işıqlandırırdı. Ayağa qalxıb qaçmaq istəsəydi, mütləq onu vuracaqdılar. Fənərləri gülləyə tutsaydı, gülləsi qurtaracaqdı. Birdən ağlına gələn fikirdən sevindi. Əlini atıb yerdən bir daş götürüb atdı. Daş maşının farasına dəyib sındırdı. İşıqlardan biri söndü. İkinci daş o biri maşının işıqlarından birini keçirdi. Tez sürünüb yerini dəyişdi. Güllə açıldı. Əgər cəld yerini dəyişməsəydi, güllə onu tutacaqdı. Üç gülləsi qalmışdı. Fənərlərdən ikisini güllə ilə  söndürsəydi, ətraf zülmətə dönəcək və o, meşənin qaranlığında yoxa çıxacaqdı. Atdı. Güllə sərrast oldu: «Qaldı biri: Tapançanı tuşlamaq istəyirdi ki, birdən arxadan başına nəsə endirildi. Gözləri qaraldı, tapança əlindən düşdü. Ermənilərdən  biri onun arxasına keçə bilmiş,  tapançanın qundağı ilə onun başına möhkəmcə bir zərbə endirmişdi. Onu güllə ilə də vura bilərdi. Görünür, diri tutmaq istəyirmiş.
* * *
Səmədi maşina basıb kəndə gətirdilər. Meyitləri də sahiblərinə çatdırdılar. İki evdə şivən  qopdu. Ölənlərin yaxınları, qohum-əqrəbası hücum çəkib Səmədi tələb etdilər. Gecə ilə onu didik-didik etmək istəyirdilər. Lakin onları sakitləşdirib dedilər ki, sabah kənd camaatının gözü qarşısında istədiyiniz cəzanı  verərsiniz. Çünki Səməd bir-iki adamın yox, hamının düşmənidir. Gələnlər dağılışıb  getdilər və sabahı gözləməyə başladılar.
Sergey qabağa keçdi. Onun göstərişi ilə Səmədi tövlələrdən birinə salıb ağzını bağladılar. Amma əvvəlcə möhkəmcə əzişdirdilər. Təpiyə, yumruğa tutdular. Yaralı çiyninə dəyən zərbələrdən huşunu itirib hərəkətsiz qaldı. Sergey:
-Bunun atası  Samveli öldürmüş, məni də  yaralamışdı, -dedi. -O cəzasını aldı. İndi növbə oğlunundur.
Sergey axşam evə lül-qəmbər qayıtdı. Kefi kök idi. Roza ilə meşədə təbiətin qoynunda eyş-işrətdə olmuşdu. Türk zalım oğlu keflərinə soğan  doğramasaydı, günü lap xoş keçəcəkdi. Hələ Allah üzünə baxdı ki, sağ-salamat qurtardı. Güllələrin biri ona dəyə bilərdi. Amma Səmədi tutduqları üçün artıq olub-keçənləri, qanıqaraçılığı unutmuşdu. Ermənilərin ölümü onu yandırmırdı. Bir türkə işgəncə verməkdən ötrü on erməninin ölümünə razı olardı.
İki erməninin atışma zamanı öldürülməsindən Siranuşun da xəbəri  vardı. Amma bu hadisənin Sergeyin  vecinə olmaması onu təəccübləndirdi.
-Yenə nədir, kefin ala buludlarda gəzir… Heç olmasa, öldürəni  tutdunuz?
Sergey qrafindən stəkana su süzüb başına çəkdi:
-Tutdunuz nədir, atasını yandırdıq. İndi yarımcan Aşotun  tövləsində özü üçün kef edir.
-Tanıya bildin? Kimdir?
Sergey özündən razı:
-Kim olacaq? Nizamın yetimçəsi Səməddir də… Sabah camaatın gözü qabağında ətindən kabab çəkəcəyik.
