01.06.2013

Suriyada oğurlanan ukraynalı jurnalist ilə müsahibə

Anxar Koçneva: “Müxaliflərin Dəməşqi almağa gücü yoxdur və olmayacaq”

“Xaricdən maliyyə və insan resursları ilə dəstək verilməsə, bu münaqişə tezliklə başa çatacaq”

Suriyada oğurlanan və 153 gün əsirlikdə qalan ukraynalı jurnalist Anxar Koçneva azad olunduqdan sonra ölkəsinə qayıtsa da, burada uzun müddət qalmadı. O, yenidən Suriyaya - 20 ildən artıq yaşadığı Dəməşqə qayıtdı. Jurnalist hazırda da bir sıra Rusiya KİV-ləri ilə əməkdaşlığını davam etdirir.  
Anxar Koçneva müsahibəsində oğurlanması, girovluqda üzləşdiyi çətinliklər, eləcə də Dəməşqdəki mövcud durumdan danışır. 


- Necə oldu ki, Suriyada sizi girov götürdülər?
- Həmin gün mən taksi ilə Dəməşqə evə qayıdırdım. Şəhərə təxminən 150 km qalmış sürücü ilə yolda canlanma gördük. Hərbi formada adamlar vardı. Düşündük ki, onlar Suriya ordusunun əsgərləridir və hansısa yük maşınını yoxlayırlar. Bu adi prosedur idi, ona görə də bizdə heç bir təlaş doğurmurdu. Amma ağlımıza da gəlməzdi ki, onlar Suriya ordusunun hərbi geyimi ilə “bəzənmiş”  cinayətkarlardır.
Biz təhlükə ilə üzləşdiyimizi anlayanda isə artıq gec idi. Geriyə dönüb qaça bilməzdik. Çünki onlar avtomatı üstümüzə tuşlayıb dayanmışdılar. Hətta xəbərdarlıq da etdilər ki, qaçmaq istəsəniz, vurulacaqsınız. Sürücünü və Homsda maşına götürdüyümüz təsadüfi yolçunu dərhal bizim taksinin yük yerinə saldılar. Quldurlardan biri, - onun 20-dən çox yaşı olmazdı, - sükanın arxasına keçdi. 35-40 yaşlarında olan saqqalı quldur isə arxa oturacaqda əyləşdi. Bizim maşından başqa onlar yanacaq sisternləri ilə dolu olan bir yük maşınını da saxlamışdılar. Mən belə başa düşdüm ki, quldurların əsas məqsədi elə bu yanacağı ələ keçirmək idi. Ancaq mən də onların tələsinə düşdüm.

- Nə qədər müddətə girovluqda oldunuz?
- Girov götürdükləri və oradan qaçdığım gün də daxil olmaqla 153 gün girovluqda oldum. Quldurlar mənim xarici pasportumu görəndən sonra bundan öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə etmək qərarına gəldilər. Onların maliyyə vəziyyəti yaxşı deyil. Çünki Suriyada aranı qarışdıranlar, bu işə pul ayıranlar, hakimiyyətə qarşı çıxan silahlı qruplaşmaları maliyyələşdirənlər prosesin iki ildən çox davam edəcəyini düzgün hesablaya bilməmişdilər. Sirr deyil ki, Suriyanın çöküşü bir aya hesablanmışdı. Çünki eyni proses Misir və Tunisdə müvafiq olaraq 7 və 10 gün çəkdi... 
Ötən il noyabrın 2-də quldurlar axırıncı dəfə mənim Ukraynanın Suriyadakı konsulu ilə danışmağıma şərait yaratdılar. Bu danışıqdan sonra mən öyrəndim ki, onlar azad olunmağım üçün nə az, nə çox, düz 50 milyon dollar tələb edirlər. Son nəticədə bu məbləğ 5 milyon dollara düşdü. Mətbuatda xəbərlər yayıldı ki, guya quldurlar axırda mənim 300 000 dollara azad edilməyimə razılaşıblar. Ancaq bu həqiqət deyil.

