06.11.2010

Mehman Rzayevin oyunlarına nə vaxt son qoyulacaq?

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova


 68 sayli Dairə Seçki Komissiyasında nələr baş verir?

 Cəlilabad rayon sakinlərinin böyük təəccübünə rəğmən bu ilki Parlament seçkilərində də 68 sayli Dairə Seçki Komissiyasına Mehman Rzayev rəhbərlik etməkdədir. Uzun illər saxtakarlıqlara qol qoymuş, seçki sistemini alver yuvasına çevirmiş bir şəxsin əməllərinə hüquqi qiymət verilməsinin vaxtı gəlib çatmışdır. Belə adamlar nəinki dövlətçiliyi, hökuməti hörmətdən salır, idarəetmə subyektlərini nifrət obyektinə çevirirlər.
 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində baş verən qanun pozuntuları, xalqın kütləvi etirazlarına baxmayaraq Mehman Rzayevin öz maddi marağını güdməsi hamının yadındadır. 68 sayli Dairə Seçki Komissiyasındakı özbaşınalıqlar və seçkini açıq bazara çevirmələri nəticəsində bir çox namizədlər kifayət qədər səs yığsalar da, bələdiyyə üzvlüyündən kənarda qaldılar. Hamı şahid oldu ki, Mehman Rzayevin tapşırığı ilə bir sıra məntəqələr vaxtında çox-çox qabaq bağlanmışdı. Səs verməyə gələnlərə bildirilirdi ki, bülletenlər qurtarmışdır. Məqsəd də bu idi ki, bülletenlər ağ qalsın, sonra ora istədikləri adama səs yazsınlar. Elə də oldu. Mehman müəllim edilən zənglərə məhəl qoymur, içəridə pul saymaqla məşğul idi. Səsverməyə gələn kənd əhalisi narazılıq içində idi, hətta yumruq davasına çatan hallar da müşahidə olundu. Arxayınçılıq o həddə çatmışdı ki, Mərkəzi Seçki Komissiyasından gələn bir neçə yoldaşı da qovub otaqdan çıxardılar ki, bura bizim ərazidir, nə istəsək o da olacaq, kimi istəsək seçəcəyik. Mehman Rzayevin diqtəsi ilə seçki haqqında qanun gözgörəsi, kobud şəkildə pozulurdu.
 Seçki sona yetərkən müşahidəçilərin iştirakı ilə səslərin sayılmasına da açıq şəkildə etiraz edildi. Əvvəlcə səsləri sayarkən məlum oldu ki, qutudan onlara lazım olmayan, qabaqcadan hazırlanmış siyahıda adları olmayan adamların adı çıxmışdır. Planın baş tutmadığını görəndə Mehman Rzayev öz işçisinə qutunu götürərək evdə aparıb saymaq əmri verdi. Əhalinin etirazına heç bir məhəl qoyulmadı. Mehman müəllim, bu hansı qanunda yazılıb ki, səslər məntəqə sədrinin evində sayılır? Milli Məclis üzvlərindən soruşuruq ki, Dairə Seçki Komissiyası sədrinə bu ixtiyarı kim verib? Nə vaxta kimi Mehman Rzayev bu xalqı ələ salıb oynadacaq? Niyə dövləti hörmətdən salırlar? Biz hansı əsrdə yaşayırıq? Hər halda işlər başqa şəkildə, daha sivil formada hazırlana bilərdi.
 O da məlum olub ki, yuxarı instansiyalar heç namizədliklərini vermiş adamın çoxunu tanımır. Sadəcə Mehman Rzayevin komandası özlərinə sərf edən adamları, qabaqcadan müəyyən məqsədlə razılaşdıqları, öz maddi maraqlarına uyğun gələn adamları seçməyə çalışdılar. Bu adam tapşırıq vermişdi ki, seçki qurtaran kimi müşahidəçiləri qovub çölə çıxarın, səsləri özünüz sayın. Camaat çöldə durub gözlədiyi halda o, yekun protokolunu içəridə məntəqə sədri tək özü yazırdı. Bu dünyanın heç bir yerində, heç bir seçki qanununda olmayan bir hərəkətdir. Təbii ki, bu adam öz ürəyi istədiyi adamlara səs hesabı yazmışdı.
 Məntəqələrdə hələ indinin özündə də səslər sayılmamış qalır, çünki səslərə heç məhəl də qoymayıblar, müvafiq, özlərinə lazım olan protokolu hazırlayaraq Mərkəzi Seçki Məntəqəsinə təqdim ediblər. Respublikanın əlaqədar orqanlarına bu məsələni araşdırmaq barədə müraciət ünvanlamışıq.
