15.12.2010

6 666 666 666-cı vətəndaş və biz

Yazar arxivindən 
Anar Məhərrəmli
Professional Oxucu Liqası  

 Dünyadan gələn xəbərlər heç də ürəkaçan deyil. Məsələn, may ayında yer kürəsinin 6 666 666 666-cı vətəndaşı doğulacaq. Bunun dəqiq hesablamasını aparmaq mümkün deyil. Amma xristian dünyası çox narahatdı. Bu rəqəm şeytan rəqəmidi axı. Ancaq bu insan hansı ölkədə doğulacaq, hansı irqə mənsub olacaq, bunu da bilməyəcəyik. Qoy xristian dünyası baş sındırsın, amma ərzaq və su qıtlığı da gözlənilir. Biz isə, ümumiyyətlə qarnımızın qeydinə qalan toplum olduğumuz üçün bu xəbərin nəyisə, kimisə tərpədəcəyini gözləmək olardı. Ancaq görünən budur ki, hamı yenə faiz söhbətləri ilə uyudulur. Neft boruları axıb gedir, əvəzinə kağız verirlər və həmin kağızları da öz banklarında saxlayırlar. Nəyəsə xərcləmək üçün o kağızlardan götürmək istəyəndə deyirlər ki, yoox, olmaz, biz dediyimiz kimi xərcləyin. Nə nefti, nə də kağızı yemək olmur. Yemək məsələsini həll eləmək üçün kənd təsərrüfatı adlanan bir sahə var- aqrar sahə- həmin sahə ilə maraqlanmaq lazımdır. Ən bərəkətli torpaqlar işğal altında olduğundan və həmin torpaqlarda işləyən adamlar da şəhərlə doluşduğundan bu sahədə böyük problemlər var. Ekoloqlar həyəcan təbili çalırlar- yalnız qoyunçuluğun, maldarlığın (birbaşa mənasında) inkişafına yonəlsək olan-qalan torpaqlar da daşlaşacaq, şoranlaşacaq, öz qabiliyyətini itirəcək. Torpaq üzərindəki bitki örtüyünün də qeydinə qalmaq lazımdır. Torpağın xətrinə yox, heç olmasa qarnımızın xətrinə. 
 Dünya birjalarında bu qalxmaların enmələrin ardınca möhtəşəm bir opera oynanılacaq kimi görünür, hələlik üvertüradır. Təbii ki, əsas partiyaları Sem dayı və Avropa xanım oxuyacaq. İkinci dərəcəli rolları da özlərinə yaxın kimlərəsə verərlər. Bizə isə seyr etmək qalacaq. Özü də teatrın içində yox, çolündə.  

                                                              “Azərbaycan regionları” qəzeti, fevral, 2008

Комментариев нет:

Отправить комментарий