07.06.2013

Xabi-qəflətdən onu yaxşı ki, bidar elədin...


Xatirə Xatun

Bərəkallah ki məni eldə əcəb xar elədin,
Sənə məftunluğumu faş elədin, car elədin.

Siz tərəfdə beləmi əhdə vəfa göstərilir?
Sirrimi cümlə bütün aləmə izhar elədin.

Qəmi –hicrana bilridin ki, mən öyrəncəliyəm,
Bu səbəbdənmi məni dərd ilə qəmxar elədin?

Zülm edib odlara saldın, sonra çıxdın, getdin,
Nə utandın bu əməldən, nə də bir ar elədin.


Gözlərin xəstəsinə yoxdu əlac, söylədilər,
Gözün aydın ki, məni axırı bimar elədin.

Afərin eşq diyarındakı tüccarlığına,
Qəmi satdın, canı aldın, belə bazar elədin.

XATUNun pərdə çəkibmiş bu məhəbbət gözünə,
Xabi-qəflətdən onu yaxşı ki, bidar elədin.

Комментариев нет:

Отправить комментарий