13.12.2010

ŞƏRQLİYƏM

Ədalət Eşqin

Bir dilbər guşəyə qoymuşam qədəm,
Şərqliyəm, bununla fəxr edirəm mən.
Şirin dil öyrəndim, şirin dilliyəm,
Şərqliyəm, bununla fəxr edirəm mən.

Bu torpaq yetirmiş qoçaq Cavanşir,
Dahi bəstəkarlar, müğənni, şair.
Düşünüb anıram onları bir-bir,
Şərqliyəm, bununla fəxr edirəm mən.

Qorğudum dillərdə gəzib dolanar,
Nizami yetirən analarım var.
Nəsimim, Fizulim – böyük iftixar,
Şərqliyəm, bununla fəxr edirəm mən.

Minlərlə igidi vardır bu yurdun,
Fərhadın külüngü ovub bisütun.
Təmiz məhəbbətlə sevibdir Məcnun,
Şərqliyəm, bununla fəxr edirəm mən.

Andım Üzeyiri– böyük dühanı,
Cəfərim, Cavidim, Müşfiqim hanı?
Saysam da onları qurtarmaz sanı,
Şərqliyəm, bununla fəxr edirəm mən.

Alır ağuşuna məni min fikir,
Uyuyur ürəyim, nədir burda sirr?
Çünki kaman dinir, tarım dillənir,
Şərqliyəm, bununla fəxr edirəm mən.

                           ÜZÜMÇÜ QIZ

Üzümlüklər göz oxşayır,
Cərgələnib sətir-sətir.
Üzümçü qız bu torpaqda,
Zəfər adlı nəğmə deyir.

Ürəyində saf arzusu,
Salxımlanıb gilələr tək.
Xoş amalı bu dünyada,
Ayaq tutub yeriyəcək.

Tənəklərlə həmdəm olub
Hər söhbəti, hər diləyi.
Həyat yolu işıqlıdır,
Səadətdir gələcəyi.

Dildə gəzir adı demək,
Əməlləri ətir saçır.
Dağ vüqarlı üzümçü qız,
Kişilər tək meydan açır.

Xarüqələr yaradır bax,
Öz elində, oylağında.
Üzümçü qız qəhrəmandır,
Cəlilabad torpağında.

                              BƏDƏLAN

Masallı rayon Bədəlan kəndindən olan həkim Kərimov Ədalət İsrafil oğluna ithaf edirəm

Ətirli baharım, çiçəyim mənim,
Döyünən qəlbimin yazı Bədəlan.
Bu ana yurdumun sönməz ocağı,
Dilimin şəkəri, nazı Bədəlan.

Ulu mahalımın ən qəşəngisən,
Saçını darayar yellər, Bədəlan.
Çaylarının suyu aşıb daşanda,
Başımda dolanar sellər, Bədəlan.

İstəmərəm həsrət qalam yoluna,
Sarılıb boynuna yatam, Bədəlan.
Yetişəm vüsala, çatam arzuma,
Ürəkdən qüssəni atam, Bədəlan.

Ayrılıq kədəri olsa qismətim,
Gözlərim yolunda ağlar, Bədəlan.
Bir zaman hüsnünü görə bilməsəm,
Sinəmə çəkilər dağlar, Bədəlan.

Baloğlan səsinə bülbüllər susar,
Həzin nəğmələrdə yaşa, Bədəlan.
Açılan lalələr əsil bəzəyin,
Yaraşar torpağa, daşa, Bədəlan.

Bu gözəl qoynunda keçəcək ömrüm,
Heç zaman doymaram səndən, Bədəlan.
Yetirdiyin oğul, qızlar da cəsur,
Sənin varlığına əhsən, Bədəlan!

Quran kəlamları gəzər bu eldə,
Namusum, qeyrətim, arım Bədəlan.
Səndən özgəsini sevə bilmədim ,
Teleyim, qismətim, yarım Bədəlan.

Ədalət Eşqin də vurğundur sənə,
Onun hər dərdinə dərman Bədəlan.
Eşqin əbədidir bil bu ürəkdə,
Sönməz məhəbbətin bir an, Bədəlan.

Комментариев нет:

Отправить комментарий