Siranuş Səmədin adını eşitcək tutuldu. Nəfəsi daraldı. Lakin bunu  büruzə verməməyə çalışdı. Sonra nəsə düşünüb:
-Birdən gecənin bir aləmi durdu qaçdı…
-Halı olsa – qaçar. Yaralıdır, həm də malcan çırpmışıq. Sonra da Aşotun tövləsi daşdandır. Pəncərəsinə dəmir barmaqlıq vurub. Qapısı da dəmirdəndir. Keçən il mal-heyvanı  oğurlanandan sonra Aşot işini ehtiyyatlı tutub. Düz deyirlər ki, iş-işdən keçəndən sonra qarı tuman bağısını bərkidir. Bundan başqa, mən Aşot-maşota bel bağlayan deyiləm. Qapını qıfıllayıb  açarını özümlə götürdüm…
* * *
Sergey ayaq üstə güclə dayanırdı. Siranuş ayaqqabılarını, şalvarını çıxarmaqda ona kömək etdi. Sergeyin çarpayıya uzanmağı ilə yuxuya getməyi bir oldu. Siranuş da paltarını çıxarıb onun yanında  uzandı. Lakin gözlərini yumsa da yuxuya gedə bilmədi. Dağı arana, aranı dağa apardı. Səmədin qaynar gözləri, iri əzələli qolları, bədəni, nüfuzedici baxışları, gözləri yadna düşdü.
Sergey dərin yuxuya getmişdi. Xorna çəkirdi. O, kefli olanda onun bax beləcə div yuxusuna getdiyini, bir də səhər oyandığını Siranuş  yaxşı bilirdi. Üsulluca yorğanı üstündən kənara çəkdi. Çarpayıdan düşüb əlini onun şalvarının cibinə saldı.
Gecə yarısı idi. Siranuş həyətə çıxdı. Ətrafa göz gəzdirdi. Kənd dərin yuxuda idi. Uzaqdan ağlaşma səsi gəlir və ətrafın qərib sakitliyini pozurdu. Siranuş ehtiyatla Aşotun evinə yaxınlaşdı. Darvaza bağlı idi. O, pişik kimi sıçrayıb hasarı aşdı. Heyvərə it dərhal onun qarşısında peyda oldu. Lakin hürmədi.  Siranuş Aşatoun arvadı Marfa ilə rəfiqə idi. Bu evə tez-tez gəlib-getdyindən it onu tanıyırdı. Siranuşun qoxusunu aldığından, ona toxunmadı. Qadın itin başını tumarladı. İt yalmandı. Siranuş tövləyə sarı getdi və qapını açdı. İçəridə xeyli mal-qara vardı. O, tövləni işıqlandırdı. Səməd gözə dəymirdi. Qapını təzədən bağlayıb tövlənin o biri qarşısına yaxınlaşdı və açarı qıfıla saldı. Səmədin zarıltısı gəlirdi. Siranuş özünü ona yetirdi. Başını qaldırıb dizinin üstünə qoydu:
-Samad, ay Samad…
Səməd güclə göz qapaqlarını aralayıb baxdı. Fənərin solğun işığında  Siranuşu görüb təəccübləndi. Onu geri itələdi.
-Samadcan, gəlmişəm səni qurtarım. İstəyirsən özüm də səninlə  gedim. Bu Sergey canımı boğazıma yığıb. Supa kimidir. Arvadbazlıqdan başı ayılmır.
-Əl çək, qancıq… Yaxşısı budur öldür məni…
-Samadcan, sən bilirsən ki, man sani çox istəyirəm.
Siranuş tökməbədənli qadın idi. Ağ-appaq bədəni, iri gövdəli, yoğun baldırları vardı. Yeriyəndə az qalırdı yeri dağıda. Yanlarını oynada-oynada gedərkən  arxadan baxanları tamaha salırdı. Səməd yoldaşlarından eşitmişdi ki, erməni arvadları başqa bir candır. Yataqda onlara çatan yoxdur.
Kənddə Səməd də tay-tuşlarından görkəmcə fərqlənirdi. Qarabuğdayı, iri sümüklü, enli kürəkli gənc idi. Başqasının arvadına,  qız-gəlininə gözünün ucu ilə də baxmazdı. «İnsan öz namusunu qorumaq istəyirsə, gərək başqasının da namusuna toxunmaya». Onun qənaəti belə idi. İnsan, xüsusən, qadınlar qəribə xislətli olurlar. Eşq-məhəbbət, maraq, meyil  kimi hisslər müxtəlif təzadlarla müşayiət olunur. Görürsən ki, biri dərdindən ölür, ona məhəl qoymursan, sənə biganə olanın birisinin həsrətini çəkirsən. Siranuş hələ qız vaxtlarında çoxlarının ürəyinə od salanda onu heç kim yox, yalnız Səməd maraqlandırırdı. Nə qədər bəzənib-düzənsə, xoş münasibət göstərsə də, Səmədi özünə cəlb eləyə bilmədi. Axırda kar aşmayacağını  görüb acığa düşüb Sergeyə ərə getdi.
