04.11.2010

“VARLIQ”- BİZİM AZADLIQ CARÇIMIZ

            Zəmanəmizin Dədə Qorqudu Doktor Cavad Heyət 30 ildir bu dərgini yaşadır
 

Vətən Azərbaycanda tək-tək adamlar var ki, ona hər iki tayda ehtiyac duyulur. Sevgi və hörmətin dərəcəsindən asılı olmayaraq onlar əvəzedilməzdir. Belələrindən biri də doktor Cavad Heyətdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, o, təkcə güneyli-quzeyli Azərbaycanın deyil, həm də türk dünyasının sayılıb-seçilən aydınlarındandır. Doktor 85 illik həyatında insanların sağlamlığının və milli varlığımızın keşiyində durub. Sovetlər Birliyi dağıldıqdan sonra biz onu bu tayda görməyə adət etmişik.
C.Heyət haqqında bizlər nə bilirik? Əsas odur ki, onu Vətənini sevən, milli varlığımızı qoruyan bir şəxs kimi tanıyırıq. Əfsuslar olsun ki, zalım fələk bizlərə bir-birimizə yaxından bələd olmaq imkanını çox görüb.
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. Doktor C.Heyət atasını özünün ustadı bilir.
Tibbi sahədəki elmi yazıları ilə yanaşı, o, Azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi ilə bağlı sanballı əsərlər müəllifi kimi də tanınır. Cavad Heyət 30 ilə yaxındır "Varlıq" dərgisini çap etdirir. "Azərbaycan ədəbiyyat tarixinə bir baxış" (iki cilddə), "Müqayisətül-lüğəteyn", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türklərin tarix və mədəniyyətinə bir baxış", "Türk dili və ləhcələrinin tarixinə bir baxış", "Ədəbiyyatşünaslıq" kimi əsərləri güneyli-quzeyli Azərbaycanın fikir adamlarına yaxşı tanışdır.
Doktor Cavad Heyətin 70 illiyi münasibətilə "Təhsil" nəşriyyatı bir neçə il öncə "Bıçaq və qələm" adlı kitab da nəşr edib. Onun naşiri Bəhruz Axundov, tərtibçi və redaktoru Təranə Tofiqqızıdır. Həmin kitabda yazılır: "Görkəmli alim Azərbaycan elm və mədəniyyətinin inkişafındakı, İran - Azərbaycan ədəbi-mədəni, ictimai əlaqələrinin möhkəmləndirilməsindəki böyük xidmətlərinə görə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri akademiki, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin, N.Nərimanov adına Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin "M.F.Axundov adına mükafat"ına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüş, həmin mükafatlardan aldığı pulu qaçqınlara paylamışdır.
Cavad Heyət həmçinin İstanbul Universitetinin fəxri türkoloji doktoru, həmin universitetin İstanbul tibb fakültəsinin tibb doktoru və türk dili qurumunun fəxri üzvüdür".
Doktor Cavad Heyət çeşidli cərrahi əməliyyatlarla yanaşı, bu sahə ilə bağlı mükəmməl nəzəri-araşdırmalar da aparıb. Hələ 1964-cü ildə o, "Daneşe-pezeşki" ("Tibb elmi") jurnalını nəşr etdirməyə başlayıb. Ayda iki dəfə dərc olunan bu jurnal 1976-cı ildə Məhəmməd Rza şahın SAVAK-ı tərəfindən qapadılıb. Buna səbəb Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsinin 50-ci ildönümü ilə bağlı doktorun məqalə yazmaması olub.
Doktor Heyət "Tromboflebit və müalicəsi" monoqrafiyasının, ikicildlik "Ümumi cərrahlıq" və "Cərrahiyyə dərsləri" kitablarının da müəllifidir. Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir. Cərrahiyyənin inkişafına görə Cavad Heyət 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasına üzv seçilib, həmin cəmiyyətdə İranı təmsil edir. O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa və Türkiyə universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.
Həqiqət, məhəbbət və vəfa doktor Cavad Heyətin sevdiyi məfhumlardır. Yalan, riyakarlıq və yaltaqlıq isə onun qəbul etmədiyi və insanlığa yaraşdırmadığı əməllərdir. Doktor Heyət yalanı "Bütün fəsadların başlanğıcı" sayır.
Güneyli alimimiz, İslam Azad Universitetinin müəllimi, doktor Həsən M.Cəfərzadə "Dədə Cavad Heyət" adlı məqalə yazıb. Müəllif bu yazıda görkəmli ziyalımız haqqında şişirdilmədən deyilmiş səmimi fikirləri böyük sevgi və ehtiramla sıralayıb. Həmin yazını kiçik ixtisarla diqqətinizə çatdırırıq.
"Doktor Cavad Heyətdən yazmaq, onun haqqında danışmaq çətin olduğu qədər də rahatdır. Hansı doktor Cavad Heyətdən yazaq və danışaq - yazan, yoxsa danışan?! 36 il həkimlik və ədəbiyyatçılıq sahələrində dərgi çıxaran Cavad Heyətdən, İranda ürək cərrahlığının təməlini qoyan və atası sayılan, dünyada barmaq sayına çatmayan ürək cərrahlığının öndərlərindən olan Cavad Heyətdən, ədib və islamşünas Cavad Heyətdən, fəlsəfədə əsər və fikir sahibi kimi tanınan Cavad Heyətdən, yoxsa türkologiya dünyasının zirvəsinə çatan Cavad Heyətdən?!
Bu səbəblərə görədir ki, doktor C.Heyətdən söz açıb danışanın elmi-mənəvi rütbəsi ya ondan üstün olmalı, ya da səviyyəcə bərabər olmalıdır. Amma rahatlıq burasındadır ki, doktor Cavad Heyətin 70 illiyi münasibətilə Bakıda keçirilən yubileydə Bəxtiyar Vahabzadə demişkən: "Doktor Cavad Heyəti başqalarından fərqləndirən və ona daha böyük məna verən şey onun həqiqət aşiqi olmasıdır". Belə xarakterli insanın içi, çölü, fikri, əməli açıq və aydındır. Yalnız belə bir mənəvi özəllik yetərlidir ki, doktor C.Heyətdən söz açmaq rahat olsun.
Mən bu böyük alimin haqqında tanınmış ziyalılarımızın bildirdikləri fikirlərdən faydalanaraq bu yazını kağız üzərinə göçürmək üçün özümdə cürət tapdım.

