02.07.2013

Ocağın Ruhani Mərkəzində Ocaq Ailələrinin toplantısı

30 İnam günü, Közərti ayı 35-ci ildə (30.6.2013) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Ocaq Ailələrinin («Ulu Fərəh» və «Ümid») IV birgə toplantısı keçirilib. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Öncə Mütləqə İnam Ocağının Bayrağı səcdə duruşunda qarşılanıb. «Ata Ruhuna pənah gətirmişik!» sayğısıyla toplantı başlayıb.
«Atalılar Türküsü»nü Uluruh, «Doğadakı Mütləqə gündüz qovuşması»nı Sadiq, «Ataya günorta üztutması»nı Yolruh deyiblər.
Ocağın Ruhani Başçısı Safruhun Ailəçilərə uğurlaması dinlənilib: «Ürəyinizdə Ata Günəşi olsun! Ocaq – milli qeyrət, ləyaqət ünvanıdır. Azərbaycanın dünyaya açılan ruhani pəncərəsi olan Ocaq özünün növbəti tədbirini keçirir.
Ocaq elə bir işlə məşğuldur ki, bənzəri yoxdur. İndi dinlərin buna bənzər işləri adətkərdəlik şəklinə gəlib. Yəni canlı etkisi yoxdur. Biz nəyi mütləq hədəfləyə bilərik? Sözümüzün canında deyiləni insanların həyatında görmək! İnam Atamız doğru yol göstərib. Atanın doğru məntiqi yalnız Azərbaycandan, Türk Dünyasından gəlmir, məhdudlaşmır, ümumiyyətlə, insanın halının məntiqindən irəli gəlir, o məntiqi nəzərə alır. Ata deyir ki, həqiqət üçün heç vaxt gec deyil, heç vaxt tez deyil. Həqiqəti hər zaman yaşamaq gərəkdir. Gələcəkdə Atanı çox insan anlayacaq, qəbul edəcək. Bizim Mütləqə İnamımız həyata gələrsə, çox böyük gözəl dəyişikliklər olacaq.
Adamlar ayrıca olaraq iştahlarını inkişaf etdirirlər. Çoxlu zövq alırlar, təbiət kor qalır. Mütləqə İnam gələndə iştahların yüyəni çəkiləcək, insanlar təbiətə sayğılı olacaqlar. Bu və başqa mənaları Mütləqə İnam Ocağı özünün toplantıları ilə yaşadır, bu nəfəsi qırılmağa qoymur. Burada İşıqlı Atalı çox böyük əziyyət çəkir. Biz yaradıcı xalqların minnəti, siyasi üstünlüyü altındayıq.
Azərbaycan və Mütləqə İnam. Ona uyğun söz tapmaq, düşünmək və yazmaq. Azərbaycanda Mütləqə İnam var. “İnam Ata” adında Peyğəmbər var. “Kutsal Onluq” adında Müqəddəs Kitab var.
“İnam Evi” adında tapınaq var. “Ocaq Evladı” adında müqəddəslik var. Bununla öyünməyənə tam mənasıyla azərbaycanlı da demək olmaz.
Mütləqə İnam ki yaranıb, tarixə yeni Atatürklər versin. O məzmunu doğub Asif Ata. Özü də uyğun zəmində: ümumbəşər uyğunluğu var, ümuminsan uyğunluğu var, ümumtürk uyğunluğu da var.
Mütləqə İnamı həyata gətirmək – Ruhani qəhrəmanlıq istəyir. İnam Evi səcdəgah olmalıdır, yalnız Ocaqçı üçün yox, öz xalqının böyüklüyünü düşünən hər bir kəs üçün. Uyğurustandan tutmuş Bolqarıstana kimi türklər yaşayır. Özünüzə xas bir ibadət yeriniz yoxdur! Çindəki türklər müsəlmandır, bir qismi buddaçıdır. Orta Asiyadakıların bir qismi də eləcə. Avropanın doğusundakının bir qismi xristiandır, bizimkilər müsəlmandır. Yəni özümüz deyilik.
Xalqı yaratmağın əlifbası var. İşıqlı Atalının adını çəkdim. O, bunu atasının kənddəki evi üçün eləmir, xalq üçün eləyir. Yaradıcılıqdır bu. Başqa insanların gözəlliyini demək, dəstəkləmək, körükləmək – yaradıcılıqdır. İnam Evi qəti olaraq yalmanma yeri deyil. İnsanın ləyaqətini, dərdini görmək və demək yeridir».
Toplantıda Evladların ay içindəki Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatları dinlənilib.
«Ocaqiçi işlərimiz; İnam Evinə münasibət; Qovuşma və Üztutmaların deyilməsi; gedişat yazılarının yazılması; arxiv işləri və s.; Ocaq toplantılarındakı hesabatlarımız bizi təmin edirmi?»; «Kutsal görmə: Toplumun Ocağa münasibəti bizə nə deyir?» konularında fikir bölüşmələri olub.
Uluruh Atalı Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verib, Ruhani Başçı Safruhun «Öğuz Yönü» kitabını oxuduğunu bildirib, fikirlərini bölüşüb.
Yolruh Atalı deyib: “Ocağın varlığından yalnız yurdumuzdakı yadlıq qayğılana bilər. Kim Ocaqla öyünə bilmirsə, yadlığın asılılığındadır. Ocaq – Azərbaycanın ruhani nəfəsidir. Ocaqla öyünməyən – yadlığa yenilməyə bilməz. Ocaq – türkün örnəyində insanlığın ən uca ruhani yaradıcılığıdır.”
Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı Közərti ayındakı Ocaq işlərini təhlil edib, görülən işləri yüksək dəyərləndirib: «Amala vurğunluğum nəfəs səviyyəsindədir. İdealımı gerçəkliyə gətirirəm, ömürləşdirirəm».
İşıqlı Atalı Ocağın Azərbaycana və dünyada yayılma soraqlarından, mətbuatda çapdan, Ocaq TV-nin fəaliyyətindən, «www.asifata.com»-un 5 yaşından, Ocaqçıların zəngin yaradıcılığından, İnamçıların Ocağa münasibəti, Bağban Atalının ölümünün 20 ili, dünyanın siyasi durumuna ruhani baxış və başqa məsələlər haqqında danışıb.
Toplantıda iştirak edən Babək Xalistürk, Alim Babayev, Ramal Nadir Ocağın yerişlərindən sevindiklərini, bu yöndə hər bir kəsin insanilik imkanlarını aşkarlamalı olduğunu bildiriblər.
Ruhani Başçı Safruh tədbiri sonlandırıb. Günun carı belə olub: «Ocağımız – Ruhan İnsan Yolumuz!»
Toplantı «Ata Ruhunu ürəyimizdə aparırıq!», «Atamız var olsun!» sayğısıyla başa çatıb.





Комментариев нет:

Отправить комментарий