06.09.2011

Sevgilərinin daşa çırpıldığını bilən qadına

Oktay Hacımusalı


çətindi gözlərindəki istək selinin
qarşısında dayanmaq
çətindi ağzından çıxan
hər sözdəki mənanı duymamaq
çətindi dözmək
çətindi hisslərimin tüğyanında
yoxluğunla ovunmaq
mən balaca bir körpəyəm onsuz da
al dizlərinə
sıx köksünə
uyut məni

sənə qədər çox qadınlar oldu həyatımda
çoxuna gözəl olduğunu pıçıldadım
saxta bir şəhvətlə
səhər oyananda
yanımda mələfəyə bürünən o balaca qızcığazın
bədənindən yayılan ətirdən ağlımı itirdim
amma keçdi getdi
bir gün sənə rastladım
səhər o balaca qızcığazı yola verdim
qoydum qapının ağzına
go out
game over
idi na svoyu xatu
çıx get evinə
qapını bağladım
bir müddət qulaq asdım
yalvarışına
olmalı idi
alınmırdı
getdi də getdi
indi sən varsan
və gəlmisən
ehtiyac hiss edirəm
isti bir nəvazişə
bezmişəm hər şeydən
nolar ovut məni

söz səndən sonra olmayacaq sağa sola boylanmağım
söz səndən sonra olmayacaq kiməsə şeir yazmağım
bitəcək hər şey
tək sən olacaqsan
nə qədər davam edəcəksə edəcək
bu münasibət
onu düşünəcək halda deyiləm indi
sən xoşbəxt deyilsən
mən də inan ki
yıxılıram
huşumu itirəcəyəm bir azdan
sözlər gəlməyəcək ard arda
boğulacağam
tut məni
tut məni

****

səhər səhər yuxudan oyan
yoz yuxularını
adımı çəkmə
bir X qoy yerinə
yasaq sevgilərin adını
xatırlamaq belə alınmır bizdə

alınmır bizdə
cadar cadar torpaqlara                                                                                      
su kimi axmaq
onu cənnətə çevirmək
alınmır axı
niyə məcbur edirsən

sən bir körpə səsinə oyanırsan hər səhər
mənsə saxtakar eşq şərqilərinə
qaytar özünün və mənim olmayan
xəyalları geriyə
tez bağlanıram
an söhbətidir bəlkə də
bütün əngəlləri yıxıb dağıdıb gəlmək
yanına bir xumar gecədə

hələlik macəradır
oyun kimi baxırıq indi hər şeyə
sən belə elə
səhər səhər oyan yuxudan
və yoz yuxularını
amma adımı
adımı çəkmə

eşidib bilən nə deyər

****

nə zaman yadıma düşsən
uzağı iki saniyə sonra
telefonumun ekranında
adın görünür
güləc səsin yayılır ruhuma
gizlədirsən özünü
şənsən öz aləmində
nə qədər asandır səncə
gülümsəmək
üstünə gələn bomboz divarlara

nə zaman yadıma düşsən
səbrsizlənər qaranlıq gecələr
günəşi səsləməkçün
adının sarayında
mələklər rəqs edər
bir sezən aksu havasına
adı bende saklı

nə zaman yadıma düşsən
başıboş cümlələr yol alar dəftərlərinə
mən göndərərəm
onları sənə
mən
öz ruzumdan kəsib
sənsə hər şeydən xəbərsiz
həyəcanla deyərsən
bu gecə nəsə yazmışam
bir təbəssüm gəlib donar dodaqlarımda

müqəddəs məryəm kimi məsum cümlələr
gəlib keçər gözlərimin önündən
nə zaman yadıma düşsən

****

bu sənsən
addım addım yaxınlaşırsan xoşbəxtliyə
bircə gediş
və sonra
qələbəsi ağların

bu mənəm
kəlləmayallaq sevgilərdə
özümə yer gəzirəm
qəfil fallardan sən çıxırsan
gülürsən üzümə
bir kartda hər şeydən xəbərsiz

qəribədi hər şey
sənin ağsaçlı halın gəlir gözümün qabağına
bu sənsən
keçən illərə rəğmən
xoşbəxt olduğunu pıçıldayan
ayrılıq anında qulağıma