Sergeyi sevmirdi. «Ad olsun, ərə getdi» prinsipinə söykənib ailə qurdu. Amma kefindən də qalmadı. Gözü tutanın yatağına girdi. Fikirləşdi ki, dünya beş günlükdür. Adama da gördüyü kef qalır bu fani, vəfasız dünyada. Fikirləşdi ki, Səməd onu almadı-almadı, zövqü-səfa çəkməyə nə sözü?! Arada ona atmaca atdı, qandırmağa çalışdı. Kar aşmadığını görüb dilə gəldi, yenə xeyri olmadı. Neçə illər arzusu gözündə qaldı.
Səməd ailə qurdu, özünü ailəsinə, ev-eşiyinə həsr etdi. Siranuş, çətin olsa da, Səmədi unutmağa çalışdı. Lakin bacarmadı. İndi Səmədi, sadəcə, görmək, dindirməklə də olsa təsəlli tapırdı. Ermənilər türklərin evlərini yandıranda, onları qovub çıxaranda Siranuşun bütün ümüdləri puça çıxdı. Nizam kişi, Gözəl öldürülmüşdü, Fatma arvaddan xəbər yox idi. Səmədlə Əzizə də hələ bu hadisədən əvvəl çıxıb Bakıya getmişdilər. Daha buralara dönəsi deyildilər. O, Səmədlə bir də qiyamətdə görüşəcəkdi. İndi Səmədin kənddə əsirlikdə olduğunu eşidəndə, ürəyi yerindən oynamış, ölən ümüdləri çiçəkləməyə  başlamışdı. O, Səmədi ermənilərin əlindən qurtara bilərdi. Səməd də bunu qiymətləndirərdi. Səmədə olan münasibəti erməni olduğunu sanki Siranuşa unutdurmuşdu. Səmədlə keçirəcəyi xoş dəqiqələrdən ötrü ölümdən keçməyə belə hazır idi. Kərəm Əslinin yolunda olmazın əziyyətlərinə qatlaşdı. Kərəm türk, Əsli erməni idi. İndi rollar dəyişmişdi. Siranuş Səməddən ötürü dəli-divanə idi. O, nəyin bahasına olursa-olsun gənci dardan qurtarmaq istəyirdi. Həm də anlayırdı ki, əllərinə fürsət düşən kimi ermənilər heyf çıxmağa, türklərdən nəsə qoparmağa çalışır. Bir yandan torpaqlarını tutur, digər yandan da Ermənistandakı ev-eşiklərindən qovurdular.
Səməd özündə-sözündə deyildi. Huşunu itirmişdi. Köynəyi cırıldığından əzələli sinəsi çöldə qalmışdı. Siranuş əli ilə onun  tüklü sinəsini tumarladı. Səməd yarımcan vəziyyətdə  də əzəmətli, yenilməz görünürdü. Siranuş yaxasının düymələrini açdı. İri döşləri kənara çıxdı. O, əyilib ağappaq döşlərini Səmədin tüklü sinəsinə sürtməyə başladı.
