11.11.2010

Poetik parçalar

Alov                                       a.eyvazova@yahoo.com



İstəyirsən dağ boyda,
Günəş yoxsa
                     kölgən yoxdu

Uşaq kimi aldanmaq
                      böyüdür.
Böyük kimi aldanmaq
                     qocaldır.

Ax, bu qaranlıq gecədə
qatığın ağ olduğunu
isbat atmək
nə qədər faciəvidir.

Bu kirayə otağın
köhnə divar kağızları
solğun çiçəkləriylə
kimləri qarşılayıb
kimləri yola salıb…

Bu yupyumru dünyadan
Bir gün yıxılmaq qorxusu…

Yağlı kişi baxışlarıyla
çirkləndim…
İkrahımla yuyundum…

Bir qanqalla sevinməyi
dəvədən öyrənməli.
Həyata gülməyi
dişlərni ağardan skeletdən.
Və beləcə xoşbəxt olmalıymışam…

Uşaqlar sındıra bilmədiklərini
sevmirlər.
Elə böyüklər də…

Bizi nə vaxt tısağaya döndərdilər?
Qınımda oturub fikirləşirəm.

Şəhər
süni işıqlarıyla
elə parlayırdı ki,
ulduzlar küsüb
geri çəkildilər

Ehtiyat igidin yaraşığıdır
Ona görə igidlərimiz
bu qədər yaraşıqlıdır

Səhra məmləkətimdə
azadlıq ilğımı…

Kədərin üzünə gülümsədim
Qondu üzümə

O, yumurta kimidir
Qabığının altında
yup-yumşaq ürəyi var

Ey Od!
Pambıq olum,
ya su?

Mənə qarışqa gücü arzula
Qarışqa əməyi deyil

Bu adam ilan kimi
başdan-ayağa quyruqdu

Etdiyi yaxşılığa
o qədər minnət qoydu,
minnətdarlıq etməyə
yer qalmadı

Təkcə qanad arzulamıram ki,
(milçəyin də qanadları var)

bu kəndin qadınları
ərlərini rus puluna
dəyişirlər hələ də

Комментариев нет:

Отправить комментарий