çarəsizlikdən başlayır bütün sevdalar
yum gözlərini
və sonra
diqqətlə bax
bu mənəm
yaşadığım macəralardan yorulub
yanına gəlmişəm

****

evdə yoxdular
bu evdə heç kim qarşılamaz indən belə səni
bomboş otaqlar
sahiblərindən sonra nə danışırlarsa
onları eşidərsən sınıq pəncərələrdən

evdə yoxdular
bu evdə heç kim qarşılamaz indən belə səni
qonşu evin darvazasında yekə qıfıl yox
qapının ağzında kiminsə ayağından düşüb qalan
ayaqqabının bir tayı

evdə yoxdular
bu evdə heç kim qarşılamaz indən belə səni
eşidilməz indən belə
tap tup təzə ayaq açan körpələrin dar dar yerimələri
tak tak ağsaqqalların əsasını yerə döyəcləmələri
şak şak ağızlarda oynayan protezlər
şən şən cavanların kağızlara yazdığı sevgi cümlələri

evdə yoxdular
bu evdə heç kim qarşılamaz indən belə səni
acımasız davranar bütün əşyalar
babanın müştüyünə toxunanda ruhun qanayar
küskünlük yağar nənənin ərişindən
divardan asılan paslı tüfəng
can atar son sözünə sarı

evdə yoxdular
evdə yoxdu
ev yoxdu

****

əllərini çək üzümdən
yanaqlarımdan üzüaşağı axıb gedən
göz yaşlarımı silməsin
barmaqların
barmaqların
o lənətə gəlmiş barmaqların
saçlarımı qarışdırmasın
darıxmasın mənimçün

əllərimi çək üzündən
qoy dodaqların əbədi həsrət qalsın
barmaqlarıma
barmaqlarıma
o lənətə gəlmiş barmaqlarıma
qırılası
və bir daha adını
hansısa kağıza yaza bilməyəcək
durmadan səni inadından vaz keçirmək
könlünü ala bilmək üçün
bir araya gəlib gözlərini qapayacaq
barmaqlarıma

əllərimizi çəkək üzümüzdən
hər şeyi onların ümidinə buraxaq
barmaqlarımızın
barmaqlarımızın
lənətə gəlmiş barmaqlarımızın

****

hələ rastına çıxmamış
gəl vaz keç məndən
nolsun e nolsun
məni tərifləyiblər yanında
bir iki saytda şeirlərimi oxumusan
sonra hansısa bir tədbirdə görmüsən məni
(əli və ninoda olar da yəqin)
mən də axmaq kimi dilboğaza qoymamışam
atanı görmüsən bir az məndə
bir az da yaşamadığın uşaqlığını
qızım məncə unuda bilərsən axı
hələ rastına çıxmamış
gəl vaz keç məndən

yuxuna haram qataram a haram
unudarsan hər şeyi
saaatlarla güzgünün qabağında bəzənməyi tərgidərsən
sonra gözlərini yığa bilməzsən yollardan
məni gözləyərsən
mənim istəklərim ağır gələr
əzilərsən altında
ilk başda sevgi gözünü örtdüyündən
nə desəm həyatının qanununa çevrilər
amma sonra
sonra
əzablar kor bataqlıqlar kimi çəkər içinə
ayılıb görərsən ki batıb gedirsən
əlacsızam da
neynim əlacsız
deyərsən telefonda rəfiqənə
oktaya öyrəşmişəm
onsuz dəli olaram
yalandı
adının bir parçası haqqı yalandı
adam böyüyün sözünə qulaq asar
quzum
hələ rastına çıxmamış
gəl vaz keç məndən

****

getdin dəyişdin gəldin hər dəfə
avtobuslar gələndə nələr çəkdiyimi
bilməzsən yəqin
oyun kimi gəlsə də sənə
mən hər an bir az da qocaldığımı hiss edir
və bir az da ölürdüm

yadlaşırsan get gedə hər şeyə
məni tanımayacaqsan növbəti gəlişlərinin birində
deyəcəksən bu kimdi
hardansa tanış gələcək simam sənə
yaddaşının hansısa küncündə ilişib qalan nəsə
tərpənəcək xırda xırda
və mən gələcəyəm gözlərinin önünə
sən hardan gəldiyimi belə hiss etməyəcəksən

