03.09.2011

Tehran Əlişanoğlu. E-heyy, Tənqidçilər!


İmzasına hörmət duyduğum yazarlardan Natiq Məmmədlinin “Quqarka qədər və Quqarkdan sonra” yazısına müqəddimə verdiyi böyük bir abzas əməlli-başlı məni şaşırtdı: “Digər tərəfdən Azərbaycanda ədəbi tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına bələd olduğumdan yaxşı bilirəm ki, bu kitab haqqında müəllifin dost-tanışından başqa kimsə nəsə yazmayacaq. Çünki «Quqark»ın müəllifi sifarişlə yazı yazmaq növbəsinə dayanan tənqidçilər üçün cəlbedici obyekt deyil, nə onun vəzifəsi var, nə də ortabab qonaqlıq verib hansısa mirzənin cibinə pul basacaq qədər imkanı və ürəyi…”
Yəni bu belədirmi? Görən, hardan yaranır zəmanəmizin həmin bu – yalnız və yalnız sifarişlə yazan (həm də necə ucuz!) Tənqidçi obrazı? Hövlnak həmkarlarıma səslənirəm: e-heyyy tənqidçilər!, könüllü ya naçar adımıza Tənqidçi titulunu yaraşdırıb Ədəbiyyatın bu daim keçilməz, xam sahələrində qələmlə torpaq çevirən bizlərikmi həmin karikaturun yiyəsi?! Ya nəsə burda bir yanıltmaqlıq-yanıltmaclıq var?
İzləyirik, bilirik: ədəbi dairələrdə (orda və burda!) yenə Tənqidə qarşı bir aqressiya var; amma bu dəfə, deyən, Tənqidin yoxluğundan yox, gözgötürməzlikdən, qısqanclıqdan mayalanır bu. Seymur Baycan bir müsahibəsində Tənqidə (!) loyallığını reklam eləyəndən (http://www.azadliq.org/content/article/16794854.html) az sonra Aqşin Yenisey daha da irəli gedərək, bir Tənqid yazısında (!), heç dəxli olmadan Tənqidçiləri Yazarlarla müqayisədə yarıtmazlıqda suçladı (http://kultaz.com/2011/05/12/kagizdan-dasa-dogru/ )! Əgər nidalayırıqsa, müqabilində real hədəf, var olan Tənqidi-tənqidçiləri görürük demək; bu mənada Kulis.az-ın yönəltməni Qan Turalı daha da açıq-konkret danışdı (http://www.kulis.az/xeber_%3Cb%3ERoman_qatili_%3C_b%3E__1507.html ), mövcud Tənqidin (!) qəlizliyi-gərəksizliyi-səmərəsizliyinə misal Azadlığın Oxu zalında, 525-ci qəzetdə, Kultaz-da gedən Roman müzakirələrini göstərdi…
Aha!, diqqət edin, bu ki, son zamanlarda sırf tənqidçilərin, Tənqid yazarların iddia-mövqe və Tənqid rakurslarından asılı olmayaraq bir araya gəlib, yaranan Ədəbiyyatımızı – romanları ardıcıl təhlilə çəkdiyi məqamdır. Təkcə elə Oxu zalı bir il ərzində 10 romana dair 50-dən çox Tənqid yazısı-məmulatı-kütləsi ortaya qoymuş! Tənqiddən şikayət elədiyimiz bir dəmdə əməlli-başlı ictimai rezonans demək olar buna!