Professor Nurəddin Rza Cavad Heyət haqqında deyir: "O, mənəviyyat və mədəniyyətin zirvəsidir". Professor Vilayət Quliyev doktoru "Millətinin önündə gedən insan" adlandırır. Professor Oqtay Əfəndiyev "Tariximizin bilicisi" deyə onun adını çəkir. Filoloq Tofiq Hacıyev deyir: "Cavad Heyət qeyrət mülkünün sultanıdır". Professor Ayhan Sunqar onu "Çoxmənalı həkim" ləqəbinə layiq görüb. Professor Nizami Xudiyev Cavad Heyəti "Ədəbi dilimizin təbibi" adlandıraraq ona "Əvəzsiz mənbə" deyir. Professor Əliyar Səfərli Cavad Heyəti "el ağsaqqalı" bilir. "Varlığımızın təbibi" ünvanını Məhəmmədəli Müsəddiq Cavad Heyətə verərək doktora ithaf etdiyi şerində onu xalqına ruh verən kimi görüb deyir:
"Bizləri yad edən özünə qurban, Ellərə ruh verən sözünə qurban".
Pərvanə Mədətli Cavad Heyətin "Varlığ"ını "Varlığımızın rəmzi və bayrağı", Qalibə Hacıyeva isə "Varlığımızı yaşadan varlıq" bilirlər. Bəhruz Axundov "Əməlin şərəfdir Azərbaycana" deyir.
Professor Aydın Hacıyev Cavad Heyətin yaşayışını "Daim axtarışda keçən ömür", doktor Eynulla Mədədli "Azərbaycan tarixinin keşiyində keçən ömür", P.Mədədli isə "Fenomen" kimi dəyərləndirir. Doktor Rza Bərahəni doktor Heyəti "Yaxın Şərqin hikmət səsi" bilərək onun haqqında bunları söyləyib: "Qoca saymaram səni, ona görə ki, sən təzə dil açıb ana dilimizdə danışan uşaqlar qədər cavansan. Cavan saymaram səni, ona görə ki, sən əsrlər boyu danışdığımız dil qədər qocasan".
Professor Bəkir Nəbiyev ayrılıq körpüsünün qarşısında Cavad Heyəti "O tayı, bu tayı birləşdirən körpü" kimi görür". Məhəmmədəli Müsəddiq belə deyir:
"Təbrizdən Bakıya salam gətirən, Ayrı düşənlərdən pəyam gətirən".
Özbək professor Bəyəli Qasımov Cavad Heyətə "Başımızdakı tac" adı verir. Professor Vaqif Aslanov ona "Canlı ensiklopediya", professor Əhliman Əmiraslanov "Vətən oğlu" adını verir".
"Varlıq" dərgisinin sahibi doktor Cavad Heyəti Sabir Rüstəmxanlı varlığımızı qoruyan, doktor Həmid Nütqi "Xalqının aşiqi", professor Tofiq Hacıyev "Elinin, dilinin və mədəniyyətinin məcunu", Şahmar Əkbərzadə "Güvəndiyim dağ" - deyə dəyərləndiriblər.
Cavad Heyətin uşaqlıq dostu, doktor Əhməd Füruğ ona həsr etdiyi şerində belə yazıb:
"Unutma gərçi, unutmaq bəşərdə adətdir, Bəşərdən üstün olan varsa, doktor Heyətdir".
Arazın bu tayının söz mülkünün şəhriyarı, ustad Şəhriyar onun "Varlığ"ına "Azadlıq quşu" adını verərək yazır:
"Hərçənd qurtulmaq hələ yox darlığımızda, Amma bir azadlıq doğulub Varlığımızdan, Varlıq nə bizim təkcə Azadlıq quşumuzdur, Bir mücdə də vermiş bizə həmkarlığımızdan".
Arazın söz mülkünün bəxtiyarı, Bəxtiyar Vahabzadə Cavad Heyətə sunulmuş şerində onun qələmini və bıçağını silaha bənzədərək yazır:
"Yarıya bölünmüş Ana Vətənim, Bu gün səndən umur dərdinə məlhəm. Qardaş, qoşalaşdı silahın sənin, Gündüzlər - bıçaqdır, gecələr - qələm".
Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov onun haqqında belə deyib: "O, Qərb düşüncəli və Şərq duyğulu bir insandır".
General de Qollun xüsusi həkimi, professor Lişvitz tələbəsi doktor Heyət 27 yaşında ikən İran şahına yazdığı məktubda onu bir "əllamə" olaraq xarakterizə edir, böyük nailiyyətlər və kəşflərə layiq olduğunu söyləyir.
Doktor Heyətin ustadı olmuş professor Xalid Ziyabəy deyib: "Mən 500 cərrah tərbiyə etdim, onlardan yalnız biri doktor Cavad Heyət oldu". İsmayıl Hadi Cavad Heyətə həsr etdiyi şerində onu və doktor Həmid Nütqini göydən gəlmiş iki atlıya bənzədir: "Yerdə əkinçi kimi toxum səpdilər. "Varlıq" bağçasında Varlıq gülləri çiçəkləndi".
Professor Yaşar Qarayev Cavad Heyəti "İki tayın loğmanı" kimi təqdim edirdi.
Professor Şövkət Tağıyeva ona güneyli-quzeyli Azərbaycan dərdləri ilə yaşayan "alim" deyir. O, yalnız dərdləri yaşayan yox, onlarla ağlayan və dərdlərə məlhəm qılan alimdir.
Doktor Cavad Heyət Qarabağ faciəsinin dərdləri ilə yaşayır. O, göz yaşları ilə "İstibdad" adlı məktubu Süleyman Dəmirələ yazaraq, Qarabağ yaralarını ona bildirib.
Ələddin Borçalı "Ağlama, baba" şerində belə yazır:
"Xalqım, dedin, əsdi dilin,
Qara gəldi ayın, ilin.
Qurbanıyıq fitnə-felin,
Ağlama, baba, ağlama...".
Şair Həsən Məcidzadə (Savalan) də Cavad Heyətə xitabən bunları söyləyib:
"Sən elin daimi bir qayğıkeşi, məhrəmisən,
Vətənin xadimi, yurd aşiqi, el görkəmisən".
Professor Vaqif Aslanov C.Heyəti Əmir Əlişir Nəvai ilə müqayisə edir. Onun "Müqayisətül-lüğəteyn" kitabını Ə.Ə.Nəvainin "Mühakümətül-lüğəteyn" kitabının ikinci cildi kimi təqdim edir. Habelə C.Heyətin "Türk dilləri və ləhcələrinin tarixi" kitabını Qaşğarlı Mahmudun "Divani-lüğətti-Türk" kitabının ikinci cildi bilərək onu Q.Mahmud ilə müqayisə edir.
Akademik Mirzə İbrahimov doktor Heyəti uşaq ədəbiyyatının ustadı, həkim Abbas Səhhətə oxşadır. Professor Məhərrəm Qasımlı C.Heyəti "70 yaşında bir yol göstərən, 70 illik işıq" kimi görür.
Alimlərimizin dediyi sözlərin və ləqəblərin hamısı C.Heyətdə sadiq olduğu halda, xalqımızın ona verdiyi adlar daha doğrudur.
"Varlıq" uzun illər yaşasın, varlığa çatsın,
El xadimi Heyət başını xalqa ucaltsın".
Bu tay və o tayın Loğmanına xalqımızın verdiyi adlardan "Zəmanəmizin Dədə Qorqudu" daha düzgün deyimlərdəndir. Yəhya Şeydanın yuxarıdakı şerində dilənən arzu gerçəyə çatmışdır. Xalqımızın verdiyi ad zəmanəmizin müstəsna şəxsi sayılan doktor Cavad Heyətə yaraşır. Lakin o özünü xalqının kiçik bir qulluqçusu bilir, onunla fəxr edir".


Alı İsgəndərli                      Sumqayıt Dövlət Universiteti                  Professional Oxucu Liqası 

Комментариев нет:

Отправить комментарий