11.11.2010

Mobil İsmayılov dünyası

"Yeni xəbər"in poçtundan
   
 Qanun şahdır, şah qanun deyil. Bu müdrik kəlamda bəşəriyyətin minillik ədalət arzusu ifadə olunur. Qanunlar işləyirsə, deməli Femida tərəzisi dünyanın mizanını düzgün dəyərləndirəcək. Yalnız belə olan halda insanların haqqını vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq heç bir məmur mənimsəyə bilməz. Dünya tarixində insanların ədalətli yaşayışı naminə bütün həyatını sərf edənlərin hesabına ədalət ölçüsü mövcud olmuşdur. Təbii ki bu sahədə bütün zamanlarda hamıdan çox məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür.
 Bəzən elə hallar olur ki, insan həyatı üçün ciddi təhlükə yaradan cinayətkarı və ya cinayətkar qrupu tapmaq, yaxud da baş vermiş cinayət hadisələrinin düyününü açmaq uzun zaman çəkir. Bəzən isə əksinə. Bu halların başlıca səbəbi isə hüquq işçisinin, qanun keşikçisinin nə qədər təcrübəli, savadlı, vicdanlı, öz peşəsinə nə qədər bağlı olmasıdır. Əgər hüquq işçisinin sinəsində pak ürək, insana sevgi və məhəbbət dolu bir qəlb döyünürsə, vətəndaş ona və onun simasında haqq-ədalətə inanır. Əks halda cəmiyyəti xaos, qarışıqlıq, cinayət və qanunsuzluq bürüyür. İnsanlar hüquq-mühafizə orqanlarının özünü cinayət yuvası kimi təsəvvür edirlər.
 Cəlilabad rayon prokurorluğunda aparılan kadr islahatı, daha doğrusu rayon prokurorunun əvəzlənməsi, həm də yazıçı kimi tanınan Mobil İsmayılovun təyin edilməsi bu rayonda insanların asayiş, haqq-ədalət kimi əbədi dəyərlərə münasibətində köklü dəyişikliyə səbəb oldu. Əvvəllər üstüörtülü qalmış bəzi növ cinayətlər, illərlə davam edən nəticəsiz istintaq əməliyyatları, haqqın nahaqqa qurban verilməsi halları yeni prokurorun cəsarətli, vətənpərvər addımları ilə qısa müddətdə aradan qaldırıldı.
 Mobil İsmayılov universitet illərində müəllimlərdən aldığı yüksək biliklə, uzun müddət ərzində topladığı geniş təcrübə ilə, yazıçı və publisist olmasından irəli gələn iti intellekual təhlil qabiliyyəti ilə tezliklə rayonun hər bir sakininin inam və güvənc yerinə çevrildi. O, ilk növbədə polis şöbəsində və rayon prokurorluğunda kök salmış çirkin əlləri kəsdi. Polis və prokurorluq işçilərinə öz şərəfli adlarını qaytarmaq üçün gecə-gündüz çalışdı. Doğrudan da bu gün rayon mərkəzi rahat, cinayət və başıpozuqluqdan uzaq, sakit bir şəhərə çevrilib. İşlədiyi bütün müddət ərzində Mobil müəllim inamla bu yolda addımlayıb. O, rayonda həm də qatı Əliyevçi kimi də tanınıb. Atası vaxtilə Heydər Əliyevin sevimli kadrlarından olub. 
 Cəlilabad femidasına bu gün inamın artmasını bizimlə yanaşı rayonun minlərlə sakini də təsdiqləyər. Baş ədliyyə müşaviri bu işləri öz adı, şöhrəti üçün deyil, məhz vətən, dövlət qarşısında xidməti borcu kimi yerinə yetirir. Apardığımız tədqiqat və sorğular da göstərir ki, ətraf rayonlar içərisində Cəlilabad kriminogen durum baxımından ən əmin-aman rayondur. 
 Rayonda yaranmış həmin əmin-amanlığa görə Respublika Baş Prokuroruna öz təşəkkürümüzü bildirir, uğurlu kadr siyasətinə görə minnətdarlıq edir, prokurorluq işçilərinə isə öz çətin işlərində dəmir əsəblər və şad-xürrəm anlar arzulayırıq. 

                                 Şahin Həsənov, Cəlilabad rayonu Qarazəncir kənd sakini

Комментариев нет:

Отправить комментарий