Yazarların dərdi bəlli; roman müzakirələri də göstərdi ki: hər hansı yeni yaranan əsərin Tənqidi Ədəbiyyatın içdən refleksiyasıdır və ədəbiyyat-ətrafı (çöldən) reaksiyalardan fərqli olaraq, ucuz populyarlığın qarşısını xeyli ala bilir. Bir baxın, Azadlığın Oxu zalından keçəndən sonra özlüyündə heç də dəyərsiz olmayan həmən o 10 romandan hansı birisi əvvəlki şiddətlə Oxucunun gözünə kül üfürə bilir: Aqşininmi, Pərvizinmi, ya Əli Əkbərin? Doğrudur, romanlar-ətrafı ucuz effektlər yaratmaq cəhdləri yenə də bol; amma ağa durur, ağacan durur: Romanlar varsa, Tənqidi də var ortada, sonrasını Oxucu bilsin…
Yazarlara güc düşür, bazarlarına nırx qoyulur – danışırlar, yaxşı bəs Qan Turalı nə istəyir? Çox qəribədir, əslində, ədəbi Tənqid Qanturalıdan dad-aman qılmalıydı; əlinə fürsət keçmiş: klassikasından tutmuş gündəminəcən Ədəbiyyatın civarlarında ucuz meydan sulamada, naşıcasına Nizami(si)ni Ekoya calaşdırır, Şərifi(ni) Cahandar ağaya, publisist qələmin ucunda Sabir demir, Mirzə Cəlil demir, nə oxuyur-bilirsə, elə onu da deyir… Bu da bir növ maarifçilikdir – deyib, məhəl qoymuruq; çün Tənqid həm də Mədəniyyətin refleksiyasıdır; bu barədə Qanturalıya şəxsən hədiyyə elədiyim Tənqid.net-in 7-ci sayında Rahid Uluselin məqaləsi getmiş, baxa bilər. Olmamasından olması yey, indi neyləməli ki: az qala 20 ildir, bizim Mirzə Fətəli-Mirzə Cəlil-Sabir… (N.Nərimanov-Məhəmməd Əmin-C.Əfqani…) irsinə mətbu münasibətimiz hər dəfə qıcıq səviyyəsindən (Qanturalımı olsun, ya bugünlərin Rafiq Tağı Həmid Herisçi dartışması) o yana getmir… Yəni hər dəfə qaldırılan problemi yerindəcə, Mirzə Fətəlini-Mirzə Cəlili isə yenə bizdən irəlidə görürük…
Bu ki, öhdəsinə maarifçi missiya götürmüş dosta məsləhət: “qəliz” bildiyi şeyi yaxşı olar ki, burunlamasın; ələlxüsus da öz (publisist) bazarına bu qədər arxayındırsa; bəzən onun kitabdan-kitaba ərsəyə gətirdiyini ədəbi Tənqidin bircə cümləsi- eyhamı- işarəsi heçə endirə bilər… Zatən Ədəbiyyat mədəni-kütləvi olduğu qədər də elitar bir sahə; və məhz Tənqidin borcudur ötəri konyukturu ictimai sifarişdən ayıra bilə.
Gəldik “sifariş” məsələsinə…