yuxun gəldiyini və yatdığını bəhanə edəcəksən
niyə hansısa mesajıma cavab yazmadığını soruşanda
utanacağam mən
özümdən
ətrafda gördüyüm insanlardan
fərqli olmağı arzulamışdım
hər şeyin tamamən fərqli olmasını
amma biz buyuq da
lənət şeytana biz buyuq
biz buyuq
və kimlərinsə buyruq quluyuq

getdin dəyişdin gəldin hər dəfə
düzələr və yoluna girər dedim
olmadı
sənin üçün uzandı saçlarım
nəsə qalmışdı xatirələrimdə səndən
qalmışdı xatirələrimdə nəsə
nəsə
görən nə

****

artıq
bundan açıq
heç kim heç nə deməz sənə
deməz ki əllərin buz kimidi
deməz ki üşüyürəm

üzünə baxmaz
heç kim bundan belə
və deməz ki
sən nəyimsən mənim

intihara cəhdləri görüb
yalvarmaz ki şeir yazma
nolar bir dəfə də mən deyənə qulaq as
yazma da bu şeiri
gəl daşını at
əl çək yalanlarından
özün olmağa çalış

artıq
bundan açıq
gözlərinin çuxura düşdüyünü
sevgilərin yalan olduğunu
heç kim deməz sənə
günahını vurmaz üzünə
deməz ki harda idin
niyə yadına düşmürdüm

sən də unudarsan hər şeyi
ya da belə deyək
unutmağa çalışarsan
qəflətən bir nəm salfeti açanda
onun iyi dolar burnuna
inşaatçılarda şok endirimlərlə
nəm salfet satan ramini söyərsən
ürəyində

****

mən güclüyəm hamıdan
bu yalanı kim uydurub
başıva dönüm cəlil
kim deyib dişimlə
dodağımı sıxıb
yalandan gülümsəməliyəm
insanların üzünə

dərdini mənimlə bölüş
onsuz da hamı mənə danışır yuxusunu
səhər tezdən
qurdla quzu bir yerdə otlayanda
yusuf peyğəmbər xeyrə calasın deyib
dərdini mənimlə bölüş
mən güclüyəm hamıdan
mən güclüyəm

****

ilahi o gün nə ilə qatacağam başımı görəsən
kimi çağıracağam köməyə
dolan buludlardan fərqim olmayacaq yəqin
bütün gözəl xatirələr gəlib dayanacaq gözlərimin səkisində
onu unutmağa bir bəhanəm olmayacaq
bir bəhanə gəzəcəyəm səhər günorta axşam
tərs kimi havada buludlar ağlayacaq həmin gün
neynim e sənsiz olmur
və inan olmayacaq

başa düşürəm günahdır artıq adını anmaq
bir addımlığında ikən hər şeyin
yıxıb paramparça edib
bilməm hansı cəhənnəmə gedib
aaaa bağışla sən allah bağışla
ağzımdan çıxdı
yaxşı görək də
fikir vermə
görmürsən necəyəm
nəyi deyirdim
həəəəəəə
bir addımlığında ikən hər şeyin
yıxıb paramparça edib
bir iqnor düyməsi ilə
alt alt üst üst
buraxıb getdin
yaşananları

hazırlıq başlayıb
neçə vaxtdır
şəhərin küçələrində
hər gün səhər tezdən
gerisayım təkrar olunur
evdən çıxanda
o gün bayram tədbirlərinə
qaçacaq insanlar
hamı sevinəcək
deyib güləcək
bir bəhanə olacaq
üzlərindəki kədəri atacaq
insanlar 

evdən çıxmaram həmin günü
açıb günə verərəm bütün gözəl anları
tozunu alaram bekarçılıqdan sənli xatirələrin
kiməsə yalandan görüş vəd etməkdir
ən yaxşısı
dayan dayan
lənət şeytaana
necə yadımdan çıxıb
həmin gün toya dəvət edib dostum
o toya da səninlə getmək istəyirdim
olsunnnnnnn
getmərəm

bəlkə sizinlə bir müsahibə eləyək
yox qalsın başqa vaxta da olar
əlbəttə olar
yaxşı danışarıq
uşaqları konsertə aparmalıyam
.................................................
duuuuuuuuuuuuuuuuuud

Комментариев нет:

Отправить комментарий