 Mehman Rzayevin məqsədyönlü, səriştəsiz hərəkətləri nəticəsində mütəxəssis, bu işi bilən adamların çoxu bələdiyyə sistemindən kənarlaşdırıldı. Kənddə tək-tük xəritəçəkmə və torpaq ölçmə məsələləri üzrə mütəxəssis Qabil Mustafayev idi, o da Mehman Rzayevin maraqlarına qurban verildi. Bu məsələ indi də kənd əhalisi arasında ciddi narahatlığa səbəb olur, mənfi reaksiya doğurur. Çölçülüklə, əkinçilikə məşğil olan təsərrüfat mütəxəssislərinin heç biri 68 saylı Dairədə yer ala bilmədi, adları qəsdən kənarlaşdırıldı, bu isə gələcəkdə kənd təsərrüfatı sahəsinin iflic vəziyyətinə düşməsi deməkdir. Adicə onu götürək ki, bələdiyyə işlərində məktəb müəlliminin nə işi var? Nə az, nə çox, 5 müəllim kənd bələdiyyəsinə seçilib. Belə çıxır ki, müəllim məktəbdə dərsini atıb bələdiyyə işləri ilə məşğul olmalıdır? Qeyd edək ki, hələ ilk əvvəl məktəb ditektorları da həmin siyahıda idilər, son anda nədənsə oradan çıxarıldılar. Təhsil Naziri Misir Mərdanov televiziya ilə çıxışında da bu məsələni qabartdı, müəllimlərin seçkidə iştirakına qarşı olduğunu bildirdi. Lakin bütün bunlar ancaq öz maddi maraqlarını güdən 68 saylı Dairə Seçki Komissiyası rəhbərliyinin vecinə deyildi. Pedaqoji kontingentdən bufer zona kimi istifadə olunurdu. Kənddə yüksək nüfuz sahibi Camalxan Bayramov, bir çox sosial məsələlərin həllinə nail olmuş İ.Həsənov da Mehman Rzayevin maraq dairəsində olmayan adamlar idi. Ələddən Bayramov kəndin küçələrinin abadlaşdırılması üçün böyük əmək sərf etmiş, yaşadığı küçəyə transformator qoydurmuş və əhalinin sosial problemlərinin həlli üçün əlindən gələni etmişdir. Maraqlıdır ki, Mehman Rzayev onu seçkidən sonra işlə təmin edəcəyinə söz verdi, beləcə seçki ərəfəsində “sakitləşdirməyə” nail oldu. Lakin seçkidən sonra sözünün üstündə durmadı, Ələddinin yaxın qohumlarına “Mən məşğulluq idarəsi-zadı deyiləm ki” dedi.
 Səməd Mustafayev Texniki Universitetin Maşınqayırma texnologiyasl fakultəsini bitirmişdir. Əsl bələdiyyə adamıdır. Neçə illərdir ki, gəlmə-gəlintilərə səxavətlə iş yerləri verilsə də, uzaq-uzaq ellərdən rayonumuza təşrif gətirmiş qonaqlar diplomu olmaya-olmaya yağlı yerlərə götürülsələr də, Səməd iş tapa bilmir. Təəssüflər olsun ki, 68 saylı Seçki Dairəsi rəhbərinin öz maddi maraqlarını güdməsi nəticəsində onun kimi, Qabil Mustafayev, Yaşar Sadıqov kimi sırf bu ixtisasın adamı olanlar bələdiyyə işlərindən kənarda qaldılar. Halbuki bütün kənd sakinləri gözəl bilirlər ki, həmin adamlar kifayət qədər səs toplamışdılar.
 Bizim tələbimiz indi də qüvvəsində durur, istəyirik ki, 68 saylı Dairə Seçki Komissiyasına aid olan bülletenlər bir daha sayılsın, həqiqət üzə çıxarılsın. Necə ola bilər ki, Səmədə 5 nəfər, Qabil Mustafayevə isə 20 nəfər səs versin? Hər halda bilsəydilər ki, bu adamlara 5 nəfər səs verəcək, yəqin ki seçkiyə qatılmazdılar, bu qədər vaxt, pul, əsəb və enerji sərf edərək namizədliklərini verməzdilər. Seçkidən sonra 200 nəfər adam imzalayaraq qeyd olunan adamlara səs verdiklərini təsdiq etmişlər, bununla da seçkinin saxtalaşdırılması faktı bir daha üzə çıxmışdır. Həmin sənəd yuxarı instansiyalara göndərilsə də, Mehman Rzayevin “qarşılıqlı” səyləri nəticəsində heç bir reaksiya doğurmadı.
 Hər seçki dövründə Mehman Rzayevin gülü çırtayır. Çünki, burada o qədər gözə görünməz pul yerləri var ki, gəl görəsən. Hər seçki zamanı 3 ay burada çalışan işçilərə aylıq əmək verilir. Həmin pulun hər ay ən azı 5 manatı DSK-a sədrinindir. Hər seçki kompaniyası dövründə hər məntəqədə pul sədrə çatmaq şərti ilə 1 «levi» üzv nəzərdə tutulur ki, o şəxs heç vaxt işə gəlmir, sadəcə olaraq adı cədvəldə, pulu isə Mehmanın cibində olur. Hər məntəqəyə xadimə və texniki işçilər üçün hər ay 120 manat pul ayrılır. Bu pulu da Mehman Rzayev mənimsəyir, belə çıxır ki, xadimə və texniki işçilər ona nökər işləyirlər. Bəzi məntəqə sədrlərinin isə bundan heç xəbəri də olmur. Bundan əlavə yanacaq və yol pulu üçün də hər məntəqə üzrə pullar verilir, bu pullar da Mehman Rzayevin cibinə gedir.  
 Mehman Rzayev kimi dövlətçiliyimizə xələl gətirən, hökuməti öz səriştəsizliyi ilə nüfuzdan salan adamın dərhal vəzifəsindən uzaqlaşdırılmasını, onun yerinə daha layiqli kadrın gətirilməsini tələb edirik.

                                                                                           Bir qrup rayon ziyalısı

Комментариев нет:

Отправить комментарий