10.08.2012

İnsan, şirə, milçək və zaman

 Əli Şirin Şükürlü

güzgüyə baxırmış kimi
baxıram dünyaya
çiliklənmiş güzgüdə görürəm özümü
hər parçasında bir az mən -
baxır üzümə

bir az dənizdəyəm
bir az torpaqda
bir az səmada
və sairə

elə bu an
gözüm önündə ağ rəngli masa
bəyaz müstəvi üstündə şirə dairə şəklində

bir an sonra gördüyüm -
şirəyə milçək qonub

bəyaz masa üstündə
en və uzunluqdan ibarət
düzbucaqlı içində qara bir nöqtə
örtüb üstünü şirənin

bir an sonra
uçdu o milçək
düzbucaqlıdan qopdu o nöqtə
indi gördüyüm: ötən anlar içində
en uzunluq
və hündürlük – milçəyin uçduğu qədər

başqa
nə qaldı o milçəkdə
nə qaldı o şirədə

nə milçək bir şey anlar o şirədən
axıra kimi
nə mən baş çıxarıram o milçəkdən

nə qədər anlarıq dünyadan
sanki bulaqdan bir fincan su doldururuq

güzgü kimi baxıram dünyaya -
en uzunluq və hündürlük
ötən anlar içində
hər birində bir az mən

güzgü kimi baxıram dünyaya -
heyrət içində bir cüt göz dikilib üzümə

Комментариев нет:

Отправить комментарий