Yox, göydən gəlməmişəm, mən də bu Cəmiyyətin övladıyam və haçan, nədən, hansı “sifariş”dən danışıldığını da bilirəm. Əksinə, bihudə və yanlış düşünənlərə həmişə deyirəm: bəsdirin, Cəmiyyətdə hamının bazara kökləndiyi halda bircə Ədəbiyyatdan entuziazm gözlədiyiniz!; hər bir sahə kimi, bugün Tənqidin də varlığı-gəlişməsi ictimai sifarişə – Cəmiyyət sifarişinə bağlı. Və həmişə də öz həyatımdan misallar gətirməklə, qıcıq yaratmağı sevirəm: 1995-1996 və 2000-ci illərdə press-Fakt qəzetində, 1998-1999-cu illərdə “Rezonans”a, 1999-da “Ekspres”ə, 1999 və 2001-2002-ci illərdə “Bizim əsr”ə, 2003-cü ildə “Yeni Azərbaycan”a yalnız və yalnız müəyyən qonorar müqabilində silsilə Tənqid yazıları yazmış, Tənqidçilik peşəsinə sırf iş yeri kimi baxmışam. Məxsusi onu da vurğulayım ki: həmişə də Qəzetlər özləri Tənqidçiyə hacət bulmuş, məni arayıb-tapmış, təbii, mənim də istəyim-sövdələşməm-razılaşmamla yazmağa başlamışam. Absurd görünə bilər, 1996-2004-cü illər ərzində stabil maaş aldığım AYB-nin “Ədəbiyyat qəzeti”ni də burda Tənqidçi fəaliyyətinə hacət (ictimai sifariş) olmadığını görüb, tərk eləmişəm…
Tənqidə sifariş! – deyəndə öz təcrübəmdən (başqa həmkarlarımda ola bilsin bir qədər başqadır) mən məhz bunu bilirəm. İndi qələminə hörmət duyduğum Natiq Məmmədli post tutduğu və Ədəbiyyatın da xeyrinə xeyli gözəl işlər gördüyü “Kaspi” qəzetindən: “Azərbaycanda ədəbi tənqidin səviyyəsinə, tərəfsizliyinə və vicdanlılığına” sanki şübhə-ironiya edirsə, öz haqqı, bununla işim yox… Amma daha sonra eyham vurduğu mənzərə ki: guya cəmi məmləkət Tənqidçiləri “ortabab qonaqlıq” eşqinə “sifarişlə yazı yazmaq növbəsinə” düzülmüş… – acınacaqlı olduğu qədər də, ciddi bir ittiham. Nəmənədir, nə dərəcədə “ictimai sifariş”dir bu, görən? Üstəlik, bu növ fikirlər asanca, mədəniyyət portalları və sosial şəbəkələrdə, elə sözarası səslənir və heç bir etiraz doğurmursa, demək, həm də təqdir olunurmu? Hə, elə bugünlərdə Şərif Ağayar da hardasa acı bir zarafat eləmişdi; təzəcə yazdığı romanının ictimai məzənnəsinə işarəylə: Əgər “Haramı”dan yazmasalar, sifarişlə, qonaqlıq verib də yazdıracağam… – yazmışdı (təxminən belə) Paho…
Axı bəlli ki: Cəmiyyət vacib (bu halda Ədəbiyyat) münasibətlərini ali mədəni səviyyədə həll edə-qura bilməyəndə beləcə primitiv, qaba məişət formaları işə düşür. Bir beş-on il əvvəlin anekdotu yadıma düşdü lap: dedilər, bir deputat-yazıçı barəsində kitab yazdığına görə bir şairə (!) maşın bağışlamış; inanmadım, dedim: əgər həqiqətən də Tənqidin məzənnəsi bu qədər yüksəkdirsə, niyə maşını mən-tənqidçiyə yox, tənqidçilik edən şairə versinlər?!. Ya da bu halda söhbət Ədəbiyyat və onun Tənqidindən yox, nəsə başqa şeydən gedir… Bu hesabla belə çıxırmı ki, indi məzənnə tamam ölmüş: bir qonaqlıq dəyəri olan ədəbiyyat və tənqid (!) Kimə lazımdır bu ədəbiyyat və kimə lazımdır onun tənqidi?!
Sonrakı misalları da özümdən deyim ki, həmkarlarım incinməsin. Bir Şair dostumun (diqqət edin: “dostum Şairin” demirəm-ha) yaradıcılığına dair kitab yazmışdım; kitab çıxar-çıxmaz, bir acıdil publisist sevincək yazırdı ki: aha, bu da tənqidçi Tehran Əlişanoğlu!; bəs kitabdan mətbəx qoxusu gəlir-filan. Şair dostum yamanca əsəbiləşmişdi, mən isə çox sakit idim; düşünürdüm: belə olmasın gərək, belədirsə – bu pisdir; Tənqiddən parçası olduğu Ədəbiyyatın qoxusu-rayihəsindən özgə nəsə duyulmamalıdır…
Təzəcə tanış olduğum bir Yazar: bir çay içək, – dedi, amma belə oldu ki, çörək də kəsdik; paho… Qələmdən savayı, həm də Cəmiyyətdə post tutan təzə dostum ədəbi aləmin qarasınca nələr söyləmədi; demə, katibindən, redaktorundan, şöbə müdirindən tutmuş tənqidçisinəcən AYB-də hamı onun Yaradıcılığına müntəzirmiş, növbəti əsərini gözləyirmişlər ki, çarəsini qılsınlar; onun isə əsl Tənqidə, həqiqi Tənqidçi sözünə hacəti varmış… Səmimiyyətinə inansam da, doğrusu, pisimə gəldi; çün az əvvəl tənqidçi-həmkarlarımın adı çox ucuz anılmışdı: Rafiq Tağı demiş, “ilham atlarının mehtəri”-filan; kəsdiyim loğmaya dəyər verənəmsə də, bunun boğazda ilişib-qalmağı da var axı… 
J.Derrida “dar” – “vergi-qabiliyyət-istedad…” (rusca oxumuşam deyə, ruscasından da çıxış edirəm) və “darit” – “vermək-bağışlamaq-hədiyyə etmək…” sözlərini qurdalayaraq, göstərir ki: “dar”-“qabiliyyət” verilmişlikdir (biz deyərdik: İlahidəndir!)… Elə ki, onu verirsən, bağışlayırsan, lap təmənnasızlıq iddiası ilə hədiyyə edirsən, demək, nədən ötrüsə verirsən, burda artıq təmənna başlayır… Əlavə edim: hələ bunun kobud forması, istedadı-qabiliyyəti nəyəsə-niyəsə (bir qonaqlığamı?) xərcləməyi-verməyi-dəyişməyi-satmağı… demirəm.
Belə ki, möhtərəm “Kaspi” qəzetinin baş mühərriri, Tənqidçini heç nahaq vicdan məhkəməsində azdırıb qəribliyə salmaq gərək deyil; o da haqqında yazdığınız “Quqark”ın Yazar qəhrəmanı kimi birisidir; o da Ədəbiyyatın sərgərdanlığını edib, Yazar kimi Cəmiyyətdə yerini (İş yerimi?) axtarır… Bəli, razıyam, qəhrəmanı kimi, Seymur Baycan da ömrünü büsbütün qələmə verməklə, əslində, fədailik edir; oturub kitablarını yazır, sonra bunu az qala olmayan Ədəbiyyat bazarına çıxarır, zəhmətinin bəhrəsinə ümidlə növbəti romana girişir… 2006-da bir Tənqid.net jurnalı təsis etdim; AYB-də Tənqidi istəmirlər-istəməsinlər, ümumən Cəmiyyətdə ədəbi Tənqidə zərurətin qədərini yoxlayasıydım. Vallahi, fədakarlıqdır, 300 nüsxədə 7 sayı çıxmış dərginin hər sayından 20-30-na könüllü abunəçi tapsam, böyük işdir; iki o qədərini pulsuz paylayıram, qalanı qalır arxivdə: bir zaman gələr, bizdə də Ədəbiyyat (və onun Tənqidini) istəyərlər ümidinə…
Bir məzəli kuryez deyim, daha əyani olsun. Ədəbi məclislərə gedəndə çiynimdə bir çanta olur; təxminən hamı bilir ki, içində nout.book yox, Tənqid.net jurnalının təzə saylarıdır. Son zamanlarda onu da duymuşam ki, tanışlar görüşdümü, tez də bu üzü qara çantadan uzaq qaçmağa çalışırlar; aya, qəfil çıxarıb jurnal təklif edə bilərəm… Bu da acınacaqlı mənzərədir, deyilmi?; necə ki, elə həmən məclislərdə bir ucdan Yazarlar mənə kitablarını bağışlayırlar; nədən, olmaya Tənqid(net)-mi istəyirlər?..