Bədəninə yumuşaq bir şeyin dəydiyini hiss edən Səməd göz qapaqlarını aralayıb baxdı. Baxışları Siranuşun  məhəbbətdən alışıb-yanan gözlərinə sataşdı. Əli ilə onu geri itələdi. Siranuş onun bu hərəkətindən qətiyyən incimədi. Yadına düşdü ki,  vaxt azdır. O, Səmədi qurtarmalıdır. Odur ki, yaxasını düymələyə –düymələyə:
-Dur, Samad, dur, Sergey oyansa, özünü bura çatdıracaq, qaçmaq  lazımdır. Sabah ətini şişə çəkəcəklər. Bizimkiləri ki, tanıyırsan…
* * *
Sergey arxası üstə uzanmışdı. Xorultusu evi başına götürmüşdü. Birdən böyrü üstə çevrilib əlini irəli uzatdı. Arxadan Siranuşun dolu əndamını qucaqlayıb yatmağı xoşlayırdı. Lakin bu dəfə Sergeyin əli boşa getdi. Özünü bir az irəli verdi və təəccüb içərisində gözlərini açdı. Siranuş yerində yox idi. Sergey harayladı. Cavab gəlmədi. Əlini atıb siqaret götürdü və yandırdı. Bir-iki qullab  vurub fikrə getdi. Siranuşun yanında Səmədin adını çəkməkdə ehtiyatsızlıq etmişdi. Səmədlə arvadının eşq macəraları qulağına çatmışdı.  Lakin nə qədər çalışmışdısa, onları bir yerdə tuta bilməmişdi. Rastlaşdıqda Sergeyin ona qanlı-qanlı baxdığını görən Səməd başa düşürdü ki, Sergey arvadını ona qısqanır. Odur ki, onu saxlayıb, inandırmağa çalışmışdı ki, Siranuşla onun arasında heç bir yaxınlıq yoxdur. Eşitdikləri yalandır. Amma Sergey inanmaq istəsə də, özü ilə bacara bilməmiş, ürəyinə xal düşmüşdü. «Od olmasa, tüstüsü çıxmaz». Azəri türkləri belə deyir.
Ona görə də Səmədin Bakıda olmasından istifadə edib Samveli də götürüb onların evinə getmişdi. Məqsədi Səməddən heyf çıxmaq üçün bir gecəliyə də olsa Gözəli ələ keçirmək idi. Bu da baş tutmadı. İndi Səməd özü onun əlində idi. Tövlənin açarını da Səmədlə haqq-hesabı çürütmək üçün götürmüşdü. Siranuş gəlib çıxmaq bilmirdi. Sergeyin ürəyinə nəsə damdı. Tez əlini atıb şalvarını götürdü. Tövlənin açarı yerində yox idi. O, cəld geyindi:
-Qancığı görürsən? Yekə dalını Səmədin hüzuruna aparıb…
Həyət qapısı arxadan qıfıllanmışdı. Samvel iti addımlarla həyətə girdi. İt hürə-hürə onun üstünə cumdu. Səsə Aşot çıxdı və itə acıqlandı. Sergey tövlənin qapısını açdı. İçəri boş idi.
-Supa oğlu supa! Tıs vurub yatmısan. Sənə deməmişdim gözün bu türkdə olsun. İndi başınla cavab verəcəksən. Səhər tezdən onun  yerinə səni şişə tacxacağıq. Cəld dalımca gəl…
Sergey itin yanından  keçəndə ona bir təpik vurdu:
-İt ki, it… Türkü yola salır, mənim üstümə cumur.
Endirilən təpik itin sür-sümüyünü əzişdirdiyindən Sergeyin üstünə atıldı və ayağından onu qapdı. Sergey qışqırıb söydü. Aşot tez yod, tənzif gətirdi. Sergey qışqırdı.
-Ay eşşək oğlu, tez maşını işə sal… Türk cəhənnəmə, arvad da əldən getdi…
Aşot tədbirli tərpəndi:
-Maşının səsini eşidib gizlənərlər. Gərək piyada gedək…
Sergey üz-gözünün turşudaraq:
-Piyada getsək, çatmarıq. Onda gərək velosipedə oturaq.
Bu təklif Sergeyin ağlına batdı:
-Di, tez ol, velosipedi gətir… Tapança da götür.
Onlar ikisi də – qabaqda Aşot, arxa  oturacaqda Sergey velosipedə əyləşdilər və yola düşdülər.
Səməd yaralı olduğundan çox da uzağa gedə bilməmişdi. O, tək idi. Siranuş gözə dəymirdi. Sergey öz-özünə deyindi: «Yəqin qancıq özünü dincəldib evə qayıdıb. Eybi yox, onunla sonra danışaram».
Səməd ac idi. Taqətdən düşmüşdü. Yarası ağrı verirdi. Odur ki, yorulub yolda qalmışdı. Onu bir kolun dibində  tapdılar. Sergeylə Aşotu görəndə  durub qaçmaq istədi. Amma başının üstünü aldılar.

Комментариев нет:

Отправить комментарий