Könül Səid. Şeirlər
Bu gecə kədərli seirlərimin
kövrək misralarına
nəvaziş dolu bir sığal çəkdim
barmaqlarımın uclarından
ta ürəyimə kimi istilik duydum.
Bu gecə bütün ağrı-acılarımla
üz-üzə gəldim
mən hazıram dedim
açaq tökək ortalığa
yaşanmış o illəri
sonra da bircə -bircə toplayaq
kiçik bir torbaya
ataq ta denizin ortasına .
Bu gecə göz yaşlarımı
qonaq çağırdım
tələsik gəldi
töküldü, töküldü
bir gölə döndü
elə bil pusquda duran ezrayıl
səfərdən döndü .
Bu gecə qəlbimdə yatan
gözləri gözlərimə
gülüşü gülüşümə
həyati həyatıma bənzəyən
o kiçik qızı görüşə çağırdım.
titrək əllərini əlimə verdi
gəzdik dolaşdıq
yaşadığım
yaşamaq istəyib də yaşamadığım
günlərə də səyahət etdik.
Bu gecə evimin hər qarışını
göy qurşağına boyadım
günəş də çıxdı
qovdu kədəri
buludu
yağışı
saçdı yandırıcı istiliyini
sarı rəngin istiliyini
sevgi çiçəkləri də bitdi
alelvan , rəngbərəng
Bu gecə dünyam dəyişdi
bu gecə mən də dəyişdim.
.......................................................
.......................................................
Gözlərimi açsam da
tam oyana bilmədim
mənə acı verən
o şirin yuxulardan
gözlərimi açsam da
qaranlıq görürəm dunyanı
zamanın tərs axınına
düşüb şürüklənirəm
hardasa duyuram
ayaq səsini
bax orda çox uzaqlarda
bir körpə ağlayır
hönkürtü ilə
gecənin işıqlı qaranlığında
hardasa eşidirəm
bax orda qara otaqda
bir qadın sevişir
yad bir kişiylə
gündüzün işıqlı qaranlığında
hardasa görürəm
bax orda rəngsiz
boz bir çərçivədə
bir kişi yadlaşır
öz kimliyinə
yoxluğun bu acı
var olmağında
hardasa məndən çox uzaqlarda
qapısı bağlı , kilidi itmiş
divarlar arxasında
həyat var
mən isə
əynimə , boynuma biçilmiş
bu boş məzarda
hələ mənə çoz acı verən
yuxulardan
oyanmamaq istərdim.
Sən, mən və vəhdət
Elə bil həyatımın o üzündə
Sənə bənzəyən üzlər gördüm
qaşları , gözləri , qulaqlari
eyni bir insanın min zərrəsiydi
Elə bil ürəyimin dərinliyində
döyünən şah damarın özündə
sənin eşqinin ilahi qüvvəsini duydum
Elə bil həyatımın günəşin şüasından
gizli qalan hissəsində
sənin gözlərinin işığını gördüm
parıltısında qızındım
əllərimin , ovuclarımın tər damcılarından
yaranan duzlu gölün göz yaşlarında
boğuldu qara fikirlərim
Elə bil bir anlıq yuxularından keçdim
gəzdim, dolaşdım doğma məkanı
toxundum titrək əllərimlə
torpağına , hər daşına
sakit axan bir bulağın eşq sularından
içdim-içdim susuzluğum yatdı
Elə bil boz fəzanın boşluqlarında
uçan, qanadlarından qan süzülən iki quşuq
elə bil sürətli axının təmasından
isti bir vəhdət alınır
qızınnır qəlbimiz , döyünür tez-tez
Elə bil yenidən yaratdıq bu dünyamızı
sarı güllərdən də bir dəstə dərdik
əl-ələ verib düzəldik yola
uzun bir yolun başlanğıcından
başladı sevgi hekayəmiz .
Комментариев нет:
Отправить комментарий