- Bəs əvvəlcədən onların sizi saxlamaqda məqsədi nə idi?
- Suriyada yaşayan hər kəsə bəllidir ki, qanunsuz hərbi birləşmələrdə iştirak edənlər öz büdcələrini təmin etmək üçün əsasən, adam oğurluğundan yararlanırlar. Suriyada oğurlanan adamların sayı on minlərlədir. Yalnız Dəməşqdə və onun ətrafında oğurlanan adamların siyahısında 10 000 nəfərdən artıq adamın adı var.

- Necə oldu ki, azadlığa çıxdınız?
- Azadlığa çıxmağım o qədər də çətin olmadı. Məni saxladıqları evdən axırıncı 3 ayda istənilən vaxt çıxmağım üçün imkan var idi. Ancaq bu kənd quldur anklavının düz mərkəzində yerləşirdi. Mən çıxsam da, uzağa gedə bilməzdim. Məni “Əl Kaidə”nin yerli özəyi - “Cibhət əl-Nesrə”dən alan və 151 gün saxlayan quldurlar deyirdilər ki, oğurlayıb bura gətirən şəxslər indi də səni öldürmək istəyir. Başqa sözlə, ikinci qrup özünü elə aparırdı ki, guya məni həbsdə saxlamır, sadəcə müdafiə edir. Onlar həmişə deyirdilər ki, bütün yollar birinci qruplaşmanın nəzarətindədir. Bu şəraitdə qaçmaq təhlükəli idi. Bu, ağılsızlıq olardı. Sonra qış gəldi. Qarlı havada səndəldə qaçmaq da ağılsızlıq idi. Onlar yenə də deyirdilər ki, danışıqlar gedir və tezliklə məni azad edəcəklər. Evlə ən təhlükəsiz yol isə məni saxlayan qruplaşma liderinin razılığının alınması idi.
Ancaq vaxt keçdikcə danışıqlar nəticəsində azad olunacağıma ümid qalmadı. Obyektiv səbəblərdən yenidən mənim saxlanılma şəraitim tamamilə pisləşdi. Gündəlik həyat üçün lazım olan qida, eləcə də dərman preparatlarının olmaması səhhətimin pisləşməsinə səbəb oldu. Yalnız mənim xeyrimə işləyən bir hadisə baş verdi: saxlanıldığım rayonda hərbi əməliyyatlar başladı. Yanvarın 26-da isə Amerika mərmisi az qala pəncərədən mənim saxlanıldığım otağa düşəcəkdi, onu beton hasar saxladı.
Artıq orada qalmaq tamamilə mümkünsüz idi. Çünki haradan gəldiyimi bilməyən ordu əsgərləri də məni öldürə bilərdi.
Mən yerli şəraiti mümkün qədər öyrənməyə çalışdım. Yaxınlıqdakı hər hansı başqa evə qaçmaq, o evin sahiblərindən kömək istəmək qərarına gəldim. Düşünürdüm ki, əgər o adamlarla dil tapa bilsəm, bir neçə ay onlarda qalıb gizlənə bilərəm. Ancaq hər şey daha yaxşı alındı: kömək üçün müraciət etdiyim adamlar mənə gözlədiyimdən də artıq kömək etdilər. Onlar məni ərazidəki gölün qarşı sahilinə evakuasiya etdilər. Həmin ərazi isə Suriya ordusu tərəfindən nəzarətdə saxlanılırdı.
Həmin gün mən saxlanıldığım evdən çıxdım. Bu zaman mühafizəçilərdən biri yatırdı, digəri isə küçədə idi. Evdən çıxıb gizlənə-gizlənə hardasa 9 kilometr yol getdim. Ətraf əhalinin az məskunlaşdığı sahə idi. Evdən səhər 6.20-də çıxdım. Bu vaxt məni saxlaya biləcək adamların böyük əksəriyyəti yuxuda idi.

