15.12.2010

Kənan Hacı AYB-dən istefa verməsinin səbəblərini açıqladı

  Məlum olduğu kimi, bu yaxınlarda yazar Kənan Hacı Azərbaycan Yazıçılar Birliyindən istefa verərək bundan sonra azad yazar olaraq fəaliyyət göstərəcəyini bəyan etdi. Çoxları yazarın bu addımı prezident təqaüdünə təqdim edilənlərin siyahısından adının çıxarılması ilə əlaqələndirir. Yazarın özünün məsələyə münasibətini öyrənmək istədik:
 
  “Bilirsiniz, mən o təşkilatda arzuolunmaz bir şəxs idim. Bunu özümə qarşı münasibətdə də görürdüm. Onlara mutant, mövqeyi olmayan, qarşılarında ikiqat əyilən və onların çaldığı havaya oynayan adamlar lazımdır və belə adamlar üçün hər cür şərait yaradırlar. Özlərini, daha sonra uşaqlarını, yaxın qohumlarını şair, yazıçı adıyla təqaüd siyahısına dürtüşdürürlər.  
  Onlar bilə-bilə ki, mən işsızəm, ağır xəstəyəm, mənə təqaüd vermədilər. Bu siyahı tanışlıqla, tapşırıqla, bəlkə də maddi təmənna prinsipiylə hazırlanır. Bilinmir, bu təşkilat dövlət qurumudur, yoxsa ailə podratı. Mən yeganə adamam ki, AYB üzvü ola-ola o təşkilatı tənqid atəşinə tutmuşam və bu da onların xoşuna gəlmirdi. Mənim kitablarımın “Natəvan” klubunda keçirilməsinə imkan vermədilər.
  O təşkilata üzv olmağımı həyatımın ən böyük səhvi hesab edirəm. Gedin baxın, orda keçirilən kitab təqdimatları başdan-başa biabırçılıqdır. Ədəbiyyata dəxli olmayan adamların kitab təqdimatları keçirilir, bu adamlar təkəbbürlə AYB-nin koridorlarında gəzişirlər, müsahibə verirlər, özlərini dahi sayırlar. Bunlara deyən tapılmır ki, ay qardaş, ay xanım, get, bacardığın işin qulpundan yapış. Onlar ədəbiyyatın üz qarasıdırlar. Bütün bu yaramazlıqlara AYB rəhbərliyi rəvac verir.
  Mövcud rejimin feodal xislətli təşkilatı olan AYB-nin ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.” 


  Kənan Hacı hesab edir ki, AYB-nin təqaüdçülər siyahısının hansı prinsiplərlə və hansı əsaslarla hazırlandığı ictimaiyyətə açıqlanmalıdır. Özünün isə təşkilatdan istefa verməsinin təkcə təqaüd məsələsiylə bağlı olmadığını, son vaxtlar AYB-nin yalnız və yalnız istedadsızları himayə etməsinə etiraz əlaməti olaraq bu addımı atdığını bildirdi. Onun fikrincə, müstəqil olmayan, dövlətin ətəyindən dördəlli yapışan, rejimin vintciyi olan, haqsızlıqlar önündə daş kimi susan bir təşkilat heç vaxt ədəbiyyata xidmət edə bilməz.

Комментариев нет:

Отправить комментарий