Akif ABBASOV. Hekayə
Zaur bayaqdan qapının ağzını kəsdirib durmuşdu. Kollec direktorunun yanına keçmək istəyirdi. Gözətçi imkan vermirdi. Axıra bir təhər onu razı saldı. Ağlayıb-sıtqamış:
-Dolanışıq yoxdur, evdə uşaqlar acından mələşirlər, - demişdi.
Gözətçi başa salmışdı:
-Keç, amma sakitcə dayan, özü də soruşsa, mən səni görməmişəm.
Zaur onun dediklərinə əməl etdi, lakin gözləməli oldu. Girib-çıxan çox idi. Bu zaman bir nəfər qalstuklu ona yaxınlaşdı. Zaur: “İndi qolumdan tutub, atacaq çölə”, - deyə fikirləşdi.
Lakin onun gözlədiyinin əksinə olaraq həmin şəxs:
-Burada işləyirsən? – deyə soruşdu.
-Burada … işləyirəm.
-Hansı vəzifədə?
“Adam məktəbdə nə işləyər, əlbəttə, müəllim”, - deyə fikirləşən Zaur inamla dedi:
-Müəllim. Sənə nə lazımdır?
Həmin adam Zauru bir kənara çəkdi:
-Uşağın köçürmə məsələsi var. Başqa kollecdən bura. Direktorla aran necədir? Düzəldə bilərsən?
Zaurun gözlərinə işıq gəldi. Pul öz ayağı ilə ona sarı gəlmişdi. Aldadıb çıxacaqdı aradan. Odur ki, döşünə döyməyə başıladı:
-Direktorla qardaşam. Bir sözümü iki eləmir.
-Elə isə gəl danıçaq.
Zaur cəld nə alacağını götür-qoy edib qərara gəldi:
-Danışaq. Üç min manat verirsən, istədiyin ixtisasa dəyişirəm.
Həmin şəxsin də söhbətdən razı qaldığı məlum oldu:
-Etirazım yoxdur. Pulu nə zaman, harada çatdırım?
Zaur sevincək, ruh yüksəkliyi ilə:
-Sən pulu çatdırırsan, mən də işləri yoluna qoyuram, - dedi.
Müştəri də əlavə etdi:
-Görüşəndə uşağın hansı kollecdən hansı ixtisasa dəyişiləcəyini də deyərəm.
Danışdıqları kimi Nizami kinoteatrının yaninda görüşdülər. Rasim kimi özünü təqdim edən adam sənədləri Zaura göstərdi, sonra çıxarıb pulları saydı:
-Bu da 3 min manat.
Zaur pullari alıb yoluna düzəlmək istəyəndə iki nəfər onlara yaxınlaşdı. Zaurun qollarını burub, qandal keçirdilər. Zaur çırpınmağa başladı:
-Qolumu niyə burursunuz?”
Bu dəfə Rasim dilləndi, cibindən çıxardığı vəsiqəni ona göstərərək dedi:
-Orqandanıq. Sən fırıldaqçılıqda, dılıduzluqda ittiham olunur v. H.bsə alınırsınız...
Pulalr əlinə dəyəndə sevindiyindən özünü göyün yeddinci qatında hiss edən Zaur indi canını qoymağa yer tapmırdı.
Onu apardılar. Sənədlərinə baxıb adını, soyadını, atasının adını, ünvanını yazdılar. Kollecdə baş alib gedən rüşvətxorluq barədə hesabat hazırlanacaq, direktor, müavinlər, müəllimlər məhşər ayağına çəkiləcəkdi. Kollecə zəng etdilər. Oradan xəbər gəldi ki, həmin adda, nəm-nişanda adam tanımırlar, kollecdə belə bir adam nəinki müəllim, heç texniki işçi də işləmir.
Lap təəccüb qalınası iş idi. Zauru gətirdilər. O, həbs olunan şəxs təsiri bağışlamırdı. Pərt olmuş Rasim söz atdı:
-Elə bil kurorta gəlmisən, tutulmağın heş vecinə deyil.
-Düz deyirsən, qadan alım. Acından günortalar dururdum. Sağ olsunlar yatmağa yerim yox idi, yer veriblər, gündə üç dəfə yeməyimi verirlər...
Rasim hiddətlə:
-Sən kollecin müəllimi deyilsən?
Zauru gülmək tutdu:
-Nəçənnik, mən hara, müəllimlik hara? Özü də kollec müəllimi. Mən vur-tut üç sinif bitirmişəm.
Bu dəfə başqa polis işçisi dilləndi:
-Bəs kollecdə nə sülənirdin?
-Getmişdim ki, yalvarıb-yaxarıb kollecin direktorundan 3-5 manat alım...
Hamı bir-birinin üzünə baxdı. Rasim aciqla:
-Gicbəsər, gül kimi əməliyyatı pozdun, - dedi və sonra göstəriş verdi. –Bunu azad edin, çıxıb getsin. Havayı yeməyə yer axtaran avaranın birisiymiş...
Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,
Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Комментариев нет:
Отправить комментарий