Ədəbiyyat kimi, Tənqidini də Cəmiyyət gərək istəsin, ona hacət duysun; yalnız bu halda Ədəbiyyat-Tənqid sevdası-sövdələşməsi cılız maraqlar, məişət sifarişləri darlığından çıxıb, Tənqid bir verilmişlik kimi funksional ola bilər. Tutaq ki: “Kaspi” kimi bir qəzetin imkanlısı “Quqark” kimi bir romanın layiqi Tənqidini tapmamasından narahatdır; və Natiq Məmmədli cəmi-tənqidçiləri utandıraraq, əvəzlərinə layiqi bir Tənqid yazır. Bununla nə dəyişir ki; “Quqark” yenə yerində, növbəti baxışlara açıq; ortada təzə bir şey varsa, o da məqalə müəllifinin “təmənnasızlığı”: baxın, mən hamıdan ədalətliyəm, bütün tənqidçilərin eləməli olub, etmədiklərini edirəm iddiasıdır. Xətrə dəymək üçün demirəm, bu təmənnasız iddia ilə bir başqası, lap elə Tehran Əlişanoğlu da çıxış edəndə eyni şey alınır…
Amma məsələn, təkrar da olsa qabardacam, başqa təcrübə də var: ötən il, ölkə Ədəbiyyatında bir Roman baharının (“roman bumu”, “axını” əvəzinə, bu ifadəni təklif edirəm) başlandığını vaxtında duyub-görüb, Azadlığın Oxu zalı müvazi olaraq bir Tənqid layihəsi irəli sürdü; üzünü Tənqid yazarlara tutub: iddialarınız çox gözəl, buyurun, Ədəbiyyatda baş verənlərə münasibət bildirin! – dedi. Nə çətin işmiş ki; bunu məgər “Kaspi” qəzeti, nə bilim, “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı-filan edə bilməzmi; az da olsa Tənqidçiyə bir iş imkanı açırsan, stimul verirsən… – müqabilində Ədəbiyyat qazanır! Ola bilsin ki, “Quqark”, ya hansısa aktuallanmış başqa əsər bu Roman müzakirələrinə gecikə, ya təsadüfən kənarda da qala bilər; alternativ layihələrə nə gəlib? Azadlıq radiosu eləməz, Kultaz, ya ANN irəli sürər, “Kulis.az” Tənqid istəməz, Tənqidçilərin “vicdanını tərpətmək” üçün həmincə “Kaspi” (Natiq Məmmədlinin vurğuladığı kimi:) “hələ bir dəfə də kəlmə kəsib hal-əhval tutmadığı müəllif(lər) haqqında” silsilə yazılar sifariş verər və s. Bax, buna deyərəm Sifariş, ictimai sifariş, Cəmiyyətin sifarişi!; yoxsa ki, olmayan yerdən Tənqidə həqarət nə lazım?!    
   
Əslində, bu yazını mən müzakirə təriqi ilə yazdım. Ədəbi Tənqid geniş anlayışdır, problemləri də çox. Amma konkret halda dəqiq bir ünvan: “tənqidçilər” anılmışdır deyə, öz-özümə sual etdim, axı kimdir bu “tənqidçilər”? Adətən sırf tənqidçilərdən söhbət gedəndə ədəbi dairələrdə yalnız bir neçə adlar hallanır: Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Əsəd Cahangir…; hərçənd roman müzakirələri əvvəllər fəal xanım tənqidçilərin sırasına  (Nərgiz Cabbarlı, Bəsti Əlibəyli, Elnarə Akimova) daha ikisini artırdı: Elnarə Tofiqqızı, İradə Musayeva… (Daha kimlər var, e-heyy, səslənsinlər!). Yəni qələti qarışdıran bunlarmı?
Rüstəm Kamal deyir: Şairlərə deyirəm, siz çoxsuz biz az, Vətən torpağı həmişə Tənqidçi yetirmir, qədrimizi bilin… Qədir ağacı gərəkməz, təki hər fürsətdə Tənqidçi adını-məramını-missiyasını aşağılamağa səylər olmaya… Və ilk sırada Tənqidçilərdən səsimə səs, opponentlərə cavab istəyirəm; axı bu adı hər kəsə yaraşdırmırlar!
ANN.Az

Комментариев нет:

Отправить комментарий