15.12.2010

Xox

İlkin Ağalı 
“Millətim” qəzeti

Nuh əyyamından tutmuş üzü bəri müəyyən məqsədlərə çatmaq yolunda ən şərəfli metod “xox” gəlmə olub. Bu taktikanın sərfəli tərəfi odur ki, çatılası məqsəd üçün zor işlətməyə, əlavə zəhmət sərf etməyə ehtiyac qalmır. Belə ki, xox gəlinən tərəf geri çəkilirsə, bununla da nəzərdə tutulmuş plan həyata keçirilmiş olur. “Xox” gəlmə taktikasının bu üstün məziyyəti onun çox geniş spektdə inkişafı üçün zəmin yaradıb. Ayrı-ayrı fərdlərdən tutmuş, super dövlətlərin siyasətinə qədər “xox” taktikası kifayət qədər özünə ciddi yer tutub.
Bir vaxtlar ayrı-ayrı fərdlərin yararlandığı “xox” gəlmə taktikası (deyək ki, daha güclü birisi yumruğunu havaya qaldırmaqla, yəni zərbəyə ehtiyac qalmadan qarşısındakı daha zəifin əlindəki tikəsini tutub alırdı.) zaman keçdikcə müstəsna əhəmiyyət kəsb etdiyi üçün böyük-böyük dövlətlərin xarici siyasətində əsas taktika kimi qəbul edildi. Çünki bunun səmərəsi o qədər cəlbedici idi ki, bu taktikadan yan keçmək mümkün deyildi. Bir çox hallarda heç bir müharibə aparmadan, fəlakətdən yan keçməklə istədiyi məqsədə çatan “xox” gələn tərəf bundan ideal bir yolu tapa bilməzdi.
Ancaq məsələnin bir tərəfi var ki, “xox” taktikasının səmərəsi üçün onu tətbiq edənlə, tətbiq edilənin güc nisbəti mütləq fərqlə hiss olunmalıdır. “Xox” gələnin gücü qarşı tərəf üçün o səviyyədə qəbul olunmalıdır ki, bunun qəbulu heç bir problem doğurmasın. Yəni “xox” gəlinən tərəf heç bir müqavimət haqqında fikirləşmədən, “xox” gələn tərəfin istəyini yerinə yetirməlidir. Əgər tərəflər arasında güc müstəvisinin fərqi kəskin olmursa “xox” taktikasının uğuru da şübhə altına düşür.
Çağdaş dünyamızda “xox” taktikası çox uzun yol keçərək tamamilə mükəmməl bir duruma düşüb. İndi artıq bu taktika fərdlər halında bir qayda olaraq “Avtoritetlərin” yanaşdığı taktika kimi istifadə olunmaqla heç bir əməli hərəkətə ehtiyac qalmadan uzaq-uzaq yrlərdə tələb olunan istək həyata keçirilir. İnternet xidməti də bu işin səmərəsinə öz köməyini verir. Lakin “xox” taktikası özünün ən mükəmməl səviyyəsinə dövlətlərin diplomatik addımlarında çatıb.
Bir vaxtlar daha kustar şəkildə dövlətlər “xox” taktikasından yararlanırdısa, (müəyyən qənimətlər əldə etmək üçün) indi bu taktikanın təkmilləşdirilməsi onu yeni keyfiyyətlərdə təzahür etdirir. Deyək ki, ayrı-ayrı dövlətlərin bir-birinə “xox” gəlməsi hələ də siyasi səhnədən çıxmasa da, daha mükəmməl “xox” taktikalarından yararlanılır. Belə ki, indi ayrıca super güclər yox, onların rəhbərlik etdiyi bütöv qruplar birgə şəkildə “xox” taktikasına dəstək verməklə, qarşı tərəfi geri çəkilməyə və istəyi qəbul etməyə məcbur edirlər. Bu mükəmməl “xox” gəlmə mexanizmini isə adına beynəlxalq təşkilatlar deyilən müxtəlif qurumlarla həyata keçirirlər. Belə qurumlarda təmsil olunan dövlətlər artıq tətbiq etdikləri “xox” taktikasını daha səmərəli göstərməyə cəhd edir. Axı yuxarıda deyildiyi kimi “xox” gələn tərəfin istəyinin təminatı xeyli dərəcədə onun gücündən asıldıır.
Son dərəcə modern “xox” gəlmə taktikasından bu gün başlıca olaraq ABŞ yararlanmaqdadır. ABŞ bir alət kimi yararlandığı beynəlxalq təşkilatları bir qayda olaraq “xox” gəlmə üçün həyata keçiriləsi qoçu dəstəsinin müxanizminə çevirib. Əgər hər hansı bir dövlət ABŞ-ın iradəsi xilafına çıxarsa, mütləq o beynəlxalq hüquq normalarını “pozduğuna” görə “xox”a məruz qalacaq.
Bu mükəmməl “xox” taktikasından yararlanmaq istəyən ayrı-ayrı güc mərkəzləri də müxtəlif çeşidlə beynəlxalq qurumlar yaratmağa nail olsalar da, onun səmərəsindən yararlana bilməyiblər. Bunun bir səbəbini də uzun müddət ABŞ-a xox gəlmək üçün beynəlxalq qurumlar (qoçu dəstəsi) yaradaraq mübarizə aparan Sovet sisteminin sonda məruz qaldığı məğlubiyyət götürülə bilər.
Hər halda “xox” taktikası öz səmərəsinə görə kifayət qədər inamlı görünür. Sahib olduğu gücə və qoçu dəstəsinə istinad edən ABŞ–ın gəldiyi “xox” dünyanın dörd bir tərəfində öz bəhrəsini verir. Ancaq hələlik onun adət etdiyinin əksinə olaraq İranın “xox” qarşısında geri çəkilməməsi onu qıcıqlandırır. İstəyinə inadla can atır. Çünki onun ən etibarlı silahı kimi görünən “xox” taktikasının uğursuzluğuna heç vəchlə razı olmayacaqdır.

Комментариев нет:

Отправить комментарий