- Hazırda Dəməşqdə yaşamaq təhlükəlidir. Analoji problemlə siz bir dəfə üzləşmisiniz. Yenidən bu ölkəyə qayıtmağınızın səbəbi nədir?
- Mövcud fikirlərin tamamilə əksinə olaraq, bu gün Dəməşqdə həyat tamamilə təhlükəsizdir. Məsələ burasındadır ki, bir çox informasiya kanalları yalnız döyüş və dağıntı kadrlarını göstərir. Ancaq mənim kimi başqa adamlar da var ki, onlar da adi, gündəlik həyata aid kadrları - işləyən mağazaları, bazarları, adamlarla dolu olan kafeləri çəkirlər. Hazırda mən əla kofe ilə pirojna yeyirəm. Televizora baxıram. Pəncərədən isə həyətda futbol oynayan uşaqları görürəm. Quldurlar hara ki soxula bilməyib, orada həyat öz həmişəki axarı ilə davam edir. Bura mənim çox xoşuma gəlir. Mən daimi yaşayış yeri olaraq bu ölkəni seçmişəm. Heç bir quldur məni öz evimi tərk etməyə məcbur edə bilməz. Mən bunu özümə rəva görə bilmərəm. Xüsusən ona görə ki, quldurlar mənə hücum edəndə, onların gözünün qabağında telefondan şəkilləri sildim. Hansı ki, həmin şəkillərə görə məni öldürə bilərdilər. Əgər mən qorxsaydım heç bir hərəkət edə bilməzdim. Qorxu azadlığı iflic edir.

- Bəs hazırda Dəməşqə daha çox kim - Əsəd, yoxsa müxalifət nəzarət edir?
- Nə vaxt ki,  bu sualı verirlər, mən Dəməşqə Kasyun dağlarından baxmağı təklif edirəm. Aşağıda - dağların ətəyində 5 milyon əhalinin yaşadığı şəhər yerləşir. Belə böyük bir meqapolisə nəzarət etmək üçün çox böyük qüvvə lazımdır. Ancaq Əsədə qarşı dayanan qüvvələrin belə gücü yoxdur və olmayacaq da. Xalqın böyük əksəriyyəti onları dəstəkləmir. Quldurlar şəhərin ayrı-ayrı rayonlarını ələ keçirməyə çalışdılar. Bu daha çox əyalətlərdə oldu. Ancaq onların bütün Dəməşqi ələ keçirmək üçün qüvvəsi olmayıb və olmayacaq. Bütün ölkəni nəzarətə almaq imkanlarından isə söhbət gedə bilməz.

- Sizin fikrinizcə, Suriyadakı qarışıdurmanın əsl səbəbi nədən ibarətdir? Siz bu münaqişənin həlli yolunu necə görürsüz?
- Hər bir ölkədə nələrdənsə narazı olanlar var. Narazılığın səbəbləri müxtəlifdir. Adamlar var idi ki, olayların əvvəlində korrupsiya əleyhinə çıxırdı. Eyni zamanda ölkədə yaxşı yaşayış, islahat naminə şüarlarla küçələrə çıxanlar da vardı. ( Siz mənə deyin, hansı ölkədə belə hallar yoxdur?) 
Nəticədə onlar özləri cinayətkar oldular. Kimlərsə sonradan “qanunsuz olaraq oğurlamaq və öldürmək mümkündür” fikrinə şərik çıxdılar. Bir çoxları “bütün qonşular quldur dəstəsinə qoşuldu, mən də gedim” “kampaniyasına” qoşuldular. Suriyadakı tolerantlıq Səudiyyə Ərəbistanındakı şeyxləri qane etmirdi. Onlar dini ədavət səpən fikirləri, təhrikedici çıxışları ilə burada bir çox beyinləri doldurdular. 
Mən və bir sıra analitiklər hesab edirik ki, xaricdən maliyyə və insan resursları ilə dəstək verilməsə, bu münaqişə tezliklə başa çatacaq.
Dünən İdlibdə (Suriyanın şimali) üstündə heç bir sənədi olmayan və şəxsiyyəti hələ də müəyyənləşdirilməmiş üç terrorçu - bir britaniyalı, amerikalı və hansısa əcnəbi məhv edilib. Mənə keçmiş SSRİ-də doğulmuş və Misirə gedən qadınların cihad dəstələrinə cəlb edilməsi haqda siqnallar gəlir. Qırğına göndərilən bu insanlara çox az pul verirlər. Ancaq görünür, onlar bunu da gəlir hesab edirlər. Suriyada 30 müxtəlif ölkədən olan əcnəbilər döyüşür: bax bizdə belə qəribə “inqilab” baş verir.

Zahid Nurəliyev          teleqraf.com

Комментариев нет:

Отправить комментарий