10.08.2012

Oğru dünyasının Qocaları

Onlara məxsus pulların hələ 90-cı illərdən Mərkəzi Univermaqda dövriyyədə olduğu, əsasən qızıl biznesinə qoyulduğu bildirilir

Azərbaycanın iki nüfuzlu avtoritetinin üz-üzə gəlməsi və bununla bağlı yaranan problemlər haqqında “Qafqazinfo”da silsilə yazılar dərc olunur. Bu məlumatları əldə etdikcə oxuculara çatdıracağımızı söz vermişdik. Situasiya elədir ki, son vaxtlar Rövşən Lənkəranski ilə Qoca arasında başlayan nüfuz savaşı oğru dünyasını bir-birə qatıb. İndi bu aləmdə demək olar ki, hər gün bir yeni hadisə baş verir. Biz əldə etdiyimiz xəbərlərin məlum olduğu kimi bir neçəsini təqdim etmişik.

Bu gün “Qafqazinfo”ya daha maraqlı bir xəbər daxil olub. Məlumata görə, hazırda Rusiyada olan Qocanın (bir neçə gün əvvəl bu avtoritetin adını Əlibala kimi təqdim etmişdik. Ondan sonra oğru dünyasına yaxın olan şəxslərdən bir neçəsi redaksiyamıza zəng edərək Qocanın əsl adının Xoşsürət olduğunu bildiriblər) sahibi olduğu pullar Azərbaycanda dövriyyədədir. Bu yerdə bir məqamı da qeyd edək ki, Azərbaycanda Qoca ləqəbli bir neçə avtoritet var. Onlardan biri ağdamlı Qoca kimi tanınır. Ağdamlı Qocanı mətbuat son olaraq Şəmkirli Saşa ilə razborkadan tanıyır. Bir neçə il əvvəl o, Şəmkirli Saşaya tapança ilə atəş açdığı üçün həbs olunmuşdu, bu yaxınlarda isə yenidən azadlığa buraxılıb. Qeyd edək ki, bu adam Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Elxan Həsənovun qudasıdır.
Yəni Rövşən Lənkəranski ilə qarşı-qarşıya gələn ağdamlı Qoca deyil. Bundan başqa, da bir neçə o qədər də nüfuzlu olmayan Qoca ləqəbli avtoritetlər var. Onlardan biri Gəncədəndir. Lakin biz oğru dünyasının bütün MDB-də ən nüfuzlu avtoriteti Qocadan danışırıq. Hansı ki, bu adam Bakının Hökməli kəndindədir. Əslən isə şamaxılıdır. O, 90-cı illərdə adam oğruluğu ilə məşğul olan ən böyük kriminal dəstənin başçısı kimi tanınmış, 2005-ci illərdə həbsxanada dünyasını dəyişən “Sedoy Nizami”nin qohumudur. Ümumiyyətlə, Qocanın nüfuz sahibi olmasında “Sedoy Nizami”nin böyük rolu olub.
Onlara məxsus pulların hələ 90-cı illərdən Mərkəzi Univermaqda dövriyyədə olduğu, əsasən qızıl biznesinə qoyulduğu bildirilir. Bu biznesi isə “Sedoy Nizami”nin qardaşı Yaşar tərəfindən indinin özündə də idarə olunur.
İndiki qarşıdurma şəraitində də Qocaya Yaşar vasitəsi ilə dəstək verilir. Lakin onların Rövşən Lənkəranskiyə heç cür qalib gələ bilmədikləri, qüvvələr nisbətinin Rövşənin xeyrinə dəyişdiyi haqda xəbərlər var. Bu mənada ki, Rövşəni müdafiə edənlərin və arxasında dayanan güclərin daha böyük imkanlara sahib olduğu söylənir.
Biz bu iki şəxs arasındakı nüfuz davası ilə bağlı məlumatları əldə etdikcə təqdim edəcəyik. Çünki maraqlı xəbərlər gəlməkdədir.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий